adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
27 May 2022 11:24
889
ƏDƏBİYYAT

Bu gün onun anım günüdür...

27 may Azərbaycanın ilk Xalq şairi, görkəmli dramaturq, alim, ictimai xadim Səməd Vurğunun anım günüdür. Səməd Vurğunu insanlara sevdirən şeirlərindəki sadəlik, səmimilik, xalq dilinə yaxınlıq, lakin bütün bunlarla yanaşı, dərin mənalılıqdır. Şairin ədəbiyyatımızın qızıl fondunda yer almış əsərləri bu gün də poeziyamızın qiymətli inciləri sırasındadır. Səməd Vurğun cəmi 50 il yaşamasına baxmayaraq, onun ədəbi irsi özündən sonrakı Azərbaycan poeziyasının formalaşmasında rol oynayıb.

Xalq şairi Səməd Yusif oğlu Vəkilov 1906-cı ildə Qazax qəzasının Yuxarı Salahlı kəndində anadan olub. Atası gözəl saz ifaçısı kimi tanınıb. Uşaqlıq illərini doğma kəndində keçirən Səməd ibtidai təhsilini rus-tatar məktəbində alıb. Onun 6 yaşı olarkən anası Məhbub xanım vəfat edib. Səməd atası Yusif ağanın və ana nənəsi Aişə xanımın himayəsində böyüyüb. Şairin ana babası Mehdixan ağa Köhənsal təxəllüsü ilə tanınan el şairi idi. Şairin ana nənəsi Aişə xanım Molla Pənah Vaqifin nəslindən olub.

Səməd Vurğun gəncliyində hər şeylə maraqlanan, həssas, bununla yanaşı, çox qətiyyətli, möhkəm iradəli, hazırcavab olub. Hələ təhsil illərində Vaqif, Vidadi, Zakir və Sabir yaradıcılığı ilə yanaşı, Puşkin və Lermontovun, türk şairlərindən Tofiq Fikrət, Namiq Kamal, Mehmed Eminin əsərləri ilə də tanış olub. 1930-cu illərdə o, Aleksandr Puşkinin “Yevgeni Onegin”, Maksim Qorkinin “Qız və ölüm”, Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan”, Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərlərini Azərbaycan dilinə tərcümə edib.

Şairin ilk çap əsəri olan “Cavanlara xitab” şeiri 1924-cü ildə Tiflisdə çıxan “Yeni fikir” qəzetində dərc olunub. 1930-cu illərdə şairin “Könül dəftəri” və “Şeirlər” kitabları çapdan çıxıb. 1934-cü ildə yazdığı “Azərbaycan” şeiri ədəbiyyatımızın incilərindən hesab olunur. 1937-ci ildə “Vaqif”, sonrakı illərdə “Xanlar”, “Fərhad və Şirin”, “İnsan” dramlarını, “Zəncinin arzuları”, “Muğan”, “Aygün” və “Zamanın bayraqdarı” poemalarını qələmə alıb.

Maraqlıdır ki, şairin ölümündən 3 ay əvvvəl, 1956-cı ilin martında “Azərbaycanın Xalq şairi” fəxri adı təsis edilib və ilk dəfə bu ada Səməd Vurğun layiq görülüb.

Sevimli şair 1956-cı il mayın 27-də dünyasını dəyişib və Fəxri xiyabanda dəfn olunub. Ruhu şad olsun. Ehtiramla anırıq...

Hazırladı : Bünyamin Bünyadzadə