14 Fevral 2025 12:21
226
İQTİSADİYYAT

"Bələdiyyələrin sayı yenə də çoxdur" - Deputat

"Bu il dövlət büdcəsindən bələdiyyələrə 7 milyon 500 min manat dotasiya, 1 milyon 550 min suvbensiya ayrılması nəzərə tutulub. Birləşmədən sonra ölkə üzrə 685 bələdiyyənin olduğunu nəzərə alsaq, bu il orta hesabla hər bələdiyyə üçün illik dotasiya məbləği 10 min 950 manat, aylıq isə 912 manat ayrılacaq".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, bələdiyyələrin maliyyə mənbələrinin məhdud olması onların güclü institut kimi formalaşması və inkişafını xüsusi təşviq etmir:

"Təbii ki, kənar maliyyə mənbələri genişləndikcə büdcə vəsaitlərinə tələb də azalmalıdır. Digər tərəfdən, dotasiyanın məbləğinin müəyyənləşdirilməsi və bölüşdürülməsi kəmiyyət meyarlarına əsaslanır. Halbuki, bələdiyyələrin fəaliyyəti daxil olmaqla digər keyfiyyət meyarlarından istifadə edilməsinə ehtiyac var. Dövlət büdcəsindən vəsait bölüşdürülməsi daha çox keyfiyyət indikatorları əsasında həyata keçirilməlidir. Maliyyə təminatı ilə bağlı digər məqam dövlət büdcəsindən dotasiyanın həcmi ilə yerli gəlirlərin məbləğinin kəskin fərqlənməməsidir. 2024-cü ilin ilk 9 ayında yerli büdcə gəlirləri 7.1 milyon manat olub. Göründüyü kimi, bələdiyyələr mövcud iqtisadi potensialdan tam olaraq istifadə etmirlər. Bu isə onların büdcədən asıllığını gücləndirir. Gəlir mənbələrinə diqqət yetirdikdə bələdiyyələr fiziki şəxslərdən torpaq, əmlak vergisinin, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin və bələdiyyə müəssisəsindən alınan mənfəət vergisinin yığılmasına məsuldur. Bələdiyyələrin çoxunun ərazisində isə yerli əhəmiyyətli tikinti materialalrı yoxdur və bələdiyyə müəssisələri demək olar ki, mövcud deyil. Bu baxımdan bələdiyyələr üçün daha dayanıqlı maliyyə mənbələrinin formalaşdırılmasına ehtiyac var".

Deputat qeyd edib ki, bələdiyyələrin son birləşməsindən sonra Azərbaycanda bələdiyyələrin sayı yaxın iqtisadi struktur ölkələr ilə müqayisədə yenə də çoxdur:

"Belə ki, Çexiyada 205, Bolqarıstanda 265, Ruminiyada 103, qardaş Türkiyədə 1389 bələdiyyə fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət göstərən bələdiyyələrin sayı əksər Mərkəzi və Şərqi Avropa ölkələri ilə müqayisədə daha çoxdur. Bu isə onların fəaliyyətlərinin səmərliliyinə və eləcə də şəffaflığına təsir göstərir. Məruzəyə əsasən, bələdiyyələrin fəaliyyəti ilə bağlı 4337 müraciət daxil olub. Bu ondan xəbər verir ki, bələdiyyələrin fəaliyyətinə ictimai nəzarətin daha da gücləndirilməsinə ehtiyac var"

Nicat