adalet.az header logo
  • Bakı -°C
09 Oktyabr 2026 11:54
73
SİYASƏT
A- A+

“Dünya Azərbaycana getdikcə daha çox ehtiyac duyur”

“Heç bir yaradılan ürəksiz yaşaya bilməz. Ölkələr, dövlətlər də belədir. Onların ürəyi paytaxt şəhərləridir. Bəs dünyanın ürəyi haradır? XIX əsrin sonları-XX əsrin birinci yarısında yaşamış ingilis coğrafiyaçısı Halford Con Makinder 1904-cü ildə nəşr edilmiş “Tarixin coğrafi dayaq nöqtəsi” əsərində Avrasiya materikinin dənizlərdən uzaq daxili hissəsini — Mərkəzi Asiyanı və ona bitişik əraziləri geosiyasi baxımdan strateji mərkəzlərindən biri, geosiyasi əhəmiyyət daşıyan geniş region, dünyanın ürəyi kimi təqdim edirdi. Hesab edirdi ki, dünyanın ürəyinə sahib olan dünyaya da sahibdir, onsuz keçinmək olmaz”.

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Musa Qasımlı deyib. 

Onun sözlərinə görə, amma mühafizəkar olan coğrafiya bir taledir:

“Onu yalnız böyük dövlət adamları xalqı üçün uğur mənbəyinə çevirməyi bacarırlar. Qardaş Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan, Qazaxıstan, Qırğız, Tacikistan, Türkmənistan və Özbəkistan respublikalarından ibarət Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün keçirilməsi bunu bir daha göstərdi. Görüşü sadəcə bir görüş kimi qiymətləndirmək məhdud yanaşma olardı.Region ölkələri arasında siyasi dialoqun, iqtisadi əməkdaşlığın və regional təhlükəsizliyin gücləndirilməsi məqsədilə yaradılan bu formata ölkəmizin 2025-ci il noyabrın 16-da qəbul edilməsi onu daha da gücləndirib. Məşvərət görüşündə cənab Prezident İlham Əliyevin çıxışında bir sıra vacib məsələlər vurğulandı. Birincisi, üzv ölkələr arasında münasibətlərin maddi təməllərindən biri olan ticarət dövriyyəsi 50 faizdən çox artıb, Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir, Qazaxıstan, Özbəkistan və Qırğız respublikaları ilə birgə investisiya fondları yaradılıb. Dövlət başçısı ölkələrin yalnız qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməli, həm də birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalı olduğunu dedi. İkincisi, əməkdaşlığın başlıca sahələrindən biri nəqliyyatdır. Ölkələr Xəzər dənizi vasitəsi ilə birləşirlər. Nəqliyyat qarşılıqlı əlaqələrində getdikcə başlıca rol oynayır. Xəzərin hər iki sahilindəki nəqliyyat infrastrukturu Mərkəzi Asiyanı Azərbaycanla və daha sonra beynəlxalq bazarlarla birləşdirməkdə başlıca rol oynayır. Üçüncüsü, energetika sahəsi əməkdaşlıq xüsusi yer tutur. Azərbaycan Mərkəzi Asiyadan enerji ehtiyatlarının beynəlxalq bazarlara tranzitində xüsusi yer tutur.Nəhayət, Prezident İlham Əliyev çıxışında ölkələrimizin və xalqlarımızın bütün gələcək həyatının başlıca düsturunu belə müəyyənləşdirdi:“Ölkələrimizdə sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik bütün nailiyyətlərimizin təməli, Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın gələcək uğurlu inkişafının, qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsinin təminatıdır.” Prezident İlham Əliyev Azərbaycanı dünyanın ürəyi, məhvəri, əsas oxu, dayaq nöqtəsi hesab edilən Avrasiyanın şah damarına çevirib. Şah damarının nə demək olduğunu yaxşı bilən dünya Azərbaycana getdikcə daha çox ehtiyac duyur”.

Vasif ƏLİHÜSEYN