Bu gecə sənin üçün qəribsəmişəm - Əbülfət  Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
210 | 2025-02-24 18:05

Bu bir təbii prosesdi və o təbii prosesin içərisində ən böyük hakim zamandı. Zaman da ki, öz işini görür. Heç kimdən heç nə soruşmadan, icazə almadan və hətta o icazənin gərəkliyini düşünmədən…Belə olan halda zamanı qınamaq, onunla sorğu-sual etmək zənnimcə mənasız bir cəhddir. Çünki dəyirman öz işini bilir və belə olan halda bir Allah bəndəsi olaraq bizim də öz işimizi bilməyimiz daha çox elə özümüzə  təsəlli olar. Bax, bu mənada mən son illər zamanla baş-başa gəlməkdənsə  onunla dil tapmağa çalışıram. Təəssüf ki, bu həmişə ürəyimcə olmur. Amma…

Bəli, biz eyni zamanın şinelindən çıxmışıq, eyni illərin  eyni nəğmələrini yaşayıb dinləmişik. Ona görə də həyata baxışımız, adamlara münasibətimiz bizi bir-birimizə bağlayıb və mən həmin o bağlantını, o telləri bir güvənc yeri, bir ümid ünvanı hesab edirəm və bilirəm ki, güvəndiyim, ümid bağladığım ünvan özünü, özəlliyini dəyişən deyil. Həm həyatda, həm də yaradıcılıqda…

Sədaqət xanımla mətbuata, yazı-pozu dünyasına gəlişimiz təqribən eyni dövrə təsadüf edir. O vaxtdan bu günə qədər yaradıcılığını izlədiyim Sədaqət xanım həmişə eyni ritmdə, eyni baxış bucağı altında oxucu ilə təmas qurur, ona sözünü çatdırır, onu təqdim və təqdir edir. Ona görə də imzası dəyişmədiyi kimi, sözünün kəsəri də, məna çalarları da dəyişmir, əksinə, daha da artır, daha da qüvvətlənir. Azərbaycan oxucusu Sədaqət Kərimovanı yazıçı-publisist, həm də şair və naşir kimi tanıyır. Onun bir-birindən maraqlı kitabları həm Azərbaycanda, həm də ölkə hüdudlarında kənarda yayımlanıb. İndi masamın üstündə olan «Hardasan, əvvəlki mən?» adlı bu kitab Sədaqət xanımın şeir və poemalarından ibarətdir. Mənim üçün kitabların adları həmişə müəyyən önəm kəsb edir və ümumiyyətlə, düşünmüşəm ki, ad bütün canlıları müəyyən mənada təqdim etsə də, həm də onun kimliyini az- çox açır, göstərir. Eləcə də kitabların adları bir oxucu olaraq mənə həmişə o kitabın məzmununu, mahiyyətini çatdırır. Məhz bu mənada «Hardasan, əvvəlki mən?» kitabı artıq məni o adı oxuduğum andan düşündürməyə başlayıb. Elə o düşüncələr də məni məcbur edib ki, oxuyum görüm Sədaqət Kərimova özünü – yəni əvvəlki Sədaqəti harda axtarır və niyə axtarır?

Kitabın girişində müəllifin «Etiraf» adlı ön sözü var. İki dəfə oxudum bu ön sözü. Ona görə iki dəfə oxudum ki, Sədaqət Kərimova oxucusuna özünün kimliyini pıçıldayır, həyatını bir həmsöhbət kimi yazı formasında ortaya qoyub, hardan hara gəldiyini deyir. Ən vacibi isə bir yazar olaraq, bir xanım olaraq həyatının suallarını təkrarlayıb: «Nədir gecələr yuxumu qaçıran? Nədir məni daim tarıma çəkilmiş ox kimi gərginlikdə saxlayan? Nədir sonsuz həyəcanlarımın səbəbi? Niyə indiki zaman məni qane eləmir? Nədən adi insani hisslər ruhumun qidası ola bilmir? Elə hey can atdığım, gecə-gündüz arzuladığım nədir?»

