Beyləqan inkişaf yollarında

Bu gün Azərbaycanın elə bir rayonu yoxdur ki, orada quruculuq, abadlıq və tikinti işləri görülməsin. Çünki ölkəmizin sosial-iqtisadi inkişafını təmin etmək üçün bütün regionlarda möhtəşəm tikinti işləri gerçəkləşdi. Əlbəttə, bu, işlərin həyata keçirilməsi birmənalı olaraq regionlarımızın inkişafına və tərəqqisinə şərait yaradır. Bunu da həyata keçirmək elə də asan deyil. İlk növbədə hər hansı tikinti-quruculuq və abadlıq işlərinin görülməsi üçün böyük vəsaitlər lazımdır. Bu vəsaitlər isə bütün dövrlərdə dövlət tərəfindən həmin işlər üçün ayrılır və rayonların büdcəsinə keçirilir.
Abadlıq-quruculuq işlərinin həyata keçirilməsi ilk növbədə həmin regionda yaşayan insanların həyat səviyyəsinin yüksəlməsinə, onların təhsil, səhiyyə və digər sosial problemlərinin həll edilməsinə əsaslı köməklik göstərir. Bu mənada Beyləqan rayonunda da son 15-20 ildə çox möhtəşəm işlər görülüb. Bu işlər isə bayaq dediyimiz kimi, heç də asanlıqla həll edilmir. Yəni rayonda İcra Başçısından tutmuş, sıravi vətəndaşa qədər gərək hamı bu işlərdə var-qüvvə ilə çalışsın, yaşadıqları regionun inkişafı üçün əllərindən gələni əsirgəməsin. Şübhəsiz ki, hər hansı layihənin gerçəkləşdirilməsində ilk növbədə həmin layihənin sahibləri və onu icra edənlər məsuliyyət daşıyırlar. Mənim yaxşı yadımdadır ki, İrşad Əliyev Beyləqan Rayonunun İcra başçısı işləyəndə qədim şəhərin milli memarlıq üslubunda tikilməsi və bu şəhərin tarixi elementlərini özünə qaytarılması üçün çox böyük addımlar atıldı. O addımlardan biri də açıq səmada olan muzey idi. Bu muzeydə qədim Beyləqan şəhərinin keçmişini əks etdirən eksponatlardan tutmuş, müasir dövrün elementlərinə qədər hər şey öz əksini tapmışdır. Daha doğrusu, həmin muzeyə tamaşa edən hər bir insan bir anlıq həmin dövrə qayıdır, tarixi, keçmişi yenidən yaşayır və sanki özünü qədim Beyləqanda hiss edirdi.
Heç şübhəsiz tarixilik və qədimlik Beyləqan şəhərinin əsas elementlərindən olub. Bunu isə indiki nəsilə çatdırmaq, o işi görən adamlardan vətənpərvərliklə yanaşı, bir memarlıq duyumu da tələb edib. Sonrakı İcra Hakimiyyəti başçılarının vaxtında da Beyləqanda abadlıq-quruculuq və tikinti işləri davam edib. İndi kimin Beyləqan rayonuna yolu düşsə, təbii ki, bu yeniliyin şahidi olar. Beyləqan şəhərində bir-birindən gözəl tikilmiş parklar, xiyabanlar ilk baxışdan adamın diqqətini cəlb edir. Əlbəttə, gözəllikləri yaratmaq, qurmaq və inşa etmək elə də asan deyildi. Bir ağacı əkirsən, ona qulluq göstərməsən, çox yox, iki, üç aydan sonra quruyacaq! Amma Beyləqanda və şəhərdə əkilmiş ağaclar, yaşıllıqlar və güllər, çiçəklər demək olar ki, həmişə Mənzil Kommunal Təsərrüfat işçilərinin diqqət mərkəzində olub. İsti yay günlərində həmin ağaclar ən azı, gündə bir dəfə suvarılır, qış, payız mövsümündə qurumuş budaqlar daranır, ağacların dibi əhənglənir və onlara digər aqrotexniki xidmət göstərilir. Aydındır ki, bu xidmət göstərilməsə, həmin ağaclar normal inkişaf etməz, yaxşı böyüməz və müxtəlif xəstəliklər yarana bilər. Ona görə də, adını çəkdiyimiz qurumun əməkdaşları vaxtlı-vaxtında bu ağaclara və yaşıllıqlara xidmət edirlər.
