adalet.az header logo
  • Bakı -°C
19 Dekabr 2025 10:40
95
GÜNDƏM
A- A+

AQTA saxta spirtli içkilərlə bağlı istehlakçılara xəbərdarlıq edir

Bayram günlərində spirtli içkilərin kütləvi istehlakını nəzərə alaraq, Qida Təhlükəsizliyi Agentliyi istehlakçıları diqqətli olmağa çağırır.

Azərbaycan Qida Təhlükəsizliyi üzrə Dövlət Agentliyindən Adalet.az-a verilən məlumata görə, qanunsuz yollarla saxta spirtli içki hazırlayıb insanların sağlamlığı və həyatı bahasına qazanc əldə etməyə çalışan “işbazlar”ın qanunsuz fəaliyyətlərinin qarşısının alınması istiqamətində Agentlik və hüquq-mühafizə orqanları tərəfindən mütəmadi qaydada yoxlama-nəzarət tədbirləri keçirilir və aşkar olunan qanunazidd hallarla bağlı ən sərt tədbirlər görülür.

Adətən, dələduzlar bu cür qanunsuz fəaliyyətlə gizli və qapalı məkanlarda məşğul olduğundan onların aşkarlanması və ifşa olunmasında vətəndaşların dəstəyi və bu istiqamətdə ictimai nəzarət mühüm əhəmiyyət kəsb edir. 

Qeyd edək ki, kustar üsullarla saxta spirtli içkilərin hazırlanmasında metil (metanol) spirtindən istifadə edilir. Zəhərlənməyə səbəb olan metil texniki və sənaye spirtidir, onun qida kimi istifadə edilməsi yolverilməzdir. Metil spirtinin az miqdarda qəbulu belə, orqanizmdə çox ciddi fəsadlara səbəb olur.

Qida üçün nəzərdə tutulmayan təhlükəli maddələrin spirtli içki məhsullarının hazırlanmasında istifadəsi qəti şəkildə yolverilməzdir. Həmçinin vətəndaşların həyat və sağlamlığına qəsd törətdiyi üçün cinayət məsuliyyəti yaradır. 

İstehlakçıların bu məsələdə diqqətli olmaları tövsiyə olunur. Belə qanunsuz hallarla rastlaşdıqda aidiyyəti dövlət orqanlarına, o cümlədən Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur. İctimai iaşə, satış və digər məkanlardan qida məhsulları alarkən məhsulun qablaşdırmasına, etiket məlumatlarına diqqət yetirsinlər, qida təhlükəsizliyi ilə bağlı müvafiq sənədləri tələb etsinlər.