27 Avqust 2022 15:02
2088
MÜSAHİBƏ

Azərbaycan elminin fəxri, professor Misir Rəhimovun xatirəsinə - MÜSAHİBƏ

Haqqın dərgahına qovuşmuş daha bir ziyalımizın bu ay doğum günü oldu.

Fizika-riyaziyyat elmləri doktoru, professor Misir Rəhimov haqqında 21 il öncə işıq üzü görmüş “Ağdamın adlı-sanlı pedaqoqları, alimləri” adlı monoqrafiyasında onu oxucu kütləsinə tanıdan araşdırmaçı jurnalist Orxan Zakiroğlu (Baharlı) ilə söhbətimiz də elə bu mövzuda olacaq:


- Orxan müəllim, Agdam təhsilini, paralel olaraq Ağdam təhsilinin bəhrəsi olan respublika, beynəlxalq miqyasda tanınmış ziyayıları tanıtmaq artıq sizin missiyanıza çevrilib. Bu haqqında kitablarınız var və bu səpkidə yazılarınız diqqətlə izlənir. Misir müəllim nəinki Ağdamın, nəinki, Qarabağın, eləcə də respublika ictimaiyyətinin qürur duya biləcəyi bir ziyalıdır və təəssüf ki, başqa ziyalılarımıza nisbətdə çox az tanınır. Hətta  televiziyalardan düşməyən bayağı bir müğənni   ömrünü elmə həsr etmiş professorlardan, akademiklərdən daha yaxşı tanınır.


- Mənim Misir Rəhimovla tanışlığımın tarixi təxminən 22 il öncəyə təsadüf edir. Həmin illər atam - milli fəlsəfi irsimizin əvəzolunmaz tədqiqatçısı, AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədovun təklifi, məsləhəti ilə “Ağdamın adlı-sanlı pedaqoqları, alimləri” adlı monoqrafiyam üzərində çalışırdım. Misir müəllim bizim evə yaxın yaşayırdı. 27-28 yaşlarım olardı. Tanınmış alimin də tərcümeyi-halı  kitabımda çap olunaqcaqdı. O zaman rəhmətliklə evində görüşdüm. 2-3 günə hansısa xarici ölkəyə konfransa getməli idi. Məndə elə ilk baxışdan dəqiq, məsuliyyətli ziyalı təəssüratı yaratdı. Tərcümeyi- halını hazırlamışdı. Kitabım çap olunanda hər kəsə, o cümlədən Misir müəllimə hədiyyə etdim. Bir faktı da qeyd edim ki, “Ağdam şəhər 1 nömrəli orta məktəbin tarixi (1883-1993)” (I kitab, 2016), “Ağdamda təhsil (1883-1993)” (I kitab, 2018), “Cabbar bəy Vəlibəyov adına I Baharlı kənd tam orta məktəbinin tarixi” (Bakı, 2018) adlı təhsil tariximizə aid monoqrafiyalarım 2001-ci ildə işıq üzü görmüş “Ağdamın adlı-sanlı pedaqoqları, alimləri” adlı kitabımın davamıdır. İşğaldan azad edilmiş torpaqlarımız arasında yeganə Ağdamın təhsil tarixi araşdırılıb. Ağdam təhsil tarixinin ilk və yeganə tədqiqatçı olmağımla fəxr edirəm, qürur duyuram.
Ola bilər, Misir müəllimi ictimayyət yaxşı tanımasın, amma dəqiq elmlərlə məşğul olan elm adamları onu çox yaxşı tanıyır və hörmətlə anırlar.


- Xahiş edirik , Ağdamın bu ziyalı övladı haqqında geniş məlumat verəsiniz...

- Misir Babakişi oğlu Rəhimov dünya şöhrətli alim Xudu Məmmədovun, Azərbaycan tarixinə ilk şəhid məmur kimi düşən Mikayıl Gözəlovun və minlərlə ziyalı, minlərlə qəhrəman yetişdirən Mərzili kəndində 1 avqust 1934-cu ildə dünyaya gəlib. Ağdam rayonunun Novruzlu kənd orta məktəbini bitirib, 1958-1963 illərdə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində ali təhsil alıb.

- Misir müəllimin həmkəndlisi ziyalımız, yazar Yusif Millətoğlu xatirələrində bildirir ki, orta məktəbdə oxuduğumuz 70-ci illərdə məktəbimizin girişində içəri daxil olan hər kəsin diqqətini çəkdiyi kəndimizin yetirməsi və fəxri olan üç alimin – dünya şöhrətli Xudu Məmmədovun, Yusif Səmədovun və Misir Rəhimovun portretləri bəzəyirdi. Onlardan sonra onlarca aspirant və ali məktəb tələbələrinin şəkilləri sıralanırdı.


