17 Iyul 2024 12:37
453
ƏDƏBİYYAT

Bəhram Bilaloğlunun ŞEİRLƏRİ

Ovcumda sıxdığım məktub sənədi,

Ürək sözlərimi yazmışam, ey dil.

Pıçıltı səslərim qarışıb aha,

Kövrək sözlərimi yazmışam,ey dil.

 

Haqqa susduğunu eşitməmişəm,

Sözün tərkibində,hikkə vurmusan.

Almısan yanına fəqir,məzlumu,

Qəlbində elə bil, məkkə qurmusan.

 

Naxələf,nankorun yanından keçib,

Haqqı dostun sanıb, onla qalmısan.

Nə qədər keçsə də, üstündən zaman,

Halı dəyişməyən, donla qalmısan.

 

Gah nala,gah mıxa vurmamısan heç,

Belə tanıyıblar, əzəldən səni.

Tanrı bəxş etdiyi ruhun səsisən,

İçiblər andını,kəsiblər qəmi.

 

****

Məni məndən qoparan-

Duyğulara məhkumam.

Səcdədən eşqə çatan-

Baxın,həmin məktubam.

 

Səmadadır bu ruhum-

Duam, qunut əldədir.

Möminlər anlayarlar-

Qunut hansı dildədir.

 

Oxumağa,yazmağa-

Nə çox mövzularım var.

Quran vurub təsdiqin-

Möhür avazlarım var.

 

Bəlkə də, anlamazsan-

Orda olan ayəni.

Əş- şüara qeyd edir-

Yazdığım hər qayəni.

 

***

Qırıq o qəlblərin içindən keçən,

Səssiz duyğuların kaman səsiyəm.

Dəyməyin səsimə,o səs mənimdir,

Allaha yönələn zaman səsiyəm.

 

Bəzən gecə olur gündüzlərim də,

Qarışır səsimə neylərin səsi.

Ərafat dağının sağ tərəfində-

Boy atır köksümə heydərin səsi.

 

Üzü eşq yolunda addımlayıram,

Çatıram murada,təqvadayam mən.

Ey məni oxuyan,məni dinləyən,

Çatmışam əhdimə,əqvadayam mən.

Bitməz ömür boyu bu sevgim sənə-

Yar oldun,qəlbimi fəth etdin,"Adam".

Xeyir- dualarla imzanı atıb-

Ruhunla ruhumu, şərh etdin,"Adam".

 

 

Səni izah etmək qürur sayılır.

Yolunda sözlərin ətri yayılır.

Şeirlər,romanlar sözdə yuyulur.

Toxudun sözünlə,şərf etdin,"Adam".

 

Yaşayır adınla,ucalır sözlər.

Böyüyür,boy atır izində, izlər.

Axır səadətə,yol gedir gözlər.

Uzatdın söz ömrün,sərf etdin,"Adam".

 

Ərz etdim Allaha,pənah apardım.

Ummadım kimsədən,O,etsin yardım.

Hissimlə bu şeri,ruhdan qopardım.

Anladım,bacardın,ərk etdin,"Adam".

 

***

 

Səbəbsizdir,

darıxdığım bu anlar-

Kimdən ötrü darıxıram,

bilmirəm.

Xəyalların arxasınca qaçanda,

Yıxılıram,

-Dizlərimi silmirəm.

İstəyirəm,

səbəb olsun dəyməyim-

Büdrəməsin,

dik dayansın qamətim.

Bölünməzdi,

iki kürəyə sözlərim.

Çağırırlar sülh yoluna,

Gəlmirəm.