adalet.az header logo
  • Bakı -°C
03 Noyabr 2026 12:42
81
GÜNDƏM
A- A+

Bizə cavab verirlər

“Azəristiliktəchizat” ASC-nin açıqlaması

Adalet.az saytında noyabrın 1-də dərc edilmiş məqalə ilə bağlı bildiririk ki, hər bir istehlakçı keyfiyyətli istilik xidməti almaq və hesablamaların düzgünlüyünü yoxlatmaq hüququna malikdir. Müəllifdən mənzilin ünvanını və abonent kodunu təqdim etməsini xahiş edirik: qəza və təchizat qeydləri, hesablamalar araşdırılacaq, əsassız hesablanma aşkarlanarsa, düzəliş ediləcək. Bu yanaşma bütün abonentlərə şamil edilir.

Sayğac olmadıqda aylıq istilik haqqı Tarif Şurasının müəyyən etdiyi tariflə — mənzilin ümumi sahəsinin hər kvadratmetrinə ayda 45 qəpik olmaqla hesablanır. Sahə mənzilin sənədləri və “İstilik enerjisindən istifadə Qaydaları” əsasında müəyyənləşdirilir.

Fərdi sayğacların tətbiqi binadaxili şəbəkənin quruluşundan asılıdır və hazırda binadaxili şəbəkələrin mövcud şaquli quruluşuna görə əksər binalarda texniki cəhətdən mümkün deyil. Bu şəbəkələr “Azəristiliktəchizat” ASC-nin balansında deyil və buna görə onların istismarı və yenidən qurulmasının təşkili Səhmdar Cəmiyyətin səlahiyyətlərindən kənardadır – binadaxili şəbəkələr mənzil mülkiyyətçilərinə və binaların balans saxlayıcılarına aiddir. “İstilik təchizatı haqqında” Qanun qüvvəyə mindikdən sonra layihələndirilən yeni çoxmənzilli binalarda isə üfüqi paylanma və hər mənzil üçün fərdi sayğac nəzərdə tutulur.

Mənzildə istiliyin zəif olması çox vaxt təchizatçının şəbəkəsindən qaynaqlanmır və adətən binadaxili və ya mənzildaxili dövriyyə problemləri ilə bağlıdır. Binadaxili sistemlər Cəmiyyətin istismar məsuliyyətinə daxil olmasa da, əməkdaşlarımız sosial məsuliyyət çərçivəsində mənzil və binaların daxilində də nasazlıqların müəyyənləşdirilməsinə və aradan qaldırılmasına texniki dəstək göstərirlər.

Əsas təmir və sınaq işləri mövsümdən əvvəl görülür. Bu il 12 kilometrdən çox istilik xətti yenilənib, 212 qazan təmir olunub; qazanxanaların modernləşdirilməsi davam edir. Lakin sınaqlar istismar zamanı yarana biləcək bütün qəzaları istisna etmir. Belə nasazlıqlar baş verdikdə, qəza-bərpa briqadaları tərəfindən operativ şəkildə aradan qaldırılır.

Mövsümün erkən başlanması və ya uzadılması sualına gəldikdə, bu yalnız sayğacların mövcudluğundan asılı olan məsələ deyil. Qaz və elektrikdən fərqli olaraq, istilik enerjisi şəbəkədə daim mövcud olmur: qazanxanalar işə salınmalı, mövsümi işçilər cəlb edilməli və bütün sistem istismara verilməlidir. Mövcud şəbəkədə bir mənzili isitmək üçün bütövlükdə binaya istilik verilir. Yalnız bir-iki mənzil əlavə ödənişə razı olduqda sistemi onlar üçün işlətmək iqtisadi baxımdan mümkün deyil.

Bu səbəbdən sakinlərin istəyi ilə mövsümdənkənar təchizat məsələsinə baxılması eyni qazanxanadan qidalanan binaların ümumi mövqeyini və əlavə xərclərin qarşılanmasına dair razılaşmanı tələb edir. Bir çox ölkədə sakinləri təchizatçı qarşısında vahid qurum təmsil edir, razılaşdırılmış qərarı çatdırır və bina üzrə hesablaşmaları təmin edir. Xidmət göstərdiyimiz binaların az hissəsində belə idarəedici təşkilatlar və ya mənzil mülkiyyətçiləri müştərək cəmiyyətləri mövcuddur. Əksəriyyətində ayrı-ayrı mənzil sahibləri ilə birbaşa hesablaşırıq: bir qismi əlavə istilik almağa və onun xərcini ödəməyə razı ola bilər, digərləri buna razı olmaya bilər. Ortaq istehlak sistemində bu cür ziddiyyətli istəkləri hər mənzil üçün ayrıca təmin etmək mümkün deyil.
Mövsümün başlanması həm də ölkə üzrə qaz və elektrik təchizatı sahələrində payız-qış hazırlığı ilə əlaqələndirilir.

Buna görə Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli qərarı ilə təsdiqlənmiş “İstilik enerjisindən istifadə Qaydaları”nda qeyd olunan müddətlər əsas götürülür: Bakıda və digər ərazilərdə isitmə mövsümü 15 noyabr–15 aprel, hava şəraiti nisbətən daha soyuq keçən və qaydalarda qeyd olunan bəzi ərazilərdə isə 1 noyabr–1 may tarix aralığındadır.