- Mən də Y. Millətoğlunun da xatirələrini oxumuşam, başqa ziyalıların da söhbətini dinləmişəm. Əslində gənclik illərindən Misir Rəhimov fəxrə layiq olduğunu sübut etmişdi. Sakit təbiətli, əxlaqlı , eyni zamanda ömrünü elmə həsr etməsi onu hələ gənc ikən ziyalı, ağsaqqal, qürur ünvanı etmişdi. Misir Rəhimov 1963-1967 illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Ali riyaziyyat kafedrasında assisent işləyib, 1967-1970 illərdə Voronej Dövlət Universitetində əyani aspiranturada oxuyub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasında assisent (1975), baş müəllim (1975-82), dosent (1982-88) vəzifələrində işləyib. "Qiymətlər oblastı komtativli olan sperator qiymətli iniakasların spektral nəzəriyyəsi və onun tətbiqi" mövzusunda namizədlik (1980 ), "Xətti operatorların çoxölçülü spektral analizi" mövzusunda doktorluq (1997) dissertasiyalarını müdafiə edərək, fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini alıb. Professor adını qazanıb.

- Orxan müəllim, mənə elə gəlir ki, Misir müəllimin elmi fəlaiyyəti haqqında geniş oxucu kütləsi çox az şey bilir, böyük bir qisim isə ümumiyyətlə bu haqda heç nə bilmir. "Google" axtarış şəbəkəsində isə professorun sizə verdiyi tərcüməeyi-haldan başqa heç bir mənbə yoxdu. Siz araşdırmanızla dəqiq elmlər üzrə alimimizi ictimaiyyətə necə təqdim edərdiniz?

-Misir Rəhimovun şəxsən öz əli ilə mənə təqdim etdiyi elmi fəaliyyətini əks etdirən məqaləni nəzərinizə çatdırıram. Onun elmi tədqiqatlarının nəticələri 100 elmi əsərində öz əksini tapmışdır; bunlardan ikisi rus və ingilis dillərində çap olunmuş monoqrafiyalardır.
Professorun əsas elmi yenilikləri aşağıdakılardan ibarətdir. Deməli, o, 70 illərdən başlayaraq riyaziyyat elmində ilk dəfə olaraq topoloji fəzadan Banax fəzasının endomorfizmlər cəbrinə təsir edən inikasların spektral nəzəriyyəsini yaradıb. Bu nəzəriyyə əsasında o, çoxölçülü differensial tənliklər nəzəriyyəsini işləyib hazırlayıb. Bu nəzəriyyələri nəzəri fizikada, o cümlədən dalğaların atmosferdə yayılmasına tətbiq edib. Banax fəzasında qeyri-məhdud operator əmsallı differensial tənliklərin məhdud, sanki periodik həllərinin varlığı üçün spektral meyarlar, ” Li qrupu”nda xətti differensial tənliklərin tam həlli üçün zəruri və kafi şərtlər taparaq, “Li qrupu”nda differensial tənliklər nəzəriyyəsinin əsaslarını qoyub.

-Yəqin ki, riyaziyyatçılar və fiziklər sadaladığınız bu kəşflərin necə böyük uğur olduğunu bilirlər...

-Əlbəttə! Bu riyaziyyat elmi üçün böyük xidmət, təkrarsız kəşf idi. Misir Rəhimov ilk dəfə olaraq bir kompleks Banax fəzasında digər komleks Banax fəzasına təsir edən operator dəstəsinin spektral nəzəriyyəsini yaradıb. Bu nəzəriyyəni operator əmsallı differensial tənliklərin məhdud və sanki dövri həllərinin tapılmasına tətbiq edib. O, riyaziyyat elminə psevdorezolventlik, rezolventin minimal boya malik olması kvazioxşarlıq, topoloji fəzadan Banax fəzasını endomorfizmlər cəbri kimi yeni riyazi anlayışlar gətirib. Bütün bu yenilik və kəşflər Azərbaycan elminin yüksəlməsində böyük xidmətdir. Bu kəşflərə görə, Misir müəllimin fotosu həm orta məktəblərdən, həm bütün ali və orta ixtisaslı təhsil ocaqlarından,həm də elm mərkəzlərindən asılmalıdır.

-"Danford-Rəhimov” deyə bir termin var, bəs o nə deməkdir?