Beyləqan şəhərində bir-birindən gözəl, yeni tikilmiş yaraşıqlı binalar, sosial obyektlər, xəstəxanalar, uşaq bağçaları və eləcə də, digər tikililər adamın diqqətini cəlb edir. Yolların və səkilərin əsaslı təmiri, tikintisi heç şübhəsiz sakinlərin ürəyincədir. Üstəlik də həmin yollar, səkilər təmiz və səliqəli olanda bu insanlara daha böyük sevinc və rahatlıq gətirir. Rayondan bir-birindən gözəl parklar, xiyabanlar çoxdur. Həmin parklar və xiyabanlar isə birmənalı olaraq, insanların istirahət mərkəzinə çevrilib. Amma bir park öz əzəməti, möhtəşəmliyi və orijinallığı ilə insanları daha çox təəccübləndirir və sevindirir. Bu, Heydər Əliyev adına parkdır. Park özü də milli memarlıq üslubuna və şərq ənənələrinə uyğun inşa edilib. Ulu Öndər Heydər Əliyevin möhtəşəm heykəli parka xüsusi gözəllik verir. Üstəlik də ətrafdakı ağaclar, güllər, çiçəklər və yaşıllıqlar göz oxşayır. Ona görə də isti yay günlərində, axşam saatlarında burada çoxlu sakin istirahət edir, əylənir və müxtəlif xidmət sahələrindən yararlanır. Xüsusən də, yaşlı nəslin nümayəndələri Heydər Əliyev parkında özlərini çox rahat və yaxşı hiss edirlər. Həmin parkda istirahət edən yaşlı insanlara yaxınlaşırıq. Onlardan biri ilə tanış oluruq. Bu, Beyləqan sakini Əvəz Namaz oğlu Həsənovdur. Hardasa yaşı 80-i keçib. Həsən müəllim deyir ki, mən müxtəlif vəzifələrdə işləmişəm. Həmişə də alnımın təri, əlimin qabarı ilə dolanmışam. 8 uşağım olub, onların hamısına ali təhsil vermişəm. Üzləri ağ olsun, mənim yolumu gətirirlər, hörmət edirlər, nə çətinliyim var, aradan qaldırırlar. 20 də nəvəm var ha, onların da çoxu ali məktəbdə oxuyur. İndi heç bir qayğım yoxdur. Şükür Allaha, yaxşı da təqaüd alıram. Hələ o təqaüddən nəvələrimə də pay verirəm. Yaşımın çox olduğuna baxmayın, bu yaşda da sakit durmuram. Kənddə təsərrüfatımız var. Qoyun-quzunu saxlamaqda və əkin-biçin işini görməkdə onlara kömək edirəm. Bu parkı da kimlər tikdiribsə, Allah ölənlərinə rəhmət eləsin! Öncə rəhmət Ulu Öndər Heydər Əliyevə düşür. Çünki, onun adını daşıyan parkda istirahət edirik. Eyni zamanda da mən Prezidlent İlham Əliyevə də öz təşəkkürümü bildirirəm. Beyləqana gələndə həmişə sadə insanlarla görüşür, dərdləşir, qayğılarımızla maraqlanır. Mən onun sadəliyinə və səmimiliyinə məəttəl qalmışam. İnsan nə qədər sadə olar! Ona görə də biz sadə insanlar Prezidentimizi çox istəyirik. Allah ona ömür versin, ailəsini, balalarını, nəvələrini qorusun!
Bəli, Beyləqanda həyata keçirilmiş tikinti-quruculuq və abadlıq işlərində elə ilk növbədə onların sakinləri razı qalır və bu gözəlliklərdən istifadə edirlər. Heç şübhəsiz, bu gün Beyləqanda insanların dövlətimizə, hökumətimizə və Prezidentimizə çox böyük məhəbbəti və inamı var. Çünki, onlar görürlər ki, Beyləqan gündən-günə gözəlləşir, yenidən tikilir və möhtəşəm bir regiona çevrilir. Təbii ki, belə bir möhtəşəm regionda yaşamaq, işləmək və fəaliyyət göstərmək hər bir insanda xoş duyğular və nikbinlik yaradır.
Əlbəttə, onu da qeyd etmək lazımdır ki, Beyləqandakı bu quruculuq və abadlıq işlərində hər bir rayon sakininin də zəhməti, əməyi var. Deməli, şəhər, rayon nə qədər yenidən tikilsə, tərəqqi etsə, bu birmənalı olaraq, insanların həyat şəraitinin yaxşılaşmasına və rifah halının yüksəlməsinə şərait yaradır!
Faiq QİSMƏTOĞLU
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər Xəbərlər

DÜNYA AZƏRBAYCANÇILIQ İDEYASINI SEVGİ İLƏ QARŞILAYIR

İnsan alverindən bəhs olunan “Uçuruma aparan yol!” layihəsinə start verilib

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİNDƏ YENİ LAYİHƏYƏ START VERİLİR
