02 Mart 2024 10:18
626
GÜNDƏM

Bəyənmədiyimiz Avropa Marsdan su tapır,  MN Laçında 2 ildir, 2 itkin əsgərini tapa bilmir... 

2022-ci ilin 2 martı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi mediaya açıqlama verdi:"Laçın rayonu ərazisində yerləşən bir döyüş mövqeyindən digərinə hərəkət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlu hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək azıblar.
Hərbi qulluqçularımızın tapılması məqsədilə yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq dərhal axtarış tədbirlərinə başlanılıb”.


Həmin açıqlamadan 2 il ,yəni 730 gün keçib. və hələ də itkin düşmüş Azərbaycan əsgərlərindən indiyənə qədər bir məlumat yoxdur. Laçın nə Tayqadır, nə Sibir, müasir texnikanın nəzarətində olan və peyk görüntüləri ilə baxanda ovuc içi kimi görünən Laçında 2 ildir tapılmayan əsgərlərin valideynləri bu duruma etiraz edirlər.
Ağdam rayonu Baş Qərvənd kəndi ərazi nümayəndəliyinin Orta Qərvənd kəndində doğulub boya-başa çatan və elə oradan da əsgərliyə gedən 19 yaşlı Fərid Məmmədovun valideynlərini şəxsən tanıdım, həmkəndlim olduğu üçün onların bala iztirabının necə deyərlər, dağları, daşları yandırdığının şahidiyəm.

Ötən il ailə ilə söhbətləşmişdik. Bu 2 ildə heç bir yenilik olmadığı üçün həmin söhbətimizi oxuculara təqdim edirəm:
“Fərid 2021-ci ilin iyul ayında hərbi xidmətə çağırılıb. 3 ay Bakıda xidmət keçdikdən sonra - sentyabr ayında onları Laçın rayonunun Kürdhaçı kənd ərazisinə gətiriblər. (Məlumat üçün qeyd edim ki, 1 dekabr 2020-ci ildə işğaldan azad olunan Kürdhacı Zəngəzur mahalında sayılıb seçilən obalardan biri olub. Yəni, Ermənistanla sərhəddə yerləşir.) Mart ayının 4-də Fəridin komandiri Məmmədovlar ailəsinə zəng vuraraq, 3 martdan Fəridin və digər bir əsgərin itkin düşdüyünü deyib.Elə o gündən Fəridin valideynərinin səssiz harayı yeri- göyü yandırır”
. Bunu isə bizə Fəridin anası Elmira Məmmədova danışıb.

Elmira xanım 30 ildi təmas xəttində yaşayan Məmmədovlar ailəsinin yeganə gəlir mənbəyi şəxsi təsərrüfatıdır. Bir də yaz-yay-payız mövsümündə Əjdər kişi sifarişlə gedib kiminsə təsərrüfatında mövsümi işlərlə məşğul olur. Oğulları Elgün də, Fərid də əsgərliyə gedənə qədər atası ilə birgə birinin əkin sahəsini suvarıb, başqa birisinin məhsul yığımına kömək edib evə çörək gətiriblər.


Fəridin əmisi oğlu Elşənlə tez-tez telefon əlaqəsi saxlayıram. Soruşurdum ki, bəlkə bu ailəyə ümid işığı olan bir xəbər gəlib?Hər dəfə Elşən təəssüflə qeyd edirdi ki, nə ailəyə yeni bir xəbər gəlməyib, nə də bu ailəyə təsəlli verməyə, gözünün yaşını silməyə bir səlahiyyətli.
Elmira xanım da təsdiqlədi ki, cəmi iki dəfə Ağdam rayon icra hakimiyyətindən nümayəndə gəldi, bir dəfə 100 manat pul, bir dəfə də bir çanta ərzaq gətirmişdilər:” Mən balamı gözləyirəm, ehtiyacım olan balamdı.

