22 Iyul 2024 11:28
114
SİYASƏT

Cənubi Qafqaza nəzarət etməyə potensial var, kadr yoxdu - Səxavət Məmməd yazır

Cənubi Qafqaz ABŞ və Rusiyanın əsas toqquşma mərkəzlərindən birinə çevrilməkdədir. Bu toqquşma əsasən Ermənistan və Gürcüstan üzərindən həyata keçirilir.

Ermənistan 44 günlük müharibədən sonra Rusiyaya üz çevirməyə başladı. Erməni tərəfi məğlubiyyətlərinin səbəbkarı kimi Rusiyanı gördü. Hətta Ermənistan bir çoxları Rusiyanı ittiham etdi ki, niyə onlara ruslar kömək etmədi. Rusiya əleyhinə aksiyalar, 102-ci bazanın qarşısında etirazlar, hətta Qarabağdakı sülhməramlıların qərargahının qarşısına da toplaşaraq Rusiyanı ittiham edirdilər. Anti-terror əməliyyatından sonra isə Ermənistan açıq şəkildə Rusiyadan qopduğunu nümayiş etdirdi. Əvvəlcə yön dəyişmək siyasətdə baş verdi, ardınca isə hərbiyə yönəldi. İqtisadi qopmanı isə hələ də necə həyata keçiriləcəkləri düşünülür. Çünki Ermənistanın iqtisadı baxımdan Rusiyadan qopması o qədər də asan məsələ kimi görsənmir.

Ermənistan müharibədən sonra ordudakı boşluqları doldurmağa start verdi. Bu həm itirilmiş texnikaların yerinin doldurulması, həm də müharibə zamanı üzə çıxan zəif yerlərin möhkəmləndirilməsi kimi səciyyələndirilməlidir. ABŞ ordusu ilə Ermənistan ordusunun birgə təlimlərinin sonu mütləq şəkildə Ermənistan ordusunda bir nümayəndə təyini ilə nəticələnməli idi. Bu əvvəlcədən də iddia olunurdu. Bunun bir neçə səbəbi ola bilər. İlk səbəb odur ki, Ermənistan rəsmiləri də dəfələrlə orduda “5-ci kolon”un olduğunu dilə gətirirdi. Nəzərdə tutduqları isə təbii ki, Rusiya idi. Beləcə ABŞ ordusunun nümayəndəsinin Ermənistan Müdafiə Nazirliyində oturması o anlama gələcək ki, orduda təmizlənmə aparılsın və Rusiya ilə bağları olan bütün hərbçilər sıradan çıxarılsın. Digər səbəb isə Azərbaycana güc nümayişi də ola bilər. Belə ki, Azərbaycan müdafiə nazirinin türkiyəli müşavitinə qarşı Ermənistan ordusunda amerikalı nümayəndə…

Antiterror əməliyyatından sonra Qarabağdakı bütün ermənilər Azərbaycanı tərk etdi. Beləlklə Azərbaycan böyük problemi həll etmiş sayıldı, ancaq həm də Azərbaycan Ermənistana təsir, təzyiq rıçaklarını itirmiş oldu. Azərbaycan Ermənistana necə təzyiq edə bilər? Bunun üçün əlində hansı rıçaqları var? Hesab edirəm ki, birinci bunu tapmaq lazımdır. Bəziləri deyə bilər ki, 10 noyabr bəyanatını əsas gətirilməlidir, Ermənistan öhdəliyini yerinə yetirməlidir! Sual yaranır, 10 noyabr Bəyanatının bütün bəndlərini Azərbaycan öz gücü ilə yerinə yetirmədi? Rusiya və Ermənistanın öhdəliklərini belə Azərbaycan güc yolu ilə həll etmədi? Yenə güc?

Azərbaycan tərəfinin sülh müqaviləsi ilə bağlı konkret şərti var – Ermənistan konstitusiyası dəyişməlidir! Bir aya sülh bağlana bilər bəyanatı verən Paşinyan konstitusiyanın dəyişməsini 2026-cı ilə atdı. Dolayısı ilə gözlənildiyi kimi, sülh müqaviləsinin yaxın zamanda bağlanma ehtimalı gündəmdən çıxmış oldu. Rəsmi Bakı İngiltərədəki görüşdən Paşinyanın imtina etdiyini bildirdi və bunun sülh danışıqlarından çəkilmək kimi bəyan etdi. Ermənistan tərəfi də cavab olaraq imtinanın Azərbaycan tərəfindən edildiyini dilə gətirdi. Açıq şəkildə görünür ki, regiondakı ABŞ Rusiya toqquşması həm də Azərbaycan və Ermənistan arasında siyasi gərginliyi artırıb. Artıq Ermənistan mediası Azərbaycanın müharibəyə hazırlaşdığını iddia edir. Bilirik ki, müharibələr siyasi gərginliklər pik həddi keçəndən sonra baş verir. İndiki məqamda siyasi gərginlik mövcuddur. Ancaq bunun pik həddinə çatıb-çatmayacağını isə indidən demək asan deyil. Tərəflərin silahlanması, tərəflərin orduda apardığı islahatlar çox şey deyir, ancaq siyasilər arasında anlaşma mümkünsüz də deyil.

Rusiya Ermənistanı açıq şəkildə təhdid edir. Ermənistanın dövlət kimi gələcəyinin sual altında olmasını belə dilə gətirirlər. Hesab edirəm ki, bu təhdidlər blef deyil. Rusiya xarici işlər nazirliyinin sözcüsü Mariya Zaxarova həm Ermənistanı təhdid etdi, həm də Ermənistanın ABŞ tərəfindən istifadə edilib atılacağını bildirdi. Əslində, bunu Zaxarovadan dəqiq heç kim deyə bilməzdi. Çünki Ermənistanı istifadə edib, atmaqları ilə bağlı böyük təcrübələri var. Gürcüstanda oktyabr ayındakı seçkilərlə bağlı proqnozlar onu deməyə əsas verir ki, Rusiya və ABŞ həm Ermənistanda, həm də Gürcüstanda ciddi şəkildə qarşıdurmaya gedəcəklər.

Rusiya tərəfi açıq şəkildə bildiririr ki, Ermənistanın atdığı addımlar Cənubi Qafqazı qarışdıracaq. Gürcüstanda və Ermənistanda baş verəcəklərin Azərbaycandan təsir ötüşəcəyini düşünmək sadəlövhlük olardı. Azərbaycan tərəfi prosesləri diqqətlə izləməli və hər varianta hazırlıqlı olmalıdır. Ermənistan və ya Gürcüstanda təbii ki, Rusiya ilə ABŞ birbaşa hərbi toqquşmaya getməyəcək. Ancaq Ermənistanla Azərbaycanı yenidən toqquşdura bilərlərmi? Bəli! Buna hətta bir neçə dəfə cəhdlər də olub. Bu variantın da gündəmə gəlmə ehtimalı mümkün görünür. Ancaq buna gələnə qədər keçilməli bir neçə mərhələ var. Regionda növbəti hərbi toqquşma ağır nəticələrə səbəb ola bilər. Bunu həm Azərbaycan, həm də Ermənistan gözəl bilir. Ümid edək ki, proseslər o həddə gəlib çatmadan məsələ öz həllini tapmış olsun.