Yaxın Şərqdə Qərbin kürd layihəsi iflasa uğrayır – Politoloq
“Yaxın Şərqdə uzun illərdir Qərbin dəstəklədiyi kürd layihəsinin əvvəlki siyasi əhəmiyyətini itirdiyini müşahidə edirik. Türkiyənin PKK terror təşkilatının tərksilah edilməsi istiqamətində həyata keçirdiyi siyasət və növbəti mərhələdə Suriyada YPG-PYD strukturunun ləğvi geosiyasi reallıqların formalaşdığını göstərir”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloq bildirib ki, uzun müddət ABŞ Suriyanın şimal-şərqində kürd muxtariyyətinin yaradılmasını və bu ərazidə özünə bağlı siyasi-hərbi strukturun formalaşdırılmasını dəstəkləyirdi:
“Lakin Türkiyənin regionda artan siyasi və hərbi təsiri, eləcə də Vaşinqtonun Yaxın Şərq strategiyasında baş verən dəyişikliklər bu siyasətin əvvəlki formada davam etdirilməsini çətinləşdirib. ABŞ-nin Suriyanın ərazi bütövlüyünü və suverenliyini vurğulaması, həmçinin Suriya rəhbərliyi ilə münasibətlərdə yeni mərhələyə keçilməsi Vaşinqtonun əvvəlki yanaşmasına yenidən baxdığını göstərir. Oxşar prosesləri İraqda da müşahidə etmək mümkündür. Uzun illər geniş daxili siyasi və iqtisadi müstəqilliyə malik olmuş İraq Kürdüstan Regional Administrasiyasının səlahiyyətlərinin məhdudlaşdırılması istiqamətində də müəyyən siyasi proseslər gedir. İraq hökumətinin mərkəzi hakimiyyətin nəzarətini gücləndirmək cəhdləri, xüsusilə sərhəd-keçid məntəqələri, neft yataqları və strateji ərazilər üzərində federal hökumətin səlahiyyətlərinin genişləndirilməsi bu baxımdan diqqət çəkir”.
Onun sözlərinə görə, ABŞ-nin İraqın suverenliyinə və mərkəzi hakimiyyətin gücləndirilməsinə verdiyi dəstək də bu prosesin mühüm elementlərindəndir:
“Vaşinqtonun Bağdadla münasibətlərdə dövlət institutlarının və ərazi bütövlüyünün önə çəkilməsi əvvəlki regional siyasətdən müəyyən fərqlənmələri ortaya qoyur.Beləliklə, ABŞ-nin uzun müddət regional siyasətində mühüm tərəfdaş kimi çıxış edən kürd silahlı və siyasi strukturlarına münasibətində dəyişiklik müşahidə olunur. Bu, xüsusilə Suriya və İraqda mərkəzi hakimiyyətlərin mövqelərinin gücləndirilməsi fonunda özünü göstərir. Hesab edirəm ki, ABŞ artıq kürd faktorundan əvvəlki miqyasda istifadə etmək strategiyasını yenidən nəzərdən keçirir. Vaşinqton regionda dövlətlərin ərazi bütövlüyü və suverenliyi çərçivəsində yeni təhlükəsizlik arxitekturasının formalaşdırılmasına üstünlük verir. Bu yanaşma həm Suriya, həm də İraq üçün yeni siyasi reallıqlar yaradır.Türkiyənin regional siyasəti, Suriyada mərkəzi hakimiyyətin mövqelərinin güclənməsi və İraqda federal hökumətin nəzarəti bərpa etmək cəhdləri Qərbin uzun müddət dəstəklədiyi kürd layihəsinin perspektivlərini ciddi şəkildə dəyişdirir. Bu proseslər Türkiyə, Suriya və İraq ərazilərində vahid və ya müstəqil kürd siyasi qurumu yaratmaq ideyasının əvvəlki geosiyasi imkanlarını itirdiyini göstərir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
28 Noyabr 2026 12:11
"Biz dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk" - Prezident
28 Noyabr 2026 12:06
Prezident Əli Əsədova “Şərəf” ordeni verdi
28 Noyabr 2026 11:30
İlham Əliyev albaniyalı həmkarını təbrik etdi
27 Noyabr 2026 17:33
Azərbaycan 2028-ci ildə MDB-nin sədri olacaq
27 Noyabr 2026 16:43
Parlamentin növbəti iclasında 8 məsələ müzakirə ediləcək
27 Noyabr 2026 16:31
Prezident bu sənədi təsdiq edib
27 Noyabr 2026 16:17
“Buna görə də Rusiya bu təkliflərlə razılaşmadı...”
27 Noyabr 2026 13:18


Bakı -°C

