Cənubi Koreyada 7 günlük matəm elan edildi
Cənubi Koreyanın prezidenti vəzifəsini icra edən, baş nazir müavini Çoi Sanq-mok Muan hava limanında 179 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasından sonra bir həftəlik matəm elan edib.
Adalet.az xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat və Maliyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, hökumət əyalətlər və bilavasitə tabe olan şəhərlər də daxil olmaqla, bütün 17 bölgədə məntəqələr təşkil etmək qərarına gəlib ki, sakinlər həmvətənlərinin ölümü ilə bağlı başsağlığı verə və onların xatirəsini ehtiramla ansınlar. Matəm yanvarın 5-i gecə yarısına qədər davam edəcək.
İlkin məlumata görə, qəza quşlarla toqquşma nəticəsində yaranan eniş qurğusunun nasazlığı səbəbindən baş verib. Təyyarə eniş etməyə cəhd etsə də, əlavə dövrə vurmaq məcburiyyətində qalıb. Ekipaj təyyarəni endirməyə çalışsa da, təyyarə sürətini azalda bilməyib və uçuş-enmə zolağının sonundakı konstruksiyaya çırpılıb, nəticədə partlayış və yanğın baş verib.