Aramın arzusu - İlqar Rəsuldan HEKAYƏ  

İLQAR RƏSUL
5251 | 2023-01-25 11:30

Ermənistan ordusu növbəti yüksəkliyi əlində saxlaya bilməyib, top-tüfəngini postlarda buraxaraq üzbəüz dağın arxasına çəkilmişdi. Bir az əvvəl səngimiş ağır döyüşdə ölən ölmüş, qalan qaçıb canını qurtarmışdı. Yalnız bir nəfərdən başqa. Kim idisə, qayaların arası ilə uzanıb gedən cığırın başındakı postda qalıb hələ də müqavimət göstərirdi. O tərəfə yönələn hənirti duyan kimi dayanmadan yaylım atəşi açır, Azərbaycan əsgərlərinin irəliləməsinə əngəl olurdu. Mayor kiçik qrupla bu qayalıqda qalmışdı ki, müqavimət göstərəni tezliklə zərərsizləşdirsin, sonra gedib dayanmadan irəliləyən tabora qoşulsın.

Döyüş, yarım saata yaxın idi ki, fasilələrlə davam edirdi. Atışma qızışır, səngiyir, yenə atəş səsi, barıt qoxusu, qumbara toz-dumanı bir-birinə qarışırdı. Arada yaranan sakitlikdə mayor ucadan qarşı posta səslənir, ipə-sapa yatmayıb dirəniş göstərəni təslim olmağa çağırırdı:

– Müqavimət göstərməyin mənası yoxdur, əsgər! Bu ərazidə döyüşü uduzmusunuz. Bilirəm, bir nəfərsən, bəlkə, hələ yaralanmısan da. Çıx, təslim ol. Müharibə sənin üçün artıq bitib, bundan sonra ölməyə dəyməz!

Qayalıqdan heç bir hərəkət duyulmurdu. Əsgərlər qalxıb irəli getmək istəyəndə yenə atəş açılırdı. Mayor sonuncu dəfə xəbərdarlıq etdiyini bildirdi:

– Səni sığındığın divarlarla birgə məhv etmək bizim üçün çətin deyil, sadəcə istəmirəm, bu qədər dirənişdən sonra həlak olasan. Buralar sizin əsgərlərin meyitləri ilə doludur. Bəlkə, aralarında sənin məktəb yoldaşın, ya da uşaqlıq dostun da var. İnad etmə, çıx, barı sən sağ-salamat qayıt evinizə. Razı olma, sənin də anan bu zavallılarınkı kimi ağlar qalsın. Bu, sonuncu xəbərdarlıqdır.

Qayalıqdan tərpəniş olmadı. Nə bir səs, nə hənirti eşidildi. “Bəlkə, rus dilini bilmir, ya ölüb”, – çavuş bir az aralıdan, sığındığı qayanın arxasından mayora pıçıldadı. “Yox, sağdır, – mayor dəbilqəsini dizinin üstündə tutub dəsmalla alnının tərini silə-silə cavab verdi, – o, atəşi bizdən sonra dayandırır hər dəfə. Bu dəfə də elə oldu. Rus dilini də bilir, yəqin ki. Hər halda “təslim ol” sözünü bilməmiş deyil. Demək ki, fürsət gözləyir, irəli getsək, atacaq”.

