09 Yanvar 2021 11:50
30891
GÜNDƏM

AZƏRBAYCAN DÜNYANIN MƏDƏNİ XƏZİNƏSİNƏ TÖHFƏLƏR VERİR

Azərbaycan mədəniyyəti bu regionda yaşayan xalqların və tarixən mövcud olmuş dövlətlərin, tarixən regionda baş verən siyasi və hərbi hadisələrin fonunda formalaşıb. 

Aparılan arxioloji tapıntılar və müasir dövrə qədər gəlib çatmış abidələr Azərbaycan ərazisində Qədim Qobustan, Qədim Qafqaz Albaniyası dövründən mədəniyyətin inkişaf etdiyini göstərir. 

Qədim tarixə söykənən Azərbaycan mədəniyyəti bütün dövrlərdə milli-mənəvi dəyərləri ilə dünyada tanınır. Ulu Öndərimiz Heydər Əliyev mədəni irsimizin qorunması ilə bağlı çıxışında deyirdi: " Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərin ən yüksəyi, ən böyüyü mədəniyyətdir". 

Mədəniyyət xalqımızın böyük sərvəti hesab edilir. Təəssüflər olsun ki, 27-28 il ərzində erməni işğalı altında qalan ərazilərimizdə mədəni irsimiz, qədim tarixi abidələrimiz barbarcasına dağıdılıb və demək olar ki, bir çoxu tamamilə məhv edilib. 

Ölkəmizdə özünəməxsusluğun və milli identikliyin qorunması mədəniyyət siyasətinin qarşısında duran strateji prioritetlərdəndir. 
Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağına imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli mənəvi dəyərlər olub. Azərbaycan dilinin, Azərbaycan mədəniyyətinin qorunub inkişaf etdirilməsi həm də müstəqilliyimizin, vahid dövlətçilik ənənələrimizin və milli birliyimizin ən başlıca simvollarını qorumaq kimi dəyərləndirilməlidi. 
Azərbaycan mədəniyyətinin təbliği həm Ulu Öndər Heydər Əliyevin, həm də onun siyasi varisi möhtərəm prezidentimiz İlham Əliyevin həmişə diqqət mərkəzində olub. Dünya ilə dil tapmağın ən sınanmış və optimal yollarından biri olaraq, mədəni dəyərlərin təbliğində, birinci vitse-prezidentimiz, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rolu da danılmazdı. Mehriban xanımın təşəbbüsü ilə Azərbaycanda və ölkə xaricində çoxsaylı mədəniyyət və incəsənət günlərinin keçirilməsi, ölkələrarası dialoqların inkişafında boyük rol oynayıb. 

Mövcud istiqamətdə UNESKO ilə əməkdaşlıq qarşılıqlı maraqlar əsasında davam etdirilməsi, milli-mədəni irs nümunələrinin tanıdılması istiqaməti daim aktuallığını inkişaf etdirməlidir. İşğaldan azad edilmiş ərazilərdə yararsız vəziyyətə salınmış tarixi və dini abidələrimizin bərpası, məhv edilmiş tarixi və dini abidələrimizin yenidən bərpası işləri, Prezidentimizin də dediyi kimi, tez bir zamanda təftiş edilməli, yenidən siyahıya alınaraq müvafiq işlər aparılmalıdı. Prezident İlham Əliyevin göstərişi ilə işğaldan azad olunan Qarabağın bütün regionlarında yeni infrastrukturlar inşa edilməli, bu ərazilər mədəni mərkəzlərə çevrilməlidi. 

Ölkənin mədəni imicinə xidmət edən mədəni layihələr həyata keçiriləcək. Prezident İlham Əliyev 2021-ci ili " Nizami Gəncəvi ili" elan etməsi dövlət tərəfindən Azərbaycan ədəbiyyatına və mədəni irsinə ayrılan yüksək diqqətin təcəssümüdür. 

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olmuşdur. 

Qafqazın incisi sayılan Şuşa şəhəri Azərbaycanın mədəni paytaxtı elan edilməsi mədəni irsimizin inkişafı yolunda qarşıya qoyulan hədəflərə nail olmağımızı daha da sürətləndirəcək. 

Azərbaycan dünyanın mədəni xəzinəsinə töhvələr vermiş nadir ölkələrdəndir. Milli folklorumuz, aşıq sənəti, tədbiqi sənət nümunələri, xalçaçılıq sənəti, memarlıq nümunələri xalqımızın fəxr mənbələrindən biridir. 

Azərbaycanda yaşayan bütün xalqların milli mədəniyyətinin qorunması strateji əhəmiyyət kəsb edir. Ona görədə bu istiqamətdə aparılan işlər daima dövlətin diqqət mərkəzindədir. 

Multikultural dəyərlərin qorunması dövlət başçımızın bir başa nəzarətindədi və bu UNESKO ilə əməkdaşlığın əsas istiqamətlərindən biri hesab olunur. 

İnanırıq ki, Azərbaycan Pespublikasının mədəniyyət siyasətinin strateji prioritetləri, beynəlxalq münasibətlər müstəvisində mədəniyyət diplomatiyasının davamı olacaq.

 Rüstəm Hacıyev