22 May 2024 06:16
80
ANALİZ

Dostluğun təzahürü

Hazırda Azərbaycanın İranla münasibətləri müsbətə doğru irəliləməkdədir   

Cənubi Qafqazın lider dövləti olan Azərbaycan regionun inkişafına da mühüm töhfələr verməkdədir. İndiyə qədər sözügedən regionda reallaşdırılan bütün transmilli enerji, eləcə də digər layihələrin həyata keçirilməsində Azərbaycanın müstəsna rolu olub və bu da öz növbəsində Cənubi Qafqazın həm inkişafında, həm də beynəlxalq arenada daha yaxşı tanınmasında mühüm rol oynayıb. Bundan sonra da regionda həyata keçirilməsi nəzərdə tutulan əsas layihələr Azərbaycanın iştirakı olmadan təsəvvür edilmir. Bütün bunlar işğalçı Ermənistan istisna olmaqla region dövlətlərinin Azərbaycanla daha sıx əlaqələrinə, ölkəmizi özlərinin əsas və etibarlı tərəfdaşlarından biri kimi görməsinə gətirib çıxarıb. Azərbaycan da öz növbəsində qonşu dövlətlərlə milli maraqlar əsasında qarşılıqlı əməkdaşlığını genişləndirməkdə, onlarla əlaqələrini tərəfdaşlıq səviyyəsinə yüksəltməkdədir.

Hazırda Azərbaycanın İranla da münasibətləri müsbətə doğru irəliləməkdədir. 2024-cü il mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində görüşü və onların iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasiminin keçirilməsi bundan sonra da əlaqələrin genişlənəcəyinə əminlik yaradır. Açılış mərasimində Prezident İlham Əliyev deyib ki,  “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir: “İranın bu layihələri ərsəyə gətirmək üçün geniş imkanları, böyük təcrübəsi var. Bu layihə böyük bilik, səriştə və təcrübə tələb edirdi. Layihələrin reallaşdırılması dostluğun növbəti təzahürüdür”. Xatırladaq ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası dövlət sərhədində - Araz çayı üzərində inşa edilən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları elektrik enerjisi istehsalı və suvarma məqsədilə tikilib. Hidroqovşaqların layihələri Sovet İttifaqı ilə İran arasında 1977-ci ilin oktyabrında imzalanan razılaşma əsasında hazırlanıb. Layihələri 1990-cı illərin əvvəllərində yenidən işlənilən hidroqovşaqların tikintisi Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilməsi nəticəsində dayandırılsa da, sonrakı dövrlərdə tikinti işləri yalnız İran İslam Respublikası tərəfindən aparılıb.

2020-ci ildə Vətən müharibəsi nəticəsində Azərbaycanın torpaqları, o cümlədən hidroqovşaqların tikildiyi ərazi işğaldan azad edilib. Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismara qəbulu ilə əlaqədar bəzi məsələlər barədə Sərəncama əsasən, 2021-ci ildə “AzərEnerji” ASC Azərbaycan Respublikası tərəfindən sifarişçi kimi müəyyən edilib.

İranla, həmçinin alternativ enerji sahəsi ilə bağlı da əməkdaşlıq etmək effektiv nəticə verə bilər. İranla Azərbaycan arasında bu sahədə əməkdaşlığın genişləndirilməsi və inkişafı üçün potensial var. Azərbaycan işğaldan azad olunan ərazilərdə bu istiqamətdə də fəaliyyətini genişləndirir. Cənab Prezident çıxışında bu məsələyə də toxunaraq bildirib ki, azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələri, eləcə də Naxçıvan bölgəsi Azərbaycanda “yaşıl enerji” zonaları elan edilib: “Bu bölgələr Azərbaycan ərazisinin təxminən 25 faizini təşkil edir. Bu bölgələrdə “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgə üçün fayda verəcək. İşğaldan azad edilmiş torpaqlarda son üç il ərzində 270 meqavat gücündə su elektrik stansiyaları inşa edilib. Bu stansiyaların istehsal gücünü 500 meqavata çatdırmaq üçün konkret proqramımız var və yaxın iki-üç il ərzində bu, həll olunacaq. Nəzərə alsaq ki, İranla Azərbaycan arasında elektrik xətlərinin müasirləşdirilməsi artıq həll olunub və qarşılıqlı təchizat məsələləri də həll edilib, bu, ölkələrimiz və digər ölkələr üçün də fayda gətirəcək layihələr olacaq”.