Atəş açılan postun arxası nəhəng qaya, bir yanı uçurum idi deyə ətrafdan gedib mühasirəyə almaq mümkün deyildi. Oraya ancaq üzbəüzdən yaxınlaşmaq olardı. Ona da inadkar imkan vermirdi. Mayor bir qədər də gözlədi, narazılıqla başını yırğaladı, “Günah məndən getdi”, – deyib əsgərlərə postu dağıtmağı əmr elədi. Bayaqdan bunu gözləyən əsgərlər pulemyot və avtomatlarla eyni vaxtda əl qumbaralarından, qumbaraatandan da istifadə edib postun altını üstünə çevirdilər. Üzbəüzdən verilən cavab çox davam gətirə bilmədi. Fasiləsiz açılan yaylım atəşi səngidi, tək-tək, pərakəndə güllə atışına çevrildi, dayandı. Üzü bəri bir-iki qumbara da atıldı, müqavimət kəsildi. Mayor qarşıdan cavab verilmədiyini görəndə atəşi dayandırmağı əmr etdi. Toz-dumanın yatması, tüstünün çəkilməsi üçün bir qədər gözləməli oldular. Bu arada çavuş fürsətdən istifadə edib postun altına qədər irəliləmişdi. Ətraf gözlə görünən hala qayıdanda mayor uzaqdan çavuşa işarə elədi ki, qalxıb postu yoxlasın. Çavuş sığındığı iri beton blokun arxasından çıxıb ehtiyatla diki dırmaşdı. Barmağı avtomatın tətiyində, yuxarıdan aşağı – üstü, yan-yörəsi dağılmış blindajın içinə baxdı. Toz-torpağa bulaşmış yaralı bir əsgər yerə oturub kürəyini divara söykəmişdi. Qana bulaşmış başı sinəsinə əyilmişdi deyə üzü görünmürdü, sağ əlində qumbara var idi. Ovcunda bərk-bərk sıxmasından anlaşılırdı ki, qumbaranın halqasını çəkib artıq, barmaqlarını azacıq boşaltsa, partlayacaq. Çavuş ehtiyatla aşağı enib, ona yaxınlaşdı, taqəti qalmadığını, güclə nəfəs aldığını duydu, yanına oturub əlini ehmallıca qumbara tutan əlinin üzərinə qoydu, rusca: "Lazım deyil, – dedi, – sən onsuz da qəhrəmansan, dur gedək..."

Mayor və əsgərlər sığındıqları yerlərdən çıxıb intizarla çavuşun qayıtmasını gözləyirdilər. Komandir gözlərini ərazidəki sonuncu erməni postundan çəkmədən alnının tərini silir, səssizlik uzandıqca hövsələdən çıxırdı. Qəfil partlayış səsi eşidildi. Hamı diksinib silahların lüləsini az qala yerlə bir olmuş posta sarı yönəltdi. Bu vaxt çavuşun üz-gözü qandan, üst-başı toz-torpaqdan tanınmaz hala düşmüş yaralı bir əsgərlə bərabər səngərdən dikəldiyini gördülər. Yaralı ayaq üstdə güclə dayanırdı. Çavuş bir əli ilə onun qolunu çiynindən aşırdıb biləyindən tutmuş, o biri əli ilə belindən yapışmışdı ki, yıxılmasın. Mayorun əmri ilə əsgərlər gedib yaralının qayalıqdan aşağı endirilməsinə kömək etdilər. Yola düşürdüb maşına qoydular. Oradan rayona, sonra da helikopterlə Bakıya götürüldü əsir...

Müharibə qurtaranı iki ay olmuşdu. Mayor hərdən Bakıda Müdafiə Nazirliyinin Hərbi Hospitalına baş çəkir, yaralı əsirlə görüşür, müalicəsinin necə getdiyi ilə maraqlanırdı. Bu arada əsgərin adının Aram olduğunu öyrənmişdi. Bilirdi ki, tezliklə iyirmi beş yaşı tamam olacaq. Yerevanda, müəllim ailəsində doğulub, ali təhsilli mühəndisdir, universitetin üçüncü kursunda oxuyarkən tələbə yoldaşı olan xanımla evlənib. Bir qızı olub. Qızının iki yaşı olanda Aram əsgər gedib. Bir ildən sonra – hərbi xidməti başa vurmaq ərəfəsində Qarabağda vəziyyət gərginləşib, onları döyüş bölgəsinə gətiriblər. İndi qızının üç yaşı var.

Aram artıq yaxşılaşmışdı. Yaraları tam sağalmasa da, sərbəst hərəkət edə bilirdi. Mayor ziyarətinə gələndə qısa müddətə də olsa, onunla aşağı düşüb hospitalın həyətindəki qocaman şam ağaclarının altında gəzinir, söhbətləşir, arada dolmanın hansı xalqa məxsus olduğunu zarafatla çək-çevir edib gülürdü də. Ciddi söhbətlərində Aram demişdi ki, əsgərliyinin ilk illlərindən içində hərbi akademiya bitirib general olmaq, Böyük Ermənistan uğrunda savaşmaq arzusu yaranıb. Amma indi əsas arzusu qızının xoşbəxt və müharibəsiz dünyada böyüməsidir. Sonuncu gəlişində mayor Arama xoş xəbər vermişdi. Demişdi, Bakı ilə Yerevan arasında hərbi əsirlərin dəyişdirilməsinə dair növbəti razılıq əldə olunub. Tezliklə o da bir qrup əsirlə Yerevana yola salınacaq...

