30 Sentyabr 2023 23:31
481
SİYASƏT

Aqiyə Naxçıvanlı: “Dövlətimiz tərəfindən Zəngilanın mövcud potensillarının reallaşdırlıması istiqamətində məqsədyönlü tədbirlər görülür”

“Azərbaycanın işğaldan azad olunmuş şəhərləri bu gün artıq mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edirlər. Ötən il Ağdamda keçirilmiş 1-ci, bu il, sentyabrın 29-da isə Zəngilanda öz işinə başlamış 2-ci Azərbaycan Milli Şəhərsalma Forumu da bunun növbəti əyanı təsdiqidir. Forumda 53 ölkədən 200-ə yaxın xarici qonağın və ümumilikdə 400 iştirakçının olması tədbirin əhəmiyyətini göstərir. Bütün Qarabağ və Şərqi Zəngəzur kimi yenidən qurulan Zəngilan öz qonaqlarını yeni inşa edilmiş Konqres Mərkəzində qəbul edib. Qeyd etmək lazımdır ki, azad olunmuş ərazilərdən məhz Zəngilana ilk olaraq keçmiş məcburi köçkünlər evlərinə, dədə-baba yurdlarına qayıdıblar. Böyük Qayıdış proqramının icrası prosesi bir daha göstərir ki, Azərbaycan xalqı öz köklərinə, yurd-yuvalarına qırılmaz tellərlə bağlıdır. Ermənistan 30 il ərzində bu insanları doğma torpaqlarına qayıtmaq imkanından məhrum etmişdi. Lakin üç il bundan əvvəl Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bu ədalətsizliyə son qoydu.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Həmçinin deputat Zəngilanın turizm potensialının reallaşması məqsədilə Azərbaycan dövlətinin gördüyü tədbirlərin əhəmiyyətindən bəhs edərək bunları deyib: “2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxış edən Ölkə Prezidenti cənab İlham Əliyev bir çox vacib məsələlər barədə, o cümlədən işğaldan azad edilmiş ərazilərin və konkret olaraq Zəngilanın inkişaf perspektivləri ilə bağlı həm beynəlxalq ictimaiyyətin nümayəndələrinə, həm də yerli ictimaiyyətə önəmli açıqlamalar təqdim etdi. İlk növbədə qeyd olundu ki, Zəngilanın coğrafi mövqeyi bu bölgəni mühüm nəqliyyat qovşağı edir. Əlbəttə ki, Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafına çox böyük töhfə olmuşdur. Hava limanı insanların asan çıxışını təmin etməklə yanaşı, həm də gələcəkdə xarici turizmin inkişafını stimullaşdıracaq. Zəngilanın malik olduğu unikal ekosistem – buranın meşələri, çayları, gölləri bölgənin çox böyük turizm potensialından xəbər verir. Dövlətimiz də bu potensialın reallaşdırılması üçün bütün addımları atır. Digər tərəfdən isə, bu gün Zəngilan rayonu ərazisində hələ sovet dövründə mövcud olan dəmir yolu xəttləri bərpa olunur. Təsəvvür etmək belə çətindir ki, işğal dövründə erməni vandalları hətta dəmir yollarını belə söküb aparıblar. Hazırda Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək layihənin mühüm hissəsi olan Horadiz-Zəngilan dəmir yolunun inşası sürətlə həyata keçirilir və tezliklə başa çatdırılacaq. Məlum olduğu kimi, Naxçıvandan həmin dəmir yolu İran və Türkiyəyə keçəcək və nəhayət Avropaya çatacaq. Dövlətimizin başçısı tezliklə biz bu layihənin istifadəyə veriləcəyini bir daha anonslamaqla Ermənistanın öz öhdəliklərinə əməl etməkdən başqa heç bir yolunun olmadığı mesajını verdi.”

Daha sonra A.Naxçıvanlı Prezident İlham Əliyevin çıxışında regionda baş verən son hadisələrə dair təqdim olunan açıqlamaların müstəsna əhəmiyyətini vurğulayaraq bunları deyib: “Həqiqətən də Ermənistanın son 30 il ərzində Azərbaycana qarşı davamlı olaraq həyata keçirdiyi düşmənçilik siyasətinin acı nəticələri, xalqımıza yaşadılan faciələr ölçüyəgəlməz bir həddədir. Cənab Prezident İlham Əliyevin öz çıxışında vurğuladığı kimi, ermənilər bizə qarşı bütün bu illər ərzində etnik təmizləmə, işğal və ərazilərimizin məhvi siyasətini həyata keçiriblər. Bir milyondan çox azərbaycanlı evlərindən didərgin salınıb. Onların 200 mindən çoxu hazırkı Ermənistan ərazisindən, öz tarixi yaşayış yerlərindən, dədə-baba yurdlarından deportasiya olunub. Bizim şəhərlərimiz, kəndlərimiz darmadağın edilib, viran qoyulub. Otuz il ərzində təbii sərvətlərimiz talan edilib, mədəni-tarixi, dini abidələrimiz dağıdılıb. 1992-ci ildən 2020-ci ilə qədər aparılan bütün danışıqların heç bir mənası olmadı. BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü, üç nüvə ölkəsi keçmiş Minsk qrupunun həmsədrləri kimi münaqişənin dinc yolla həllinə nail olmadılar. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi 27 il kağız üzərində qaldı. Bu ona görə baş verirdi ki, ermənipərəst qüvvələrin təsiri altında olan həmin beynəlxalq qurumlar münaqişəni həll etməyə yox, onu dondurmağa çalışırdılar. Ermənilər isə, bizim torpaqlarda qanunsuz məskunlaşma aparırdılar. Qeyd olunan bütün bu səbəblər Vətən müharibəsini qaçılmaz etdi və Azərbaycan bu müharibəni 44 gün ərzində şərəflə, ədalətlə apararaq tarixi Zəfər qazandı, öz ərazi bütövlüyünü özü təmin etdi. Əlbəttə ki, bundan sonra Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün hətta yenə də şans var idi. Lakin rəsmi İrəvan bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir, digər tərəfdən isə sentyabrın 2-də Ermənistanın rəhbəri qondarma rejimin rəhbərinə onun müstəqilliyi ilə bağlı təbrik məktubu göndərir. Bu əlbəttə ki, Ermənistanın ölkəmizə qarşı yeni ərazi iddialarından başqa bir şey deyildi. Sentyabrın 9-da isə qondarma “Dağlıq Qarabağ rejimi”nin “prezidenti” seçildi və o da öz çıxışında qeyd etdi ki, biz status uğrunda mübarizə aparacağıq. Təbii ki, Azərbaycan bütün bunlara reaksiya verməli idi. Sentyabrın 19-da başlanan antiterror tədbiri 24 saatdan az müddətdə həyata keçirildi və 20 sentyabrda Azərbaycan öz suverenliyini tam bərpa etdi. Əlbəttə ki, Qarabağın erməni əhalisinin hüquqları da dövlətimiz tərəfindən təmin ediləcək və bu, Azərbaycanın iştirakçısı olduğu bütün konvensiyalara, ölkə konstitusiyasına və beynəlxalq öhdəliklərimizə uyğun həyata keçiriləcək. Bundan sonra Azərbaycan sülh istəyir. Əgər Ermənistan da bütün baş verənlərdən düzgün nəticə
çıxarıb konstruktiv addımlar atarsa, Cənubi Qafqaz tezliklə dünyanın ən dinamik inkişaf edən bölgələrindən birinə çevrilə bilər” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.