28 Iyul 2023 09:00
2241
LAYİHƏ

DOĞMA YURDUN YERİNİ HEÇ NƏ VERƏ BİLMƏZ

Görəsən, bu dünyada Vətəndən doğma, şirin bir şey varmı?! Təbii ki, deyəcəklər ki, Ana, Ata, Övlad da çox şirindir. Mən istər-istəməz bu fikirlərlə razılaşmalı oluram. Ən azından ona görə ki, Vətəni elə çox vaxt «Ana» deyirik. Deməli, Vətən Anadır - Ana da Vətən! Elə bir insan olmaz ki, Vətəni üçün darıxmasın, dodağı dörd yerdən çatlamasın. Xüsusən də Vətəndən ayrı düşənlər. Məcburi köçkünlük və qaçqınlıq həyat tərzi yaşayanlar onun nə olduğunu daha yaxşı bilirlər. İstəyirsən dünyanın ən yaxşı yerində, ən rahat məkanında və ən gözəl yerində yaşa, amma vallah, Vətənin yerini heç nə verə bilməz!

Füzuli rayonunun Araytılı kəndinin sakinləri də 1993-cü ilin avqustunda rayon ermənilər tərəfindən işğal olunanda bu yurddan, bu ocaqdan didərgin düşdülər. Didərgin düşdülər və çox məşəqqətli, əzablı-əziyyətli həyat yaşadılar. Düzdür, getdikləri və pənah apardıqları Sabirabad, Saatlı, Beyləqan və digər rayonlarda onlara yerli camaat qucaq açdı, yer verdi və imkan daxilində köməklik göstərdi. Əlbəttə, belə bir şəraitdə və bəzən çadırda, soyuq qış günlərində yaşamaq, ömür sürmək elə də asan deyildi. Çünki o insanlar öz isti ocaqlarından, yurdlarından və vətənlərindən uzaq düşmüşdülər. Onsuz da hər şeyini itirmiş bu insanlar məcburi köçkünlük dövrü yaşayanda bayaq dediyimiz kimi, olmazın iztirablarını keçirdilər. Dolanışığın çətinliyi bir yana, bəziləri hətta müxtəlif sağalmaz xəstəliklərə düçar oldular. Düzdür, hökumətimiz və dövlətimiz onlara bu ağır anlarda, çətin məqamlarda arxa durdu, yaşamaları üçün pis-yaxşı şərait yaratdılar. Yemək verdilər, bütün problemlər çətinliklə də olsa həllini tapırdı.

Amma elə ki, 1994-cü ilin yanvarın əvvəllərində Füzuli rayonunun 22 kəndi və Horadiz şəhəri Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun gücü ilə erməni işğalından azad olundu , bax onda araytılıların da ümidləri yenidən cücərdi. Ümidləri yenidən cücərdi ki, onlar gec-tez doğma yurda qayıdacaqlar. Ulu Öndər Heydər Əliyevin köməkliyi ilə Horadiz şəhəri və 22 kənd bir neçə ilin ərzində yenidən tikilərək insanların istifadəsinə verildi. Araytılı kəndi də qısa zaman kəsiyində yenidən tikilməyə, qurulmağa və inşa edilməyə başladı. Onu da qeyd edək ki, bu kəndə uzun müddət iki dəfə Sosialist Əməyi Qəhrəmanı Şamama Həsənova sədrlik edib. O kəndin camaatı Sovet dönəmində yağ-bal içində yaşayıb. Kənddə hamı o dövrdə ikimərtəbəli, birmərtəbəli daş evlər tikib. Üstəlik də bu kənd sosial - iqtisadi inkişafına və infrastruktur quruluşuna görə, Sovet dönəmində rayonun digər kəndlərindən seçilib. Təbii ki, bu ənənələri yenidən bərpa etmək, qurmaq və tikmək elə də asan deyildi. Amma bayaq dediyimiz kimi, dövlətin və hökumətin qayğısı ilə bu çətin məsələlər, bu çətin işlər zaman-zaman öz həllini tapdı. Kənddə yeni infrastruktur quruldu, asfalt yol, su xətti , qaz xətti çəkildi. Məktəb, uşaq bağçası və eləcə də xəstəxana inşa edildi. Bir sözlə, sosial obyektlər və insanların yaşadığı mənzillərin hamısı yenidən tikilərək əhalinin istifadəsinə verildi.