Bakıdan Yerevana uçacaq təyyarə sonuncu sərnişinini gözləyirdi. Aram pilləkənin ayağında dayanıb onu yola salmağa gələn mayorla vidalaşırdı. Qısa söhbətdən sonra mayor dedi:

– Aram, bizə qalsa, sizinkilərə sənin necə bir qəhrəman olduğunu deyərdik. Amma olmaz, elə bilərlər, arada hansısa məkrli niyyət var, qaş düzəltdiyimiz yerdə göz çıxararıq. Ancaq biz desək də, deməsək də, sən onsuz da öz millətinin qəhrəmanısan. Təəssüf ki, özgə torpaqlarının işğalı uğrunda döyüşən qəhrəmanı... – mayor susub sözünə bir az ara verdi. Tərəddüd edirmiş kimi görkəmi var idi, ancaq Aramı çox gözlətmədi. Gözlərinin içinə baxıb danışmağa başladı, – Bilirsən, Aram, biz burada sizinkilərə pis baxmırıq, təmiz geyindiririk, yaxşı yedirdirik, yaralarını sağaldıb yollayırıq o tərəfə. Özün də şahidsən buna. Amma sizinkilər gedib televizorda çıxış edərək dünyaya deyirlər ki, guya biz onlarla vəhşi kimi rəftar etmişik, işgəncə vermişik. Özü də, burada hələ yetərincə yoldaşları əsir qaldığı halda bunu edirlər, – mayor yenə sözünə ara verdi, dərindən köks ötürüb sifətində güclə seziləcək bir təbəssümlə dedi, – Olsun, desinlər. Mən indi onların etdikləri, dedikləri barədə danışmaq fikrində deyiləm. Biz onsuz da öz vəzifəmizi vicdanla yerinə yetiririk və Yerevanda oxunan belə nəğmələr buradakı erməni əsirlərinin taleyinə hər hansı mənfi təsir göstərəsi deyil. Mənim sözüm sənədir, əsgər. Bayaq dediyim kimi, sən, doğrudan, bir qəhrəmansan. Sənə buradan gedəndən sonra o cür hərəkət etmək yaraşmaz. Əlbəttə, özün bilən məsləhətdir. Amma unutma, biz burada səni sındırmadıq, şərəfinə toxunmadıq. Çalış, onlar da sındırmasınlar.

Mayor qəfil nəsə xatırlayıbmış kimi əlini gödəkçəsinin qoltuq cibinə saldı, balaca bir qutu çıxartdı, Arama verib gülümsündü:

– Gəlincikdir, qızına apararsan. O, hələ körpədir, müharibə, əsirlik nədir, bilmir. Bəlkə də, evdə ona deyiblər, atan səfərə gedib. Uşaqlar həmişə səfərdən qayıdan atalarının əlinə-ovcuna baxarlar hədiyyə gətiribmi deyə.

Sözünü bitirib başı ilə təyyarəyə işarə edərək Aramın getməsini istədi mayor. Aram sakitcə qutunu cibinə qoydu, əl tutub görüşdü, hər şey üçün mayora təşəkkür edib piləkənlərə sarı çevrilərək yuxarı qalxdı. Təyyarənin qapısında bir anlıq dayandı. Çevrilib ətrafa – hava limanına baxdı, baxdı, Bakıya əsgər salamı verib içəri keçdi...

Aramın getməyindən bir həftə keçirdi. Axşam idi. Mayor evində oturub siqaret çəkə-çəkə televizora baxırdı. Gözləri yaşarmışdı. Əsirlikdən yenicə Yerevana qayıtmış əsgər televizorda azərbaycanlıları “barbar” adlandırırdı. Deyirdi ki, azərbaycanlılar vəhşidirlər, onlar əsirləri günlərlə ac saxlayırlar, yaralarına baxmır, ağrıkəsici iynələr vurmur, hospitalda belə addımbaşı söyür, təhqir edir, alçaldırlar...

Danışan Aram idi. O ağlayırdı...

 

Bakı – noyabr, 2022

 

TƏQVİM / ARXİV