23 May 2024 13:41
296
GÜNDƏM

Dövlət Komitəsində “Şuşa qalası” broşürlar seriyasının təqdimatı keçirilib - FOTOLAR

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində “Şuşa qalası” broşürlar seriyasının təqdimatı keçirilib. Şuşa şəhərinin tarixini və maddi-mənəvi dəyərlərini əhatə edən 10 mövzuda, Azərbaycan və ingilis dillərində, orijinal tərtibatda çap edilmiş broşürların müəllifi Qarabağ tarixinin tanınmış tədqiqatçısı, yazıçı-publisist, “Şuşa” qəzetinin redaktoru Vasif Quliyevdir.

Adalet.az xəbər verir ki, Dövlət Komitəsinin sədri Rövşən Rzayev təqdimat mərasimində çıxış edərək deyib ki, broşürlar seriyasının nəşri mədəniyyət paytaxtı olan Şuşanın zəngin mədəni-tarixi irsinin təbliği baxımından böyük əhəmiyyət kəsb edir. Ulu Öndər Heydər Əliyevin Şuşanı əcdadlarımızın yaratdığı böyük tarixi abidə adlandırdığını xatırladan komitə sədri möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin misilsiz qəhrəmanlığı sayəsində bu qədim şəhərin 28 illik işğaldan azad edilməsinin hər bir azərbaycanlıda qürur və fərəh hissi doğurduğunu, qısa müddət ərzində onun bərpası və yenidən qurulması istiqamətində genişmiqyaslı işlər görüldüyünü, şuşalıların doğma yurda qayıdışının başlandığını bildirib. Şəhərin maddi-mənəvi dəyərlərinin bərpasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun mühüm rol oynadığı xüsusi vurğulanıb. 

Qeyd olunub ki, “Şuşa qalası” broşürlar seriyasının nəşri işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair l Dövlət Proqramına uyğun olaraq Dövlət Komitəsinin icra etdiyi məlumatlandırma, təbliğat-izahat və təşviqat tədbirləri çərçivəsində nəşr edilib. 

Təqdimat mərasimində Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İlham Rəhimli, “Xalq qəzeti”nin baş redaktorunun müavini, Əməkdar jurnalist Tahir Aydınoğlu, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tədqiqatçı-jurnalist Elşad Qoca, “Vətən səsi” qəzetinin baş redaktoru,  Əməkdar jurnalist Elşən Əliyev çıxış edərək, “Şuşa qalası” broşürlar seriyasının nəşrini yüksək qiymətləndirib, Qarabağ tarixinin tədqiqi sahəsində Vasif Quliyevin uzunmüddətli fəaliyyətindən danışıb, onun dəyərli yaradıcılıq işinin Böyük Qayıdışa layiqli töhfə olduğunu qeyd ediblər.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılmasında, müəllif kimi “Şuşa qalası” broşürlar seriyasının hazırlanmasında iştirakına görə Vasif Quliyevə Dövlət Komitəsinin təşəkkürnamə plaketi təqdim olunub. Müəllif yaradıcı əməyinə verilən dəyərə görə minnətdarlıq bildirib, doğma Qarabağın, əziz Şuşanın tarixini əlli ildən artıq müddətdə araşdırdığını və bu işdən zövq aldığını deyib. O, doğma şəhərinin işğaldan qurtarılmasından və sürətlə bərpa olunmasından hədsiz sevinc hissi keçirdiyini vurğulayıb, bu möhtəşəm quruculuq prosesini şəxsən  nəzarətdə saxlayan Prezident İlham Əliyevə, şuşalılara daim qayğı göstərən Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.

Xatırladaq ki, “Şuşa qalası” seriyasına “Şəhərin yaranması” (“Foundation of the city”), “Məhəllələr və küçələr” (“Neighborhoods and streets”), “Toponimlər”  (“Toponyms”), “Tarixi-memarlıq abidələri” (“Historical and architectural monuments”), “Flora və fauna” (“Flora and fauna”), “Müqəddəs məkanlar” (Holy places”), “Karvansaralar, hamamlar, bazarlar” (“Caravanserais, bathhouses, bazaars”), “Sənətkarlıq” (“Craftsmanship”), “Ticarət” (“Trade”) və “Bulaqlar” (“Springs”) adlı broşürlar daxildir. Broşürların ilk səhifələrində Ulu Öndər Heydər Əliyevin və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa haqqında söylədikləri fikirlər, Şuşa qalasının qurucusu Pənahəli xan Cavanşirin şəkli və onun haqqında, həmçinin Qarabağ xanlığı ilə Rusiya hökuməti arasında bağlanmış Kürəkçay müqaviləsi, ermənilərin İrandan və Türkiyədən Azərbaycana köçürülməsi barədə qısa məlumatlar verilib. Hər bir broşür həsr edildiyi mövzuya dair konkret tarixi faktlar əsasında, bədii-publisistik üslubda yazılıb və mətn çoxsaylı fotoşəkillərlə müşayiət olunur.

“Şuşa qalası” seriyasından broşürların nəşrinin davam etdirilməsi nəzərdə tutulur. İşğaldan azad edilmiş digər rayonlar haqqında məlumatlandırıcı broşürlar da tezliklə ictimaiyyətə təqdim olunacaqdır.