Mən Araytılı kəndində olanda yenidən o kəndin görməli yerlərinə, məktəbinə, uşaq bağçasına və hətta yeni tikilmiş müasir tələblərə cavab verən ticarət obyektlərinə, yeməkxanalarına baş çəkdim. Orda bir neçə kənd sakini ilə görüşüb söhbət elədim. Kənd sakinlərindən biri olan ağbirçək Qızbəs xanım Nəsirova ilə söhbətləşdik. Dedi ki, oğul, mən dünyanın hər üzünü görmüşəm, hər çətinlikləri yaşamışam. Amma qaçqınlıq dövründə yaşadığımız əzab-əziyyət getsin, bir də gəlməsin. Həmin günlər yadıma düşəndə tüklərim biz-biz olur. Qorxuram ki, yenə o anları yaşayarıq. Ancaq ürəyim indi buz kimidir, öz evimizdə, öz ocağımızdayıq. İşığımız yanır, suyumuz gəlir, qazanımız qaynayır. Oğlanlarımın hamısı iş-güclə məşğuldur. Torpaq sahələrimizi əkirik, mal-qoyunlarımızı saxlayırıq. Hələ üstəlik, oğlumun mağazası da var. Onunla da çörək pulu qazanır. İki də maşınımız var. Maşınımızın biri ilə mağazaya mal daşıyırıq, o birisi ilə gəzməyə gedirik. Amma günorta heç hara getməyəcəksiniz, bir tikə bizdə çörək kəsəcəksiniz. Günortaya da çox qalmayıb ey, bir-iki saat qalıb.

Bir neçə dəqiqədən sonra Qızbəs xanımın oğlu Adil gəlir. Bizimlə öpüşüb-görüşür, deyir ki, sizi heç hara buraxan deyiləm. Yaxşı toyuqlarımız var, zəng eləmişəm kəsib-pöştəyiblər, ondan yaxşı çığırtma çıxır. Axı indi çığırtmanın vaxtıdır. Bir saatdan sonra onların evində oluruq. Masanın üstünə hər şey düzülüb – mer-meyvə, bulaq suyu və hətta qarpz-yemiş. Bir azdan süfrəyə toyuq çığırtması gəlir. Nə vaxtdandır toyuq çığırtması yemirdik. Çünki bəhmənlilər də yaxşı toyuq çığırtması bişirir. Ancaq araytılıların da bişirdiyi toyuq çığırtmasının özgə dadı var. Bərk acımışıq , çığırtmanı gözümüzə təpirik. Hətta dostum Arif «nə dadlı toyuq çığırtmasıdı» deyib barmaqlarını da yalayır.

Doğrudan da çığırtma çox dadlıdı, onun üstündən pürrəngi çay içməyin öz ləzzəti var.

Onlar öz mehribanlıqları, səmimiyyətləri ilə bizi mat eləyirlər. Deyirlər ki, araytılı camaatı çox çörək verən insanlardı. Bura kimsə gəlib ac geri dönməz. Qızbəs xala onu da deyir ki, bala, bax indi mən rahat nəfəs alıram. Qabaqda qorxurdum ki, ölərəm, qərib yerdə basdırallar. Amma indi ürəyim tam arxayındı. Bilirəm ki, öz kəndimizdə dəfn olunacağam. Bundan böyük xoşbəxtlik nə ola bilər?

Araytılıda kiminlə söhbət elədik, hamı yurda qayıdışın sevincindən söhbət açdı. Dedilər ki, şükür edirik ki, kəndimizə döndük. Bundan böyük xoşbəxtlik ola bilməz. kəndimizin hər qarış torpağı, hər yeri, hər yurdu bizim üçün müqəddəsdir. Və dövlət də burda bizim yaşamağımız, işləməyimiz üçün hər cür şərait yaradıb. Ona görə də ölkə prezidenti İlham Əliyevə öz minnətdarlığımızı bildiririk. Hər səhər açılanda sevincimizin həddi-hüdudu olmur. Çünki səhəri və günəşi öz doğma yurdumuz olan Araytılıda qarşılayırıq. Bizcə, bundan gözəl xoşbəxtlik ola bilməz. O insan xoşbəxtdir ki, ikinci dəfə öz yurduna, öz obasına, öz ocağına dönə bilir!

Faiq QİSMƏTOĞLU 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.