Avey dağ Mağaraları
Azərbaycan ərazisi təbiətinə görə çox zəngin və gözəl iqlimə malik olduğu üzün burada hələ çox qədim zamanlarda insanlar məskən salmışlar. Tarixə nəzər salsaq görərik ki, Azərbaycan təkcə öz iqtisadiyyatı ilə deyil, həm də mədəniyyət sahəsindəki nailiyyətləri ilə dünyada tanınıb. Tarixi keçmişimizi öyrənməklə biz öz xalqımızın, qədim dövlətlərimizin dünya tarixindəki yerini və rolunu müəyyən edə bilərik. Bunun üçün arxeologiya elminin rolu daha böyükdür.
Arexeologiya elminin ən əsas vəzifələrindən biri ibtidai insanların meydana gəlməsi, inkişaf etməsi və formalaşması tarixinin öyrənilməsidir.
Bildiyimiz kimi arxeologiya elmi insanlığın uzaq keçmişini, keçmişdən bizə yadigar qalan maddi mədəniyyət qalıqları vasitəsi ilə öyrənir. Tarixin bütün dövrlərində aparılan arxeoloji tədqiqatlar zamanı ilk sakinlərin məskunlaşmasına aid zəngin maddi mədəniyyət nümunələri aşkar olunur. Tapılmış elmi materiallar əsasında biz Azərbaycanın uzaq keçmişinin tarixi, insanlığın ilkin inkişaf mərhələləri və ulu sakinlərin maddi mədəniyyət qalıqlarının xüsusiyyətlərini öyrənir, habelə tədqiq və təbliğini həyata keçirə bilirik. El-el gəzib dolaşan arxeoloqlarımız, alimlərimiz abidələrimizin açılmamış sirrini açır, onları öyrənir.
Bəşər sivilizasiyasının ilkinliyini bu gün də sinəsində qoruyub saxlayan çoxlu sayda tarixi abidələr, maddi əsaslar var ki, onlardan biri də mağaralardır. Azərbaycanın ən qədim məskən tipləri təbii və suni mağaralar kimi formalaşmışdır. Belə mağaralar həmdə ibtidai insanların ilk sığınacaq yerləri-evləri olmuşdur. İnsan böyük sənət dünyasına bu mağaralardan ayaq açmışdır.
Mağara- yerdə təbii oyulma nəticəsində əmələ gələn çuxur və ya girintidir. Min illər boyu insanlar tərəfindən sığınacaq və məzar yeri kimi istifadə edilmişdir. Mağaralar həmçinin yer altında yaranan oyuqlardır. Mağaraları aşkar etmək çətindir. Onları çox vaxt görmək və müəyyən etmək mümkün olmur. Mağaraların girişi kiçik olur. Bəzən mağaralar elə balaca olur ki, içinə yalnız bir uşaq yerləşər. Bəzənsə daha böyük ola bilər. Bəzi mağaraların içində gizli keçidlər var, bəzilərinin içindən isə su axır. Elə mağara da vardır ki, böyük, quru bir otaqdan ibarətdir.
Belə mağaralardan biridə Avey dağının ətəyində yerləşən Damcılı mağara düşərgəsidir. Dünya əhəmiyyətli Damcılı mağarası Qazax rayonundakı Avey dağının cənub şərqində yerləşir. Arxeoloji, həm də təbiət abidəsidir. Tarixi paleolit dövrünə aiddir. Bu mağara yarımdairəvi şəklindədir, qabaq hissəsi açıqdır, bir azda dağılıb. Qarşı tərəfdən hündürlüyü 4 m, sahəsi isə 17x27m–dir. Əhəng qayalığının altındadır. Təbii çatlardan süzülən su damcılarına görə Damcılı mağarası adlanır. Bu ərazidə kəşfiyyat xarakterli arxeoloji tədqiqatlar ilk dəfə 1953-cü ildə keçirilmiş və 1956-cı ildən etibarən burada üç il ərzində arxeoloq M.M.Hüseyinovun rəhbərliyi ilə əsaslı arxeoloji ekspedisiya təşkil olunmuşdur. Həmin illərdə təşkil olunmuş ekspedisiya Avey dağında daş dövrünə aid olan qədim insanların yaşadıqları 30-a yaxın mağara aşkar etmişdir. Dünyanın bir çox bölgələrində olduğu kimi burada da ibtidai insanlar təbii mağaralardan özləri üçün bir növ yaşayış yeri kimi istifadə etmişdirlər. Onlar belə yerlərdə məskunlaşaraq uzun müddət ibtidai əmək fəaliyyəti ilə məşğul olub təbii qüvvələrdən sərt hava şəraitindən və vəhşi heyvanlardan özlərini qoruya bilmişdirlər.
Diqqət çəkən mağaralardan biridə Avey dağında Damcılı mağara düşərgəsinin yuxarısında yerləşən Damcılı məbədi adlanan mağaradır. Bu mağaradan insanlar yaşayış yeri kimi istifadə etmişlər. Mağara sonralar isə qaçaqların sığınacaq məskəni olmuşdur. Illər keçdikcə mağaraya gedən yol təbii uçqunlar nəticəsində dağıntılara məruz qaldığı üçün hal-hazırda mağaraya çıxmaq mükün deyil. Deyilənlərə görə mağaranın içərisində bir ədəd daşdan düzəldilimiş stol, stul və daş güldan var.
Həmçinin Alban məbədinin ətrafında dövlət qeydiyyatına götürülmüş 10 ədəd suni mağaralar da mövcuddur.
Hal- hazırda çıxılması mümkün olan mağaralar da var. Belə mağaralardan biri də Koroğlu məbədi adlanan mağaradır. Bu marağaya çıxmaq mumkun olduğu üçün turistlərin ən çox ziyarət etdikləri yerdir. Mağara böyük bir otaqdan ibarətdir.
Gələcəkdə turistlərin daim baxış keçirə biləcəyi mağaralardan biri də Avey mağarasıdır. Avey mağarası Avey qoruğunun əməkdaşları tərəfindən aşkar edilmişdir. Şərti olaraq Avey mağarası adlandırılan mağara Damcılı bulağı ilə Qara bulağın arasında yerləşir və Qara bulağa daha yaxındır. Qara bulaq mağaradan 30 metr- lik məsafədə yerləşmişdir. Mağaranın dərinliyi 25 metrə qədər, hündürlüyü 5 metr bəzən 10 metrə qədərdir, eni bəzi hissələrdə 2,5 metr bəzi hissələrdə isə 3,5 metrə qədər uzanır. Mağaranın alt hissəsində çox böyük qaya daşları və zamanla yerə tökülmüş çınqıllar mağaranın mədəni təbəqəsinin üzərində 2- 3 metr hündürlükdə maneə yaratmışdır. Burada qədim zamanlarda yaşayan insanlar üçün əlverişli şəraitin olması mağarada arxeoloji tədqiqatların aarılmasına səbəb oldu. Mağarada AMEA-nın Arxeolojiya və Antropologiya İnstitunun arxeoloqları t.ü.f.d. Yaqub Məmmədov, t.ü.f.d. dosent Azad Zeynalov, t.ü.f.d. Mansur Mansurov tərəfindən kəşfiyyat işlərinə başlanıldı. Qazıntılar zamanı mağaradan təxminən 1,5 metr dərinlikdə orta əsrlərə aid saxsı qab qırıqları, 0,70 metrdən isə ocaq izlərinə rast gəlinməyə başlanır. Qazıntılar zamanı mağaradan eksponatların və ocaq izlərinin tapılması gələcəkdə ərazidə kəşfiyyat xarakterli arxeoloji tədqiqat i.lərinin aparılmasına imkan verir.
Avey mağaraları - Damcılı mağarası və digər mağaralar sıldırım qayalıqlarda yerləşdiyi ücün gediş - gəlişə çətinliklər törədir. Yeni aşkar edilmiş mağara isə Qara bulağın yaxınlığında yerləşdiyi ücün turistlərin daima istifadə edə biləcəkləri yerdədir.
Mağara turizm cəhətdən, ziyarətçilərin baxış keçirməsi üzün çox əlverişli yerdə yerləşdiyinə görə mağaraya gedən 100 metrəyə yaxın yolun abadlaşdırılması və digər təhlükəsizlik tədbirlərinin görülməsi qoruq tərəfindən planlaşdırılır.
“Avey” Dövlət Tarix –Mədəniyyət qoruğunun elmi işçisi Baxşiyeva Gülmirə Ağamalı qızı.