İnsanlığın uca zirvəsi - Faiq Qismətoğlu yazır

FAİQ QİSMƏTOĞLU
3403 | 2024-04-24 11:39

...Aprelin 17-i səhər saatlarında mənim mobil telefonuma bir zəng gəldi. Bu, mənim müəllimim və atamın yaxın dostu İsgəndər Quliyevin oğlu İlham idi. Biz bu ailə ilə düz 50 ilə yaxındır ki, çörək kəsirik, dostluq edirik və xeyir-şərimiz bir yerdə olub. İlham kövrələ-kövrələ dedi: “Faiq müəllim, atam dünyasını dəyişdi. Dedim ki, biləsiniz”. Sözün düzü bu bəd xəbəri eşidən kimi çaşıb qaldım. Əgər kimsə İsgəndər müəllimin ölüm xəbərini mənə desəydi inanmazdım. Çünki o, çox mübariz, çox güclü və çox da inamlı ziyalı idi. Və Novruz bayramında zəng edib, təbrik eləmişdim, hal-əhval tutmuşduq. Onda səsindən hiss elədim ki, vəziyyəti bir qədər narahatedicidir. Ancaq buna baxmayaraq, həyat yoldaşı, bacım qədər çox istədiyim Əzizə xanım zəng edənin mən olduğumu bilən kimi İsgəndər müəllim dəstəyi götürüb danışdı. Ümumiyyətlə, bayramlarda ya o mənə zəng edir, ya da mən ona zəng edirdim. Ən azından ona görə ki, atamdan sonra bizim ailənin ən çətin günündə, sıxıntımız olanda arxamızda durub və “qorxma” deyib. Universitetdə bütün tələbələrin, o cümlədən, yetim-yesirlərin və imkansız adamların hamısına təmənnasız olaraq kömək edib. Belə insanlar dünyada çox az olurlar. Elə az olduqlarına görə də hamı tərəfindən sevilirlər. 

İsgəndər Həsən oğlu Quliyev Astara rayonunda dünyaya göz açmışdı. Atası Həsən kişi ikinci Dünya Müharibəsində həlak olmuşdu. Sonradan o gedib atasının məzarını axtarıb tapmışdı. Amma İsgəndər müəllim yetimçiliyin, çətinliyin və kimsəsizliyin hər üzünü görmüşdü. Bütün sıxıntıları, ağırını, acını rəhmətlik anası ilə bir dəf eləmişdilər. Anasını da görmüşdüm, çox nurlu, çox ismətli və abırlı azərbaycanlı xanımı idi. Elə İsgəndər müəllim də bu namuslu və ismətli xanımdan tərbiyə alıb, böyümüşdü. Bakı Dövlət Universitetində (Azərbaycan Dövlət Universitetində) aspiranturaya qəbul olmuş, oxumuş və tarix elmləri namizədi adını qazanmışdı. “Sov.İKP tarixi” kafedrasının ən hörmətli müəllimlərindən idi. Heç kim deyə bilməz ki, o, savadlı, bilikli və istedadlı tələbələri incidib. Çox ciddi və tələbkar müəllim olduğuna görə hamıdan oxumağı istəyib. Və həmişə də haqqın, ədalətin tərəfində olub. Ona görə də Bakı Dövlət Universitetində sayılıb, seçilən və xüsusi yeri olan müəllimlərdən biri kimi tanınıb. 

İsgəndər Quliyev dostluğa, yoldaşlığa və kəsdiyi çörəyə çox sədaqətli insan olub. Və o cümlədən dövlətə və dövlətçiliyə, Ulu Öndər Heydər Əliyevə böyük məhəbbəti ilə fərqlənib. Belə ki, ölkənin ən ağır günündə Heydər Əliyevi hakimiyyətə gətirən məşhur “91-lər”dən biri də İsgəndər Quliyevdir. Hansı ki, həmin dövrdə bu, əməlinə görə onu mövcud hakimiyyət ölümlə hədələyib, həyatına sui-qəsd etməklə qorxudurdular. Amma İsgəndər Quliyevi haqq-ədalət yolunda nə hədə-qorxu, nə də ölüm qorxuda bilərdi. O, bir şeyin həqiqət olduğunu hiss edəndən sonra başına silah sıxsan da, dediyindən geri dönən deyildi. 

