24 Oktyabr 2025 15:44
77
SİYASƏT

"Biz yaxşı müəllimi axtarmaq üçün onun qarşısına problem qoyuruq" - Deputat

“Müəllim daha çox iş axtarmalıdır, ya dövlət öz təhsilini inkişaf etdirmək üçün yaxşı müəllim axtarmalıdır? Biz yaxşı müəllimi axtarmaq üçün onun qarşısına problem qoyuruq – işə qəbul üçün pul ödəməlisən”.

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasda “Ümumi təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

“Burda nə qədər vəsait qənaət olunur ki, bir müəllim bir dəfə qəbul olub, alınmayıbsa, ikinci dəfə yenə cəhd edir və vəsait ödəməlidir. Müəllim ən az təminatı olan kateqoriyaya aid insanlar olurlar. Çünki bu sahədə müəyyən repetitor fəaliyyəti ilə məşğul olanlar istisna olmaqla, digərlərini gəlir səviyyəsi elə də yüksək olmur. Bu, bütün dövrlərdə belə olub. Biz o qənaəti müəllim üzərindən niyə etməliyik?

Yaxşı olar ki, məsələ müzakirə olunanda biz onların bu vəsaitdən azad olunması məsələsi qoyulsun. Ən azından biz o xərci azaldaq, yaxşı müəllimi stimullaşdıraq ki, məktəbdə dərs deməyə müəllim həvəslə qoşula bilsin. Əgər bu qanun belə qəbul olacaqsa, heç olmasa onun kateqoriyasını genişləndirməliyik. Məsələn, burada qeyd olunur ki, müharibə veteranlarına şamil olunmur. Müharibə veteranı Birinci Qarabağ müharibəsindən danışsaq, artıq 60 yaşı var. Son Qarabağ savaşında isə o yaralanıb, müəllim işləyə bilmir və yaxud səhhəti imkan vermir. Heç olmasa bunu onun övladına, ailəsinə şamil etmək lazımdır. Yaxud da təaqüdçülərin övladına bu imkanı yaratmaq lazımdır”, - deyə deputat bildirib.