Bu sualları yəqin ki, siz də diqqətlə oxudunuz. Mən də oxuduğum sualların cavabını elə kitabın sualla işarələnmiş adında da görməyə, duymağa başladım. O duyğuların təsiri ilə ilk söz ətrini ruhuma hopdurdum. Bu ətir gerçəkliyi, yazı adamı üçün yazmaq işgəncəsinin məna ətri idi.

 

Yazmaq – acı çəkməkdir,

Dünyamızda acı çox.

Şair kimi dərd əhli,

Yazmaq kimi acı yox.

 

Tam səmimi bir şəkildə edilən bu etiraf əslində hər bir qələm adamının ürəyindən keçən hissin şeir formasıdır və mən də onu bir ətir kimi ona görə qəbul etdim ki, həm də orda gördüyü işdən, tutduğu mövqedən asılı olmayaraq qələmə söykənən şəxsin sanki şəkili çəkilibdi. Onu görməmək mümkün deyildir. Elə bu mümkünsüzlüyün içərisində düşüncələrə daldığım məqamda öz-özümə ağlımdan qığılcım kimi gəlib keçən bir sözün ətəyindən tutdum:

 

Nəyi arzulasam, dönər tərsinə,

Nə deyəsən mənim kimi tərsə, nə?

Bu acı taleyin acı dərsinə

Dözsəm nə olacaq, bəs dözməsəm nə?

 

Tale yollarında qazırmış quyu,

Yandım, bulaqların qurudu suyu.

Elə hey itirdim mən ömrüm boyu,

Başıma gələnlər oyundur, oyun.

 

Mən buğda əkərəm, biçərəm darı,

Kal ikən tökülər bağımın barı.

Nə qədər qaçsam da bəxtimə sarı,

Uzanar, uzanar, bitməz yolları.

 

Tale ümidimi saldı tələyə,

Arzu, diləyimi verdi küləyə.

Ömürlük həsrəti salıb ürəyə,

Nə deyim, nə deyim daha fələyə.

 

Doğurdan da bundan artıq nə deyim. Bütün deyilməli olanların hamısını Sədaqət xanım deyib və dedikləri də bir oxucu kimi məni düşündürür. Bir halda ki, düşünürəm, deməli, ortaya qoyulan mövqe mənə də aiddir, məni də öz aurasına alıbdır. Burda fərqli olan bir nüans var, o da dünyamızın bu günündə, həyatımızın bu nöqtəsində zaman-zaman zərif cinsin  güclü cinsi  uca tutmasıdır. Hətta  bu  məqamı  bizdən öncə atalar sözü səviyyəsinə də qaldırıblar. Baxmayaraq ki, möhürlənmiş fikirdi, amma Sədaqət xanım həmin o fikri də poetikləşdirir, onu şeirə çevirir. Və   " Nə deyim"-dən sonra bu şeiri oxuyanda bilirsən ki, hələ deyilməmiş bir fikir də var:

 

Dağın beli bükülər,

Göydən daşlar tökülər,

Yerdən sevinc çəkilər,

Kişilər ağlayanda.

 

Dəniz kükrəyər, daşar,

Sular yanar, alışar,

Ahlar yeri dolaşar,

Kişilər ağlayanda.

 

Ağaclar qəddin əyər,

Buludlar qara geyər,

Gəlinlər ağı deyər,

Kişilər ağlayanda.

 

Ümid yolu kəsilər,

Əlac bilməz kimsələr,

Unudular küsülər,

Kişilər ağlayanda.

 

Artar dərdlər, acılar,

Ahlar göyə ucalar,

Dünya sanki qocalar,

Kişilər ağlayanda.

 

Həqiqətən də bir güc təmsilçisi olan varlıq ağlayanda onda ümid də, etibar da, hətta inanc da sarsılır. Bir anlıq düşünürsən ki, əgər kişi ağlayırsa, onda gör zərif cinsin halı necədir, o nələr çəkir. Bax, bu sonuncu sual öz cavabını çox gözlətmir. Çünki o sualı yaradan onu şeirin dili ilə oxucuya çatdıran müəllif həm də bir çıxış yolu, bir yapışıb bərk-bərk tutub ayaqda durmağın zəruri olduğunu da xatırladır. O, poetik bir obraz yaradır. Həmin obrazda oxucuya deyir ki:

İstəmədən doğuluruq,

Xəyallarla yaşayırıq.

