Dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib

23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Komitə sədri Rövşən Rzayev dövlət qulluqçularını əlamətdar gün münasibətilə təbrik edib, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb. O, Prezident İlham Əliyevin “Dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyət və insanlara xidmət imkanıdır” fikrini xatırladaraq bildirib ki, dövlət qulluğu vətəndaşlara xidmət missiyasını daşıyır və yüksək peşəkarlıq tələb edir.
Sədr çıxışında Komitənin fəaliyyət sahəsi olan qaçqınlar və məcburi köçkünlərlə işin xüsusi əhəmiyyətindən danışıb. Bildirilib ki, bu sahədə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri Böyük Qayıdış prosesidir. Həmin prosesin uğurla reallaşdırılması üçün Komitənin əməkdaşlarına ciddi vəzifələr düşür və hər bir dövlət qulluqçusu bu istiqamətdə yüksək məsuliyyətlə çalışmalıdır.
Tədbirdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qaçqınlar və məcburi köçkünlərlə bağlı məsələlərin həllinə xüsusi diqqət və qayğısı dərin minnətdarlıq hissi ilə qeyd edilib. Eyni zamanda diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin 21 iyun 2025-ci il tarixli Sərəncamına əsasən, dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 3 əməkdaşı - Zeynalov Təbriz Əmirxan oğlu, Xələfova Şəhla Əvəz qızı və Həsənova Sevgili Mehdi qızı “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunublar. Təltif edilən şəxslər onlara etimad göstərildiyi və fəaliyyətləri ali səviyyədə qiymətləndirildiyi üçün dövlət başçısına təşəkkür edib, gələcək işlərini daha da səmərələri və effektiv quracaqlarını qeyd ediblər.
Daha sonra Komitənin sosial media fəaliyyətində fəallıq göstərən bir qrup əməkdaşa təşəkkürnamələr təqdim edilib. Sonda çıxış edən digər dövlət qulluqçuları həmkarlarını peşə bayramı münasibətilə təbrik edib, yaradılan iş şəraitinə və göstərilən etimada görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.