Vallah heç kimdən, heç nə gözləmirəm, istəmirəm. Amma hərbi geyimdə olan bir insanın bu həyətə ayağı dəyməyib. Bakı ilə Ağdam arasında qalmışıq. İndiyənə qədər bir ətraflı məlumat verən birisi ilə də qarşılaşmamışıq. Nazirliyə getmişdik, bizi biri o birinin üstünə göndərir, qarşısına alıb ətraflı danışmır, işin əslini demir. Adlarını unutmuşam. Günlərlə o qəbul otaqlarında vaxtımızı itirmişik. Mən axı balamı bunlara etibar edib vermişəm”.


Boğazına tıxanmış qəhər bir neçə dəqiqə danışmasına mane olur. Ana özünü toxdadıb yenidən aramla danışmağa başlayır:” Axırda məcbur qalıb, Vitse prezident Mehriban Əliyevaya yazdıq dərdimizi. Mehriban xanım məktubumuza dərhal cavab verərək bizi Qubadlı hərbi prokurorluğuna yönləndirdi. Yoldaşımla ora da getdik .Ordan bizə bir kağız verdilər. Dedilər ki, cinayət işində bəzi faktlar aşkarlanıb. İtkin düşmüş Fəridi də, Firdovsini də bir MAXE işgəncələrə məruz qoyurmuş, əsgərlər də bu səbəbdən hərbi hissəni tərk etmək məcburiyyətində qalıb”.

Doğrusu, dəqiq bilmirəm, cəmi 3 ay hərbi təlim keçmiş, kəndindən başqa heç yeri görməyən, hərbi kordinantlardan xəbəri olmayan 19 yaşlı uşağı Kürdhacı kimi strateji bir əraziyə gətirilməsi nə qədər qanuna uyğundur?Və hələ də təccüblüdür ki, 110 gündür Azərbaycan Ordusunun itkin düşmüş iki hərbçisini o ərazidə axtarmaq, tapmaq bu qədər müşküldür? Bəli, xəbərlərdə deyilir ki, axtarışlar gedir, Amma nəticəsi hanı?

.

Elmira xanım deyir ki, həyat yoldaşımı da axtarışları izləmək üçün Laçına aparmışdılar. Bu axtarış forması Əjdər kişinin heç xoşuna gəlməyib:” Qışda anladıq ki, hava şəraiti əl vermir axtarışlara. 2 aydı Laçında qar yox, qiyamət yox!Bunlar nətər axtarış aparır ki, 4 aydı, iki əsgər haqqında xırda bir məlumat əldə edə bilməyiblər. Bəyəm əsgərlər iynə sancaqdı?”.


Hələ may ayında Əjdər Məmmədov bu haqda mediaya da danışmışdı. Demişdi ki,oğlumla birlikdə itkin düşən əsgər Abdullayev Firdovsi Mais oğlu elə həmin gün komandirlərinə və qardaşına məlumat verib:" Firdovsi martın 3-də dumanda azdıqları zaman qardaşına səs atıb ki, azmışıq. Dumana düşmüşük, amma hardasa hərbi hissənin yaxınlığındayıq, komandirə də zəng edib bu haqda məlumat vermişik. Martın 4-də komandirin siyasi məsələlər üzrə müavini bizə zəng edib deyir ki, Fərid yoxdur, evə gəlməyib.

Dumana düşən əsgər yolu azanda evlərinəmi gəlib çıxır? İki dəfə müdafiə Nazirliyində general Vəkil Orucovun yanında olmuşam. Deyirlər ki, FHN əməkdaşları axtarır. İki ayda bu itkinlər tapılmadı? Tələb edirəm, uşağımı mənə qaytarın. Mən cənab prezidentimizdən, Mehriban xanımdan, müdafiə nazirindən xahiş edirəm, mənə kömək edin".

Həqiqətən də qəribə işdir, hazırki, texnika dövründə dünya ölkələri başqa planetdə su axtarıb tapır, hətta mağara da tapdıqları deyilir. O zaman Azərbaycanın balaca bir ərazisində 2 əsgəri tapmaq niyə mümkün olmayıb?

Əntiqə Rəşid