12 Dekabr 2012 22:37
10133
MÜSAHİBƏ

"Bu potensialdan lazımınca yararlana bilməmişik"

Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanovun "Ədalət" qəzetinə verdiyi müsahibəni təqdim edirik

- Eldar müəllim, turizm sahəsində həyata keçirilən işlərin fonunda qız turizminin vəziyyəti necədir?

-Azərbaycanda turizmin inkişafı üçün davamlı addımlar atılır. Demək olar ki, bu sahə üzrə həyata keçirilən işlərin fonunda yay turizminin inkişafına nail olunub. Qış turizminin inkişafı ilə bağlı isə vəziyyət fərqlidir. Bu, bilavasitə onunla bağlıdır ki, qış turizmi Azərbaycanda yeni qurulan bir sahədir. İndi ölkəmizdə turizmin inkişafı, bütün fəsillərdə turizm olması məsələsi gündəlikdə duran əsas məsələlərdəndir. Məqsəd yalnız mövsümi deyil, turizmin ayrı-ayrı növlərinin ölkəmizdə varlığını göstərməsinə nail olmaqdır. Qış turizmi ilə bağlı danışarkən ilk növbədə Şahdağ Qış-Yay Turizm Kompleksini qeyd etmək olar. Bilirsiniz ki, ölkə rəhbərliyinin nəzarəti və himayəsi ilə neçə illərdir ki, bu kompleksin qurulması istiqamətində iş gedir. Məlumat üçün onu da qeyd edim ki, yaxın günlərdə Şahdağda beş ulduzlu otelin istifadəyə verilməsi gözlənilir. Şahdağ Qış-Yay Turizm Kompleksi ilk turistləri qəbul edəcək və bu Azərbaycan turizmi üçün tarixi bir hadisə olacaqdır. Bu kompleks bütün il boyu fərqli idman və turizm növləri üzrə xidmətlər təklif edən beynəlxalq tələblərə cavab verən bir yer olacaqdır. Məlumat üçün deyim ki, bu kompleks bir oteldən ibarət deyil. Yaxın gələcəkdə kompleksdə müəyyən olunmuş plan əsasında digər otellərin, villa tipli evlərin, kotejlərin, gənclər mərkəzlərinin, müxtəlif sosial qruplar üçün müxtəlif turizm xidmətlərinin fəaliyyət göstərməsi nəzərdə tutulub. 10 min turist həmin mərkəzdə dincələ biləcək. İkinci belə bir mühüm kompleksin inşası Qəbələdə davam edir. Bu da alternativ kompleks olacaq, sevindirici haldır ki, bu da qış turizm xidmətləri təklif edəcək və sırf özəl sektor təşəbbüsünə əsaslanır. Bu iki kompleks qış turizmi üçün çox gözəl vasitə olacaq. Burada nəinki ölkə vətəndaşları, eyni zamanda xarici turistlər də dincələ biləcəklər. Hazırda turistlər qış turizmi ilə yanaşı ovçuluq, balıqçılıq,ekoturizm, sağlamlıq turizmi və s. sahələrin olmasında maraqlıdırlar. Daxili turizmin bu sahəyə yönəldiyinin şahidi oluruq. Hazırda müəyyən araşdırmalar aparırıq. Regionlarda olan otellərdə bu yöndə müəyyən canlanma var. Bu bizi sevindirir. Arzumuz odur ki, yalnız ölkə vətəndaşları deyil, həmçinin xarici ölkə vətəndaşları da məhz bizim bu qış turizm komplekslərimizə gəlsinlər və bu da ölkəmiz üçün faydalı olsun.

- Azərbaycan iqtisadiyyatı qış turizmindən hansı səviyyədə yararlana bilir?

