adalet.az header logo
  • Bakı -°C

Dünyada yaddan çıxmayan adamlar... - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
1477 | 2025-11-03 19:45
A- A+

Bu dünya bir pəncərə olsa da, hər adam o pəncərədən baxıb, iz qoya, yadda qala bilmir! Amma insanların ürəyinə yol tapan, qəlblərdə xatirə yaradan insanlar həm dünyanın yaddaşında, həm də tanıdıqları adamların qəlbində əbədi yaşayır! Yazıçı - publisist, jurnalist  , dostumuz və qardaşımız Surxay Əlibəyli də belə ziyalılardan, belə insanlardan olub.

O, dünyasını dəyişə də , bizim üçün, dostları üçün və əzizləri üçün həmişə sağdır! Onunla " Ədalət" qəzetində uzun müddət bir yerdə işləmişik, dostluq  eləmişik, çörək kəsmişik. Hətta ezamiyyətə də bir neçə dəfə bir yerdə getmişik! Çox iş yoldaşımızda olmayan səmimiyyəti, halallığı və dürüstlüyü ondan görmüşük. Onun haqqında keçmiş zamanda danışmaq olmur və elə bilirəm ki, bu dəqiqə  deyəcək ki, Qismət kişinin oğlu dur gedək, yeyib- içməyə! Düzdür, mən elə də yeyib - içən insan deyiləm, amma Surxay Əlibəyli deyəndən sonra ağzım nə idi ki, durub getməyim. Deyirdim ki, qardaş, bəlkə Pərviz Əliyevi, Lətif Süleymanlını, Məhəmmədəli Mustafanı da aparaq.

Gözlərini qıyıb diqqətlə mənə baxıb deyirdi ki, onlar da gəlsinlər. Həmişə getdiyimiz kafedə oturardıq! O ki, var məndən başqa dostlarımız möhkəm yeyib- içərdi! Bizim kollektivdə elə bir adam yox idi ki, Surxay qardaşımızla zəngin xatirəsi olmasın.Surxay Əlibəyli o adamlardandır ki, çörəyini iki yerə yox ey, beş yerə bölüb! Bu addımı atmaq üçün insanda böyük ürək olmalıydı və bu ürək də onda var idi. Onun qədər dostu- tanışı olan adam çox az idi. Pərviz Əliyev, Əbülfət Mədətoğlu, Süleyman Qaradağlı, Elman  Məmmədov... və bir çoxları Surxayla yaxın dostlar idilər. Hansı birindən Surxay Əlibəyli haqqında nə isə soruşsan saatlarla  danışa bilərlər.

Çünki onunla bağlı bizim hər birimizdə zəngin xatirələr var... Surxay qardaşımız 2018- ci il noyabrın 5- də Allahın dərgahına  qovuşmuşdu. Elə hər il də bu vaxtlar bütün dostları onu xatırlayır. Surxay Əlibəylini yada salanda qəzetimizdə çalışmış və dünyalarını dəyişmiş bütün iş yoldaşlarımızı xatırlayırıq! Pərviz Əliyevi, Nazim Ağamirovu, Lətif Süleymanlını, Məhəmmədəli Mustafanı, Qələndər Xaçınçaylını da yaddan çıxarmırıq ! Hamısının yeri Cənnət olsun! Onsuz da bizim dostların yarpaq tökümü çoxdan başlayıb.

Bu yaxınlarda isə istedadlı şair , dostumuz Əlisəmid Kürü və yazıçı - jurnalist Nizami Rəhmanlını  itirdik... Amma bizə təhsillə olan odur ki, Surxay Əlibəyli başda olmaqla adını çəkdiyimiz bu yazarlar Azərbaycan mətbuat tarixində  yeni bir səhifə yazıblar.Və biz nə vaxta kimi sağıq  Surxay Əlibəyli də yaşayacaq! Çünki o, bir yazıçı, bir jurnalist olaraq həmişə xalqın, elin, insanların arasında olub. Xalqını sevən, millətinə xidmət edən adamları nə dünya unudur, nə də insanlar! Və Surxay Əlibəyli də belə bir gözəl , mənalı ömür yaşayıb.Ona görə də, yadımızdan çıxmır!!!

TƏQVİM / ARXİV