14 Iyun 2022 13:16
2597
MÜSAHİBƏ

"Dilini bilmədiyin adamın nə vaxt susduğunu da bilməzsən..." - MÜSAHİBƏ

Belə bir deyim var ki, nə qədər dil bilirsənsə o qədər adamsan. Bu gün ölkəmizdə bir çox dillər üzrə peşəkar mütəxəssislər var. Onlardan biri də tanınmış pedaqoq - ərəbşünas Ülviyyə Sultanlıdır. Bu dəfə mövzumuz Ərəb dili və ölkəmizdəki ərəbdilli səfirliklərlə işgüzar münasibətlərdir. Bununla bağlı Ülviyyə Sultanlı saytımıza müsahibə verib.

- Əvvəlcə barənizdə oxucularımıza tanışlıq üçün məlumat verməyinizi istərdim.

- Özüm haqqında qısa olar onu deyim ki, ərəbşünaslıq üzrə illərdir mütəxəssisəm. Hazırda bir neçə ali məktəbdə bu sahəni tədris edirəm. Həm də elmi dərəcəm də var. Eyni zamanda Azərbaycan – Sudan dostluq cəmiyyətinin sədri olmuşam. Təvazökarlıqdan kənar olmasın, lakin bir müəllim olaraq mənim fəaliyyət dairəm olduqca genişdir. Məlumdur ki, Azərbaycanda 12 ərəbdilli ölkənin səfirlikləri fəaliyyətdədir. Mənim həmin səfirliklərin hər biri ilə sıx əməkdaşlıq və işgüzar münasibətlərim var. Hətta onların bəziləri ilə ailəvi dostluqlarım da var. Bildirim ki, neçə illərdir ki, mən bu səfirliklərlə birlikdə bir çox tədbirlərin həmmüəllifi olmuşam. Həmin tədbirlər əsasən ərəb mədəniyyəti, ərəb mətbəxi və bu kateqoriyadan olan tədbirlər olub.

- Ülviyyə xanım, nədən sırf Ərəb dili? Bu dilə sevgi haçan yaranıb, və bu peşəyə necə sahiblənmə imkanınız oldu?

- Bu barədə onu deyə bilərəm ki, mən daha çox bu sahəyə artıq yetkin yaşlarımda xüsusi maraq göstərməyə başladım. Mənim üçün hər zaman Şərq mədəniyyəti, tarixi maraqlı olub. O cümlədən də İslam dinin əsas dili olan Ərəb dili də hər zaman maraq dairəmdə olub. Buna görə də aliu təhsilimi bu istisas üzrə almağı qərarlaşdırdım. Zamanla öyrənirdim ki, bu dildə çox maraqlı məlumatları əldə etmək mümkündür. Düşünürdüm ki, Qurani – kərimi orjinal dildə oxumaq özü də bir nailiyyət və xoşbəxtlikdir. Şükürlər olsun ki, bu xoşbəxtliyə nail ola bilmişəm.

- Belə bir ifadə var ki, tərcümə qadın kimidir: gözəli dəqiq olmur, dəqiqi isə gözəl. Sizin fikrinizcəbu peşəyə necə tərif vermək olar?