- Təəssüflər olsun ki, rəsmi statistikada, aparılan təhqiqatlarda turizmin növləri üzrə gəlirlərin hesablanması metodikasını axıra qədər işləməmişik. Alimlər, bu sahənin tədqiqatçıları olaraq bizim bu sahədə işlər görməmiz lazımdır. Buna baxmayaraq, qış turizmindən gələn gəlirlərin yüksək olduğunu zənn eləmirəm. Çünki Azərbaycanda turizmin bu günə qədər ki, inkişafı xüsusən işgüzar turizmlə bağlıdır. MİCE (meeting, information, conferences and exhibitions ) turizmi daha geniş inkişaf edib. Bilirsiniz ki, hər həftə ölkəmizdə çoxsaylı konfranslar, simpoziumlar, sərgilər, idman yarışları keçirilir və bütün bu tədbirlər gətirib ona çıxarır ki, işgüzar məqsədlə ölkəmizə çoxlu səfərlər olur. Misal üçün, keçən həftə Rastropoviç Beynəlxalq musiqi festivalı oldu, nə qədər qonaqlar gəldi Bakıya və ya qarşıdan 2013-cü ilin may ayında Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək və çoxsaylı nüfuzlu qonaqlar ölkəmizə gələcəkdir. Bu tədbir bir tərəfdən Azərbaycanın tanınması, konkret mövzuda vacib müzakirələrin aparılması, nəticələrin əldə edilməsidirsə, digər tərəfdən bu bir turizm hadisəsidir. Amma onu qeyd etməliyəm ki, qış turizmi sahəsi üzrə gəlirlərin qarşıdakı illərdə artacağı proqnozlaşdırılır. Bu sahədəki işlər, səylər qış turizminin inkişafına səbəb olacaqdır. Potensial daha böyükdür. Açığı biz bu potensialdan lazımınca yararlana bilməmişik. Amma bundan sonra bu sahədə geniş planların olduğunu söyləyə bilərəm. Turizmin inkişafı üzrə dövlət proqramının əsas məqsədlərindən biri turizm mövsümünü bütün il boyu davam etdirməkdir. Yay və qış xüsusilə cəlbedici olur. Bu dövr insanlara xüsusi təsir edir. Qışda təqvim ilinin dəyişməsi, yayda isə insanların istirahətə çox vaxt ayırması halları daha sıx olur. Yayda turizm mövsümü çox fəal olur. Xüsusən Xəzər dənizi, çimərliklər... və s. Qışda Qafqaz dağının ətəklərində olan imkanlardan istifadə etməli və bu istiqaməti gücləndirməliyik.

- Bu sahədə əsas çatışmazlıqlar nədən ibarətdir?

- Çatışmazlıqlar infrastrukturlarla bağlıdır. Qış aylarında məhz elə infrastrukturlar olmalıdır ki, vətəndaşlar gedib orda qış turizm növlərindən, təbiətin verdiyi gözəllikdən istifadə edə bilsinlər. Qonşu ölkələrə baxsaq Gürcüstan, Qazaxıstan, Türkiyədə məhz qış turizm kompleksləri var. Hansı ki, müəyyən ərazilər, bu sahə üzrə ixtisaslaşıb. Bu analoji infrastruktur bizdə də olmalıdır. Digər çatışmamazlıq kadr məsələləridir ki, Turizm İnstitutu problemi həll etməkdə böyük işlər görməlidir. Komplekslərin, kanat yollarının, xizəkçiliyin daha da təkmilləşdirilməsi, turistlərə tüksək səviyyədə qonaqpərvərliklə xidmət göstərilməsi mühüm işlərdir. Turizm İnstitutundan turizm otelçilik ixtisasında eksterimal turizm növü üzrə kadr hazırlığı aparılır. İkincisi isə yeni fəaliyyətə başlamış Bakı Turizm Peşə Məktəbində dağ xizək bələdçisi üzrə kadr hazırlığı aparılır. Bu il 20 nəfər o ixtisas üzrə hazırlanıb Şahdağa göndəriləcəkdir. Bunlar texniki və xidməti personal olacaqdır. Ən qısa müddətdə Qusarda regional turizm peşə məktəbi açmağı nəzərdə tuturuq. Bu məktəb kadr ehtiyacını qarşılamağa xidmət edəcəkdir.

-Demək olarmı ki, qız turizm sahəsi üzrə inhisarlaşma var?

-Yox demək olmaz. Bu turizm sahəsində ilk addımlar atılır və inhisarlaşmadan söhbət belə gedə bilməz. Bu sahədə demək olar ki, alternativ müəssisə və komplekslər yoxdur. Azərbaycanda inhisarlaşma, monopoliya o zaman ola bilər ki, bazarda xidməti göstərən otellər çoxluq təşkil etsin və rəqabət potensialı və təzyiqi olsun. Bizdə isə qış turizmi hələ yeni inkişaf edir. Bu sahədə qeyd etdiyim problemlər aradan qaldırıldıqca, inkişaf da müşahidə olunacaqdır.

- Xarici turistlərdə ölkənin qış turizm mərkəzlərinə diqqəti artırmaq üçün hansı işlər görülməlidir?

- Biz ilk növbədə qış turizm mərkəzlərini daxili turistlər üçün açmalıyıq. Tədricən bu turizm mərkəzləri ixtisaslaşmalı və güclənməlidirlər. Bundan sonra xarici turistlərin qış turizm mərkəzlərinə cəlb olunması ilə bağlı iş aparılmalıdır. Ölkəniz qış turizmi ilə bağlı keçirilən beynəlxalq sərgilərdə yüksək səviyyədə təmsil olunmalıdır. Biz bu kimi tədbirlərə qatılmaqla xarici turistləri əsasən də Ərəb yarmadasından olan turistləri hədəf götürə bilərik. Ölkəmizin qış turizmi onlar üçün cəlbedici ola bilər.

Ədil Ədilzadə