COP29-un ilk günü şatllardan 35000 sərnişin istifadə edib
Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı şatllardan istifadə göstəriciləri açıqlanıb.
Bu barədə Adalet.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumatına görə, tədbirin ilk günündə təşkil edilmiş 18 HUB-dan etibarlı nəqliyyat əlaqəsi təmin edilib və ümumilikdə 35000 sərnişin daşınıb.
Tədbirin keçirilməsi ilə əlaqədar bir sıra müntəzəm avtobus marşrutlarının sxemində və son dayanacaq məntəqələrində edilən dəyişikliklər sərnişinlərin ünvana çatmasında maneə yaratmayıb. AYNA-nın 350 əməkdaşının iştirak etdiyi sərnişindaşıma əməliyyatında ümumi səfər sayı 4000-dən ibarət olub.
Şatlların düzgün yönləndirilməsi sayəsində sərnişinlərin rahat və təhlükəsiz şəkildə Heydər Əliyev Beynəlxalq Aeroportundan H1 ekspres avtobusu ilə “28 May” və H2 ekspres avtobusu ilə “Əhmədli” metro stansiyalarına çatdırılması həyata keçirilib.
Xüsusi ilə qeyd edək ki, bütün daşımalar ödənişsiz həyata keçirilib, eyni zamanda sərnişinlərin itən əşyaları da operativ qaydada tapılaraq sahiblərinə təhvil verilib.
Ekoloji cəhətdən davamlılığın təmin edilməsində əhəmiyyətli rol oynayan elektrik mühərrikli taksilər və avtobuslardan istifadə Bakının davamlı inkişafa və ətraf mühitin mühafizəsinə sadiqliyini vurğulayıb.
Nəqliyyatın ümumi təcrübəsi ilə bağlı yüksək səviyyəli təşkilatçılıq və idarəetmə tədbir iştirakçılarının, eləcə də şəhər sakinlərinin məmnunluğunu qazanıb. Hər hansı insidentin baş verməməsi daşımaların təşkili ilə məşğul olan bütün xidmətlərin yüksək hazırlığının və peşəkarlığının sübutudur.
Bu tədbir Bakının kritik iqlim siyasəti məsələlərinin müzakirəsi üçün beynəlxalq platforma kimi imicini gücləndirməklə yanaşı, beynəlxalq tədbirlərin tələblərini ödəyə bilən müasir ictimai nəqliyyatın imkanlarını da nümayiş etdirir.