-Mən bu sualı belə cavablandırmaq istərdim ki, ümumiyyətlə tərcümənin iki növü vardır. Bunlar yazılı və şifahi növlərdir. Bunların özü də iki yerə bölünür - şifahidə sinxron ( buna konfrans tərcüməçiliyi də deyirlər) və ardıcıl tərcümə, yazılıda isə bədii və praqmatik (informativ) tərcümə. Şübhəsiz ki, şifahi tərcümə, xüsusilə də sinxron tərcümə yazılı tərcüməyə nisbətən daha çətin hesab olunur, çünki burada zaman və məkan məhdudiyyəti olur, nə lüğətdən istifadə edə bilirsən, nə də gedib kimdənsə soruşmaq, öyrənmək imkanın olur. Burada əsas rolu tərcüməçinin erudisiyası, dünyagörüşü, diqqətini mərkəzləşdirmə bacarığı, çeviklik oynayır. Praqmatik, yəni elmi-texniki və digər sahələr üzrə yazılı tərcümə nisbətən asan hesab olunur, çünki burada sahəni yaxşı bilmək kifayətdir, bir cümlədə iki-üç sözü başa düşəndən sonra fikir qismən də olsa, aydınlaşır, lüğətlər də yanında olur. Bədii tərcümə isə bunların hamısından fərqlənir, çünki söhbət burda təkcə dili bilməkdən deyil, onu duymaqdan gedir. Mən deyərdim ki, dil duyumu bədii tərcümə prosesində ən vacib şərtdir və özü də hər iki dilə aid olmalıdır. Əgər bədii əsərin qüdrəti sözlə ifadə olunursa, deməli onu həm anlama, həm də ifadə prosesində duymaq lazımdır, yəni burada əsas məsələ yalnız "nə demək istəyir" deyil, həm də "necə deyir"dir.

- Bu sahənin mütəxəsissi olaraq Ərəbşünaslıqla bağlı ölkəmizdəki ümumi mənzərəni necə xarakterizə edərdiniz?

- Sizə deyim ki, ölkəmizdə ərəbşünaslıq və şərqşünaslığın zəngin tarixi var. Hazırki mənzərə isə daha aydın və ürəkaçandır. Çünki ölkəmiz müstəqillik əldə etdikdən sonra bir çox ərəb ölkələrinin diplomatik nümayəndəlikləri fəaliyyətə başlayıb. Beləliklə də ölkələrimiz arasında əlaqələr daha da genişlənməyə başlayıb. Bununla bağlı müxtəlif tədbirlər həyata keçirilib. Belə tədbirlərdən biri də bu ayın əvvəlində keçirilən tədbirdir. Belə ki, iyunun 1 – dəSəudiyyə Ərəbistanının Kral Abdulla bin Əbdüləziz adına Ərəb dilinə Xidmət üzrə Beynəlxalq Mərkəzinin Ərəb Dili Akademiyasının inzibati işlər üzrə direktoru Merşed Abdullah El Acyen, Bakı Avrasiya Universitetinin Ərəbşünaslıq Mərkəzində işgüzar görüşlər keçirib. Qonağımız burada tələbələr üçün yaradılmış şərait və Mərkəzin gördüyü işlərlə tanış olub. Həmin görüş də mən də Ərəbşünaslıq Mərkəzinin Elmi rəhbəri olaraq iştirak etmişəm. Səudiyyəli qonaq daha sonra tələbələrlə görüş keçirib və onlarla söhbət edib daha sonra ərəb dilini öyrənmələri istiqamətində qarşılaşdıqları problemlərlə maraqlandı. Daha sonra biz bu görüşdə Ərəbşünaslıq Mərkəzinin gələcək fəaliyyəti ilə bağlı fikir mübadiləsi də apardıq.

- Gələcək planlarınız barədə nə deyə biləriniz ?

- Təbii ki, gələcəklə bağlı həddən artıq maraqlı planlarım var. Bu həm mənim bir müəllim kimi fəaliyyətimə, daha sonra elmi işlərimə və eyni zamanda ictimai fəaliyyətimə aiddir. Hələlik pedoqoji fəaliyyətimdən dolayı iş qrafikim çox gərgindir. Hesab edirəm ki, payızda ictimai fəaliyyətlə daha yaxşı məşğul olmağa imkanlarım yaranacaq.

- Müsahibəmizin sonunda söyləmək istədiyiniz nələrsə varmı?

- Əslində demək istədiklərim o qədərdir ki... Sadəcə ilk növbədə xalqımıza, ölkəmizə və dünyamıza hər zaman sülh və xoş günlər arzu edirəm.

 

Söhbətləşdi: Bünyamin Bünyadzadə