adalet.az header logo
  • Bakı -°C
25 Noyabr 2026 13:03
37
GÜNDƏM
A- A+

“ASAN xidmət”in Pakistanda tətbiqi genişləndirilir

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikası Hökumətinin dəvəti əsasında İslamabad şəhərində səfərdə olub.

Adalet.az xəbər verir ki, bu barədə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi məlumat yayıb.

Səfər çərçivəsində Pakistanın Baş naziri  Məhəmməd Şahbaz Şərif nümayəndə heyətini qəbul edib və “Pakistan ASAN xidmət” mərkəzinin genişləndirilməsi ilə bağlı Hökumətin iclasını keçirib.

Görüş zamanı İslamabad şəhərində “Pakistan ASAN xidmət” mərkəzinin yaradılmasında və fəaliyyətinin uğurla təşkilində göstərilən davamlı dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür ifadə olunub.

Baş nazir mərkəzi mühüm təşəbbüs və əhaliyə xidmət göstərən böyük ictimai xidmət müəssisəsi kimi qiymətləndirib. Bu fəaliyyətin dövlət xidmətlərinin vahid məkanda təqdim olunmasında əsaslı dönüş yaradacağı vurğulanıb.

Pakistanda “ASAN xidmət” mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi və ölkə üzrə genişləndirilməsi, eləcə də Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən aparılmış auditin nəticələri müzakirə olunub. Baş nazir audit hesabatında əks olunan təkmilləşdirmə istiqamətlərinin prioritet qaydada icrası ilə bağlı tapşırıqlar verib.

O, Azərbaycanın təcrübəsinə uyğun olaraq birbaşa ona tabe olan səlahiyyətli qurumun yaradılması ilə bağlı tapşırıq verib. Həmçinin “Pakistan ASAN xidmət” modelinin bölgələrdə tətbiqi və xidmət şəbəkəsinin genişləndirilməsi üçün əyalət hökumətləri ilə əməkdaşlığın gücləndirilməsi tapşırılıb.

Dövlət Agentliyinin sədri ilə Pakistanın informasiya texnologiyaları və telekommunikasiya üzrə federal naziri arasında görüş də keçirilib. Tərəflər “Pakistan ASAN xidmət” modelinin genişləndirilməsi və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində müzakirələr aparıblar.