12 May 2024 04:28
155
ANALİZ

Azərbaycan dövlətinin iradəsinə heç kimin şübhəsi olmasın

Azərbaycan İkinci Qarabağ müharibəsində qalib gələrək ərazi bütövlüyünü bərpa etdi. Otuz illik erməni işğalına son qoymaqla rəsmi Bakı regionda yeni geosiyasi mənzərənin formalaşmasının bünövrəsini qoydu. Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərdi ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi

Postmünaqişə dövründə cərəyan edən proseslərin gedişi də belə deməyə əsas verir ki, bu yeni nizam, reallıq region ölkələrinin münasibətlərində yeni səhifənin açılmasına şərait yaradır. Lakin qarşıdurmadan qarşılıqlı faydalı əməkdaşlığa keçidi nəzərdə tutan yeni reallıqlar qeyri-region ölkələri razı salmır. Qərb ölkələri daha uzağı hədəfləyən geosiyasi planlarını həyata keçirmək məqsədilə regionun zəif bəndinə çevrilmiş Ermənistandan faydalanmağa çalışırlar.

Məlum oldu ki, eyni dini və əqidəyə mənsub olduğumuz İranın, nə Fransanın, nə də Azərbaycanı Xəzər hövzəsində özünə əsas müttəfiq hesab edən ABŞ-nın Azərbaycana qarşı niyyətləri saf deyil. Bu belə deməyə əsas verir ki, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması sözügedən dövlətlərin maraqlarına uyğun gəlmir. Məhz buna görədir ki, əsas istəkləri Ermənistan-Azərbaycan arasında danışıqlar prosesini beşiyindəcə pozmaqdır.

İndi Şuşada genişmiqyaslı quruculuq işləri gedir. Ulu Öndərin doğum günündə üçüncü yaşayış kompleksinin təməli qoyuldu. Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulmuşdur. Birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Bütün evlər gözəl memarlıq üslubunda - Şuşanın ənənəvi üslubunda inşa edilmişdirIşğaldan azad olunmuş ərazilərdə ölkə və beynəlxalq əhəmiyyətli layihələr, bərpa və quruculuq işləri davam etdirilir. Həmin ərazilərdə beynəlxalq tədbirlərin keçirilməsi ilə erməni vəhşiliyi dünyaya real vəziyyətdə, maddi sübut şəklində təqdim olunur. Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq. Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda, ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Elə bir gözəl şəhər yaradılır ki, hər bir azərbaycanlı bununla fəxr edəcək. Prezident İlham Əliyev bildirib ki, Qarabağı, Zəngəzuru yenidən qururuq, yenidən qurmalıyıq. Buna nə qədər vəsait lazımdır, hamısını öz hesabımıza edirik. Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını özümüz edirik. Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikirik və hələ nə qədər edəcəyik. Bununla paralel olaraq, sosial məsələləri həll edirik və edəcəyik, heç kimin bunda şübhəsi olmasın. Bütün bu işlərin görülməsi üçün iqtisadiyyat əsasdır.

Azərbaycan dövləti özünün iqtisadi müstəqilliyini əldə edilmişdir və biz məhz buna görə siyasi müstəqillik əldə etmişik, beynəlxalq müstəvidə müstəqillik əldə etmişik. Heç kim bizim iradəmizə təsir edə bilməz, heç kim bizə heç nəyi diktə edə bilməz, heç kimdən asılı deyilik və əminəm ki, heç vaxt heç kimdən asılı olmayacağıq.

Əminə Ağazadə

Milli Məclisin deputatı