 İranla əməkdaşlığın yeni sahələrinin müəyyən edilməsi önəmlidir. İran böyük potensiala malik olan dövlətdir. Azərbaycan da özünə güvənən dövlət olaraq istər qonşuları, istərsə də tərəfdaşları ilə əməkdaşlığını ildən-ilə daha da gücləndirir. İstənilən sahədə əməkdaşlığın hər iki dövlətə faydası var. Prezident İlham Əliyev öz çıxışında İranla faydalı əməkdaşlığın perspektiv imkanlarını da qeyd edib: “Bizi birləşdirən layihələrin arasında təbii ki, nəqliyyat layihələri xüsusi rol oynayır. Bu gün nəinki ölkələrimiz üçün, daha geniş coğrafiya üçün böyük əhəmiyyət daşıyan Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə əlaqədar birgə səylər göstərilib. Bu günə qədər göstərilən səylər artıq real layihələrə çevrilib. Bundan sonra həm İran ərazisində, həm Azərbaycan ərazisində müasir dəmir yolu infrastrukturunun yaradılması və modernləşdirilməsi Şimal-Cənub Nəqliyyat Dəhlizini dünyanın ən önəmli nəqliyyat damarına çevirəcəkdir. Hər iki ölkə burada öz səylərini birləşdirib. Onu bildirməliyəm ki, Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə keçən il yükdaşımaların həcmi 50 faizdən çox artıb, bu ilin üç ayında da artıb. Bütövlükdə isə İranla Azərbaycan arasındakı yükdaşımaların artımı 50 faizdən çoxdur və bu, hələ başlanğıcdır, dəmir yolu tam istismara veriləndən sonra bu rəqəmlər daha da artacaq”. Qeyd edək ki, 2022-ci ilin sentyabrın 21-də Şərqi Zəngəzur iqtisadi rayonu ərazisində İranla dövlət sərhədində Ağbənd avtomobil yolu körpüsünün təməli qoyulub. Bu körpü Şərq-Qərb Nəqliyyat Dəhlizinin potensialının artırılmasına, eləcə də bölgədə nəqliyyat və iqtisadi əlaqələrin genişlənməsinə xidmət etməklə region ölkələrinə əlavə imkanlar yaradacaq. Layihə ilə bağlı 2022-ci il martın 11-də İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. Bu Memorandumun praktiki icrası olaraq İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu və Naxçıvan Muxtar Respublikası arasında Araz çayı üzərində avtomobil və dəmir yolları körpülərinin tikintisi nəzərdə tutulur. Prezident İlham Əliyev çıxışında Ağbənd istiqamətində yeni avtomobil körpüsünün tikildiyini xatırladıb: “Bu körpü tikiləndən sonra o da Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsi olacaq. Bu körpü təkcə Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən körpü deyil, bu, beynəlxalq nəqliyyat dəhlizinin bir parçasıdır. Həm Şimal-Cənub, eyni zamanda, Şərq-Qərb Nəqliyyat dəhlizlərinin bir hissəsi olacaq”. Bütün bu görülən işlər Azərbaycan və İran prezidentlərinin səyləri sayəsində başa gəlib. Körpülərin istifadəyə verilməsi Azərbaycan ilə İranın tranzit ölkə olaraq gücünü daha da artıracaq. 

Səyavuş Qasımov
Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, 
siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent