adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
10 Yanvar 2023 12:04
1237
MƏMLƏKƏT

Avtobuslar qarlı havada dayanacağa gec gəlir

Yanvarın 9-da Bakıya qar yağması nəticəsində bir çox marşrutlarda avtobuslar dayanacağa 2-3 dəqiqəyə gəlmək əvəzinə, yarım saata və 40 dəqiqəyə çatıblar. Təbii ki, bu da sərnişinlərin haqlı narazılığına səbəb olub. Xüsusən də, Yasamalı və Yeni Günəşli yaşayış sahəsinin «D» massivində səhər saatlarında avtobusların ləngiməsi baş verib. Belə şaxtalı və soyuq havada sərnişinlər dayanacaqda çox gözləyə bilməyib, onların bəziləri evlərinə qayıdıb, bəziləri də taksilərə əyləşərək metro stansiyalarına gediblər və həmin gün taksi sürücüləri də sərnişinlərə əvvəlki günlərə baxanda 2-3 qat baha qiymətə mənzil başına aparıblar.

Hansı ki, axşamdan Bakı şəhərində yolların çox hissəsi qardan təmizlənmiş, nəqliyyat vasitələrinin hərəkəti üçün şərait yaradılmışdır. Amma təəssüf ki, bir çox marşrutların sahibləri qışa tam hazır olmamış və onlara məxsus avtobuslar xəttə ya gec çıxmış, ya da uzun fasilələrlə dayanacaqlara gəlib çatmışdı. 50, 264, 39, 77, 135, 119 və eləcə də digər marşrutlar səhər saatlarında ləngimələrlə hərəkət etmişdi. Ona görə də Bakı Nəqliyyat Agentliyi və eləcə də həmin marşrutların məxsus olduğu şirkətlər mövcud nöqsanları aradan qaldırmalı, növbəti çətin və mürəkkəb hava şəraitinə hazır olmalıdılar. Əks təqdirdə bu cür xoşagəlməz hadisələr tez-tez baş verəcək.

Emil FAİQOĞLU