İsgəndər Quliyevi həm dövlət, həm də xalq çox istəyirdi. Çünki dövlətin və xalqın ən ağır günündə onun yanında olmuşdu. Ona görə də İsgəndər Quliyevi Astaradan, yəni öz vətənindən millət vəkili seçdilər. Millət vəkili olanda da, sözün həqiqi mənasında seçildiyi rayonun insanlarının əsl vəkili oldu. Onların hüquqlarını qorudu, haqq səsini yüksək qurumlara çatdırdı və problemlərini yoluna qoydu. Onun təşəbbüsü ilə həmin dövrdə Astarada bir neçə məktəb binası inşa edildi. Bütün bunlar İsgəndər müəllimin el-oba arasında hörmətini daha da artırdı. 

O, Bakı Dövlət Universitetinin professoru idi. Və bu müqəddəs ali təhsil ocağında ömrünün sonuna qədər çox vicdanla, namusla, şərəflə çalışdı. Hamıya yaxşılıq elədi, əl tutdu və arxa durdu. İsgəndər Quliyev sabiq millət vəkili olmaqla yanaşı, Prezidentin sərəncamı ilə “Şöhrət” ordeni, “Prezidentin Fəxri diplomu”, “Heydər Əliyevin 100 illiyi” medalı ilə təltif edilib. Yəni onun dövlət və xalq qarşısında zəhməti yüksək qiymətləndirilib. 
Aprelin 19-da Heydər məscidində İsgəndər Quliyevin 40 məclisi keçirildi. Onu sevənlərin hamısı o məclisdə iştirak edirdi. Ölkənin tanınmış ictimai-siyasi xadimləri, deputatlar, sabiq millət vəkilləri, ziyalılar və onun tələbələri bu məclisdə idilər. Hamısı da İsgəndər müəllim haqqında xoş sözlər səsləndirirdi. Onun uzun illər qonşusu olmuş, Yasamal Rayon İcra Hakimiyyətində və sovet dönəmində rayon sovetində məsul vəzifədə işləmiş Camal Əliyev dedi ki, İsgəndər Quliyev insanlığın ən uca zirvəsində idi. Çünki bu adam hamıya yaxşılıq etməyi və arxa durmağı özünə borc bilirdi. 
Biz yazımızın əvvəlində qeyd etdiyimiz kimi İsgəndər müəllimin ailəsi ilə çox yaxın olmuşuq. Onun iki oğlu – İlham və Həsən, qardaşı oğlu Mehman, bacısı oğlu Yadigar bu nəslin davamçılarıdır. İnanın, onların İsgəndər müəllimi nə qədər çox istədiklərini görmək elə də çətin deyildi. Sadəcə olaraq, İsgəndər müəllim elə bir iz qoyub getdi ki, o izi davam etdirmək də özü bir mərdlikdir. 

İnsanlığın uca zirvəsində olan İsgəndər müəllimi nə onun doğmaları, nə də dostları, tələbələri unudacaq. Çünki İsgəndər müəllim bir yaxşılıq edəndə təmənnasız eləyib və onun əvəzini gözləməyib. Yazımızı Xalq şairi Musa Yaqubun bu misraları ilə bitirmək istəyirik:

Hardasız, hardasız, çiçək adamlar, 
Hardasız, hardasız, mələk adamlar?
Bu şeytan adamlar, böhtan adamlar, 
Bu tikan adamlar öldürər bizi...

  • Oktyabr:
  • 25

TƏQVİM / ARXİV