29 Aprel 2024 17:35
2727
HÜQUQ

Baş prokuror Türkiyə nümayəndə heyəti ilə görüşüb

 

Aprelin 29-da Baş prokuror ölkəmizdə səfərdə olan Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Muharrem Kılıçın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş Prokurorluqdan Adalet.az-a verilən xəbərə görə, Kamran Əliyev qonağı salamlayaraq, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafının dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın birgə səyləri nəticəsində ən yüksək müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd edib.

Baş prokuror Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsi və ondan sonrakı proseslərdə Türkiyə dövlətinin və xalqının siyasi və mənəvi dəstəyinə görə təşəkkürünü ifadə edib. Kamran Əliyev ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində işğal dövründə ermənilərin xalqımızın tarixi, dini və mədəni abidələrinə qarşı törətdikləri vəhşiliklərin və onların fəsadlarının aradan qaldırılması istiqamətində Qarabağda aparılan sürətli quruculuq-bərpa işləri barədə qonağa məlumat verib.

Kamran Əliyev qonaqlara ölkəmizdə həyata keçirilən hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində aparılan köklü islahatlar barədə məlumat verib.

Səmimi qəbula görə öz təşəkkürünü bildirən Muharrem Kılıç ölkələrimiz arasında hüquqi sahədə əlaqələrin yüksək səviyyədə inkişaf etməsi və səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirib.

Görüş zamanı tərəflər insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı mühüm əhəmiyyət kəsb edən məsələləri müzakirə edərək, birgə əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar.