adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
15 Mart 2023 12:33
1346
MƏMLƏKƏT

CİNAYƏTKARLAR BİR NEÇƏ SAATDA YAXALANIRLAR - FAİQ QİSMƏTOĞLU yazır

Azərbaycan polisi həmişə olduğu kimi, Novruz bayramında da gücləndirilmiş iş rejimində çalışacaq

Ölkəmizdə ictimai asayişin qorunmasında və cinayətkarlığa qarşı mübarizədə Azərbaycan polisinin əvəzsiz xidmətləri var. Təkcə Azərbaycan polisi bu dediyimiz məsələləri həll etmir, həm də ölkəmizin ən ağır günündə, yəni, Birinci və İkinci Qarabağ Savaşında poils sözün həqiqi mənasında çox böyük igidlik göstərmiş, torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə yüzlərlə şəhid vermiş və çoxlu sayda əməkdaş yaralanmışdır. Başqa sözlə demiş olsaq, vətənimizin ən ağır günündə Azərbaycan polisi sinəsini qabağa vermiş, öz canı və qanı ilə müstəqilliyimizi, vətənimizi qorumuşdur. Bütün bunlar bir tarixdir və həmişə yadda qalacaqdır!..

Bir çox xarici dövlətlərin ölkəmizdə vəziyyəti mürəkkəbləşdirməyi, xaos və özbaşınalıq yaratmağı, başqa söz desək, sabitliyi pozmaq istəməsi heç kimə sirr deyildir. Yəni, xaricdəki düşmən qüvvələr daxildəki qüvvələrlə əlbir olub, ölkəmizin müstəqilliyinə və bütövlüyünə zərbə vurmağa can atırlar. Hətta bu sahədə yerli din xadimlərindən və eləcə də digər qara qüvvələrdən istifadə olunur. Bütün bunların qarşısı hüquq-mühafizə orqanları, o cümlədən Azərbaycan polisi tərəfindən çox uğurla alınır!..

Son günlər kriminal elementlərin fəallaşması və bir-birinin ardınca soyğunçuluq cinayətlərinin həyata keçirilməsi onu deməyə əsas verir ki, bəzən xarici düşmənlər kriminal elementlərdən də ölkəni qarışdırmaq üçün istifadə eləyirlər. Həmin cinayətkarların bir neçə gün bundan əvvəl Xətai rayon «Bravo» super-marketindəki bankomata pul yerləşdirərkən, inkassatorun birinin öldürülməsi, digərinin isə yaralanması onu təsdiq edir ki, kriminal elementlər həmişə var və öz bəd əməllərindən çəkinmirlər. Amma onlar çox çəkmədi ki, Azərbaycan polisinin yüksək peşəkarlığı ilə müəyyənləşdirildi, cinayətkarlardan biri polisə müqavimət göstərdiyinə görə zərərsizləşdirildi, digəri isə yaxalandı. Ümumiyyətlə, bu hadisə bütün kriminal elementlərə və ölkəmizdə sabitliyi pozmaq istəyən daxili və xarici düşmənlərə bir mesaj olmalıdır. Bir mesaj olmalıdır ki, baş verən cinayətlər bir neçə saatın içində açılacaq, onlar kimliyindən asılı olmayaraq yaxalanacaq və qanun qarşısında cavab verəcəklər. Ona görə də adını çəkdiyimiz bu ünsürlər qara əməllərindən çəkinməli və ölkəmizdə kriminal durumu mürəkkəbləşdirməməlidirlər. Əks təqdirdə ya onlar Azərbaycan polisi tərəfindən zərərsizləşdiriləcək, ya da yaxalanacaqlar!..

Polisin bir qurumu da Çevik Polis Alayıdır. O Çevik Polis Alayı ki, ölkəmizdə ictimai asayişin qorunmasında və cinayətkarlığa qarşı mübarizədə çox böyük rol oynayır. Xüsusən də Bakı şəhərində, bayaq dediyimiz kimi, müəyyən qüvvələr sabitliyi pozmaq istəyəndə, suyu bulandırmağa can atanda Çevik Polis Alayı həmişə öz peşəkarlığını göstərib və həmin qara qüvvələri vaxtında zərərsizləşdirib, onları ifşa edib. Təbii ki, bu gün Azərbaycan polisi çox peşəkardır və o, hər cür müasir texnika və texnologiya ilə təchiz edilib. Dəfələrlə ölkə prezidenti cənab İlham Əliyev də polisin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı öz fikirlərini səslənidirib və bu sahədə polisə hər cür köməklik göstərib. Ona görə də Azərbaycan polisi və eləcə də Çevik Polis Alayı dövlətə, Prezidentə və Azərbaycan xalqına həmişə sədaqətlə xidmət eləyir.

Əlbəttə, biz polisin gücünə, qüvvəsinə və vətənpərvərliyinə hər vaxt inanmışıq və başqa sözlə desək, ən çətin anımızda onlara güvənmişik. Heç kimə sirr deyil ki, son illərdə Çevik Polis Alayının xalq arasında nüfuzu daha da artıb və eyni zamanda cəmiyyət bu quruma hörmətlə yanaşır. Bu da təsadüfi deyildir. Çünki Çevik Polis Alayının rəhbərliyindən tutmuş sıravi zməkdaşına qədər hamısı qanununumuzun keşiyində şərəflə durmaqla yanaşı, həm də Azərbaycan vətəndaşına namusla, şərəflə xidmət eləyirlər. Təbii ki, bunu da görən hər bir vətəndaş istər, istəməz polisə hörmət və məhəbəbtlə yanaşır.

Çevik Polis Alayının nümunəvi bölüklərindən biri də Xətai rayonu ərazisində xidmət aparan 3-cü bölüyün əməkdaşlarıdır. O bölük ki, onlar həmişə rəhbərliyin tapşırıqlarına məsuliyyətlə yanaşır, dövlətə və dövlətçiliyə yüksək səviyyədə xidmət edir. Mən dəfələrlə Xətai rayonu ərazisində olarkən 3-cü bölüyün əməkdaşlarının öz vəzifə borclarına necə vicdanla yanaşdıqlarının şahidi olmuşam. Şahidi olmuşam ki, onlar ən qatı cinayətkarı qısa zaman kəsiyində zərərsizləşdirib və vətəndaşların təhlükəsizliyini təmin ediblər. Onun da şahidi olmuşam ki, bu peşəkar, vətənpərvər polis əməkdaşları ağır və çətin vəziyyətdə olan insanlara necə kömək göstəriblər. Bir dəfə «Bakı» kino-teatrının yanında özünü pis edən, daha doğrusu, huşunu itirən xanımın həyatını elə bu bölüyün həmin yerdə xidmət aparan əməkdaşları xilas etdilər. Hava həddindən artıq soyuq idi, qar da yağmışdı. Belə bir şəraitdə Çevik Polis Alayının həmin əməkdaşları xanıma yaxınlaşdılar, onu ayağa qaldırdılar, təcili tibbi yardım maşını çağırdılar və həkimlərin müdaxiləsindən sonra xanım özünə gəldi. İlk növbədə xanım ona birinci yardım göstərən polislərə, sonra isə təcili tibbi yarıdımın həkimlərinə öz təşəkkürünü bildirdi.

Təbii ki, hər hansı vətəndaş polisin bu diqqət və qayğısını görəndə onu yadından çıxartımr, hadisəni hər yerdə danışır və onlara hörməti birə-beş artır. Xalq arasında elə polisin nüfuzunun ən çox yüksəlməsinə səbəb çətin vəziyyətdə olan insanlara kömək etməyi və onalarla səmimi münasibət yartamasıdır.

Çevik Polis Alayının 3-cü bölüyünün komandiri, polis kapitanı Elvin Babayev çox gəncdir, amma buna baxmayaraq, peşəkarlığı, dövlətə, prezidentə sədaqəti ilə seçilir. Üstəlik də Elvin Babayev həm də məsuliyyətli bir polis zabitidir, yəni onlara rəhbərlik tərəfindən verilən tapşırıqları bölüklə bir yerdə yüksək səviyyədə yerinə yetirirlər. Rayon ərazisində ictimai asayişin qorunmasında və cinaytəkarlığa qarşı mübarizədə bölük əməkdaşlarının çox böyük zəhməti və əməyi vardır. Cənab kapitan Elvin Babayev bizimlə söhbətində dedi ki, biz həmişə olduğu kimi bayram günlərində də gücləndirilmiş iş yerində çalışacaq, üzərimizə düşən vəzifəni peşəkarlıqla yerinə yetirəcəyik. Sakinlərimizi tam əmin edirəm ki, onların bayram günləri təhlükəsizliyi yüksək səviyyədə təmin ediləcək, insanların bu xoş anları mənalı keçirməsi üçün nə lazımsa, onu edəcəyik. Çünki biz qanunları icra edirik və qanunları icra etməksə bizim vəzifə borcumuzdur. O cümlədən hər bir Azərbaycan vətəndaşı bizim üçün çox əzizdir və biz də onların təhlükəsizliyini həmişə qoruyacaq və elə edəcəyik ki, hər bir vətəndaş bizim xidmətimizidən razı qalsın!

Çevik Polis Alayının Sabunçu, Yasamal, Nəsimi, Nizami, Suraxanı və Səbael rayonlarında fəaliyyət göstərən bölükləri də öz nümunəvi xidmətləri ilə fərqlənirlər. Onlar bayram günlərində ictimai asayişin təmin edilməsini və insanların həyatının təhlükəsizliyinin qorunmasını yüksək peşəkarlıqla həmişə olduğu kimi yerinə yetirəcəklər.

Biz bayram günləri istirahət edəcək, dincələcək, gəzintiyə çıxacağıq, amma Azərbaycan polisi isə həmin günlər 24 saat gücləndirilmiş iş rejimində işləyəcək. Novruz bayramı münasibətilə gecə-gündüz xalqa xidmət edən, onun təhlükəsizliyini qoruyan Azərbaycan polisinin rəhbəri, general-polkovnik cənab Vilayət Eyvazov başda olmaqla bütün əməkdaşları təbrik edir, onlara can sağlığı arzulayır və deyirik ki, nə yaxşı ki, varsınız! Siz bizi qoruyursunuz, Allah da Azərbaycan polisini, sizləri qorusun!