- Bayaq qeyd etdiyim kimi, Misir Rəhimov ilk dəfə olaraq Li qrupunda çoxölçülü xarakterik differensial tənliklər sistemi çıxarmışdır. Onların həlli üçün əsas fundamental teoremləri isbat etmişdir. Bundan başqa o, ilk dəfə olaraq sonlu və sonsuz sayda operatorlar cütünün birgə spektrına görə spektrallığına yeni tərif vermiş, nəticədə xarici müəlliflərin onun işinə yazdığı rəylərdə "Danford-Rəhimov mənada spektrallıq" ifadəsi işlədilir. Onun tərəfindən spektral operator əmsallı differensial tənliklər nəzəriyyəsinin əsası qoyulmuşdur.

- “Xarici müəlliflər” demişkən dünyanın riyaziyyat üzrə alimlərinin hörmətli professorumuzun kəşflərinə münasibəti necə olub?

- Misir Rəhimov kəşfləri bu sahədə son dövrlərin ən böyük elmi yeniliklərindən hesab olunurdu və təbii ki, xarici alimlər tərəfindən yüksək qiymətləndirilirdi,hətta onların məqalə və monoqrafiyalarında istifadə olunurdu. Misir Rəhimov Yaponiyanın Kioto Universitetinin nəznində olan riyaziyyat elmlərinin elmi-tədqiqat institutunda və Kioto Universitetinin Riyaziyyat fakültəsində (Yaponiya, Kioto,1990), Riyaziyyatçıların Beynəlxalq konqresində (Sürix, 1994), Sürix Universitetində fransız alimi Bourqundkon Jan-Pyerin seminarında, İstambul, Ankara, Ərzurum, Qəhrəman Maraş Türkiyə Universitetlərində və riyaziyyatçıların Beynəlxalq konqresində (İspaniya, Barselona, 2000) və b. yerlərdə öz nəzəriyyələri əsasında mühazirələr oxuyub. Dünya onu mükəmməl bir fizik, dahi bir riyaziyyatçı kimi tanıyırdı.

- Çox təəssüf ki, elmimizə böyük xidməti olmuş Bakı Dövlət Universitetinin professoru Misir Rəhimov 5 noyabr 2016 –cı ildə uzun sürən xəstəlikdən vəfat etdi.


- Bəli, mərhumun qızı,  BDU-nun Biologiya fakültəsinin Molekulyar biologiya və biotexnologiyalar kafedrasının müəllimi Mehnurə Rəhimovanın bu açıqlamasından sonra ictimayət anladı ki, elmimizə ağır itki üz verib. Dəyərli alimimizin ruhu şad, məkanı cənnət olsun. İnanıram ki, Mərzilinin , Ağdamın, Qarabağın işğaldan azad olması xəbəri öncə elinə, yurduna bağlı, ürəyində yurd qubarı ilə dünyasını dəyişmiş ziyalılarımızın ruhunu şad etdi.
AMEA-nın müxbir üzvü, geologoya-minerologiya elmləri doktoru, professor Xudu Məmmədovun, atam - AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor İdeal Nərimanovun, tarix elmləri doktoru, professor Adil Məmmədovun, biologiya elmləri doktoru, professor Tofiq Mikayılov və qardaşı coğrafiya elmləri doktoru, professor Nadir Mikayılov eləcə də Misir müəllimin və başqalarının ruhu niğarançılıqdan, narahatçılıqdan qurtardı.Yeri gəlmişkən, bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm, Allahdan qazilərimizə can sağlığı , uzun ömür arzulayıram.


- Orxan müəllim, maraqlı müsahibəyə görə sizə təşəkkürümüzü bildirirk! Söhbətimizə isə Y. Millətoğlunun professor haqqında bir xatirəsi ilə nöqtə qoymaq istəyirəm:” Misir müəllimin yaşadığı ömrünü, dəf etdiyi çətinlikləri göz önünə gətirəndə bu nəticəyə gəlmək olar ki, o doğmalarının, dostlarının gözündəki mərtəbəyə Tanrının qaldırdığı insanlardan və böyük ziyalılardandır. Mən onu uşaqlığımdan tanıyıram. Xarakterindən, işindən tərbiyədə örnək olaraq götürdüklərimi ümumuləşdirərək Misir müəllim haqqında düşünürəm ki, dinimizdə də deyildiyi kimi, böyüyə hörmət, kiçiyə mərhəmət. Yəqin ki, Misir müəllimdən qayğı, mərhəmət görmüş hər bir kəs bir daha onunla bağlı olan məqamları xatırlayacaqlar”.



Söhbətləşdi: Əntiqə Rəşid