Həsrətləri, hicranları

Qəlbimizdə daşıyırıq.

 

Gah sevincə bülənd olur,

Gah kədərlə köklənirik.

Seviləndə coşub-daşır,

Atılanda təklənirik.

 

Yaşamağa dəyər, əgər

Varındıma bir sirdaşın.

Sədaqətdir, etibardır

Bu dünyanın məhək daşı.

 

İncidirik, inciyirik,

Ağladırıq, ağlayırıq.

Dünyamızı məhvərində

Sevgimizlə saxlayırıq.

 

Həqiqətən də biz «O!»la dünyaya gəlmişiksə, olmağı da bacarmalıyıq. Yerimizi, haqqımızı dəyərləndirib arzularımızı gerçəkləşdirməyi bacarmalıyıq. Çünki sevgimiz də, sevincimiz də, xəyallarımız da, güvəndiklərimiz də bizdən yaşamaq və onların yanında olmaq istəyini ortaya qoyur. Bu isə o deməkdir ki, təkcə yaşamaq haqqımız deyil, həm də yaşamağa dəyər.

Kitabdakı şeirlərin içərisindəki səmimiyyət sevginin özünü də o qədər sadə və gerçək təqdim edir ki, o sevgiyə baş əyməli olursan. Bilirsən ki, bu yaşanan və yaşadan sevgidir. Onun üçün mücadilə etmək, onu qorumaq və onu ilahi sevgi səviyyəsinə qaldırmaq, sevənin amalı, həm də elə özü olmalıdır. Çünki sevgidən başqa, sevəni yaşadan bir şey yoxdur. Bütün çevrən, bütün həyatın məhz sevgidən qidalanır, sevginin üzərində durur və səni ayaqda saxlamaqla yaşadır, şərəfləndirir. Ona görə də:

 

Bu gecə səninçün qəribsəmişəm,

Bu gecə yadıma düşmüsən yaman.

Bəlkə nəfəsinin bahar ətridir,

Üzümü oxşayan, gözümü yuman?

 

Əllərin hardadır, saçıma daraq?

Gözlərin yoldamı, o bir cüt bulaq?

Dodağın nə deyir, atəşli dodaq?

“Bir şirin görüşə görünür güman?”

 

Indi xəyalına gəlirəmmi, de?

Göz yaşı içində gülürəmmi, de?

Qəlbindən keçəni bilirəmmi, de?

“Səni məndən niyə ayırdı, de?

“Səni məndən niyə ayırdı zaman?”

 

Bu gecə havada yar qoxusu var,

Bənövşə gecəmin qəm oxusu var.

Gözümdə bir şirin eşq yuxusu var,

Uyusam həqiqət, oyansam yalan.

 

Mən Sədaqət xanımın «Hardasan, əvvəlki mən?» kitabı barəsində bu kiçik qeydlərimi elə onun öz misraları ilə bitirmək istəyirəm. Çünki hər yazı adamı öz sözünü, öz duyğularını, öz istəklərini yazır, deyir, ifadə edir. Bu isə o deməkdir ki, deyilən sözün dəyəri, çəkisi, tutumu o vaxt önəm kəsb edir ki, o, ürəyə hopur, yaddaşa yazılır. Bax, müxtəlif mövzuları əhatə edən kitabın  müəllifin dili ilə etiraf etdiyim dəyəri də, mənası da elə bu bir bənddə ifadə olunubdur. Mən də Sədaqət xanımı ən səmimi və ən yadda qalan şeirlərindən olan bu bəndlə fikirlərimə nöqtə qoyuram:

 

Ürəyimə girmək asan,

Ürəyimdə qalmaq çətin.

Ürəyimi qırmaq asan,

Ürəyimi almaq çətin.

 

TƏQVİM / ARXİV