27 Noyabr 2024 11:13
59
SİYASƏT

Deputat müharibə iştirakçıları arasında qruplaşdırmanın aparılmasını təklif edib

"Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-2024-cü tədris ili üzrə I sinfə 132 261 uşaq qəbul olunduğu halda, 2022-2023-cü tədris ilində ölkənin ümumtəhsil məktəblərinin 1-ci sinfinə 137 862 uşaq gedib. Təxminən 6000-ə yaxın məktəbə gedən uşaqların sayında azalma var. Bölgələrdə bu problem özünü daha qabarıq göstərir. Ailələrdə və məktəbə gedən uşaqların sayında ciddi azalma var. Bütün bunlar çoxuşaqlı və aztəminatlı ailələrə əlavə maddi dəstək mexanizmləri barədə düşünməyi zəruri edir".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisdə “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Ceyhun Məmmədov deyib. O bildirib ki, bu gün müharibə iştirakçılarına ayrılan vəsait cəmiyyətdə ən geniş müzakirə olunan məsələlərdən biridir. Məlum məsələdir ki, burada yüz minlərlə insandan və böyük vəsaitdən söhbət gedir:

"Bu məsələ ilə bağlı bir təklifi irəli sürmək istəyirəm. Hazırda qısa və uzun müddət döyüşlərdə iştirak edən müharibə iştirakçıları arasında fərq yoxdur. Qeyd olunanları nəzərə alaraq, müharibə iştirakçıları arasında qruplaşdırmanın aparılmasını təklif edirəm. Düşünürəm qısa və uzun müddət döyüşlərdə iştirak edən müharibə iştirakçıları ilə uzun müddət döyüşlərdə iştirak edən müharibə iştirakçıları arasında fərqin müəyyənləşdirilməsi daha ədalətli olardı. O zaman müəyyən kateqoriyalara ayrılan vəsaitin nəzərdən keçirilməsinə də baxa bilərik".

Deputat həmçinin, gələcəkdə qadınların pensiya yaşlarına yenidən baxılmasını təklif edib: "Bu gün reallıq ondan ibarətdir ki, müəyyən bir yaşa gəldikdən sonra insanlar iş tapmaqda əziyyət çəkirlər. Cəmiyyətin bu məsələdən ən çox əziyyət çəkən üzvlərindən biri də qadınlardır. Bu məsələ ilə də bağlı bizə çoxlu müraciətlər var. Sağlamlıqlarını itirən vətəndaşların təkrar müayinəsi ilə bağlı prosedur sadələşdirilməlidir. Əgər bir insan qolunun və ya ayağının birini itiribsə, onun təkrar müayinələrə cəlb olunmamasını təklif edirəm. Bu məsələ ilə bağlı bizə müraciətlər həddən çoxdur. Eyni zamanda, bu ilin büdcəsində dəfn puluna ayrılan vəsaitin artırılması təqdirəlayiqdir. Ancaq prosesin elektronlaşdırlmasına ehtiyac var.  Bu qədər sənədi əldə etmək üçün vətəndaşlar çətinlik çəkirlər. Prosesi elektronlaşdırmaqla daha da sürətləndirə bilərik. Onsuz da dünyasını dəyişən insanların qeydiyyatı tez bir zamanda həyata keçirilir və həmin məlumat əsasında prosesi elektronlaşdıra, sürətləndirə bilərik".