adalet.az header logo
  • Bakı -°C
18 Noyabr 2026 12:33
40
SİYASƏT
A- A+

"Dövlətin aqrar sahədə siyasəti ilə bağlı yanlış təsəvvür yaranmamalıdır" - Komitə sədri

"Vergi Məcəlləsində dəyişikliklərlə bağlı deputat həmkarlarımızın həssaslıq göstərdiyi məsələ kənd təsərrüfatına vergilərin tətbiqi və kənd təsərrüfatında vergi məsələləridir. Biz bunu da təbii qəbul edirik. Ona görə ki, millət vəkillərinin bir çoxu aqrar rayonları təmsil edirlər və biz onu da qeyd etməliyik ki, elə komitənin iclasında da bu məsələlərə xüsusi yanaşıldı və geniş müzakirə edildi".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar icalsında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib. Onun sözlərinə görə, məsələyə həssaslıq göstərilməsi həm də onunla bağlıdır ki, uzun illər dövlətin kənd təsərrüfatına dəstəyi ilə bağlı səslənən tezislərdən biri bundan ibarət olub ki, fermerlər torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad edilib:

"Belə halda təbii ki, biz bir sıra suallara cavab verməliyik. Birinci sual ondan ibarətdir ki, dövlət kənd təsərrüfatına münasibətini dəyişirmi? Dövlət fermerə, kəndliyə, kəndli əməyinə münasibətini dəyişirmi? Qətiyyən dəyişmir. Dövlət bu gündə kənd təsərrüfatına geniş miqyaslı dəstək proqramlarını həyata keçirir və bu dəstəyin ümumi məbləğinə nəzər yetirmiş olsaq, bu birbaşa və dolayı dəstək istiqamətləri ilə birlikdə 1.5 milyard manata yaxın dəstəkdir. Bunu xüsusi olaraq qeyd etmək istərdim. Məsələnin həssaslığını və eyni zamanda kənd təsərrüfatından vergi daxilolmaları gözləntisinin cəmi 13 milyon manat olacağını nəzərə alaraq, hesab edirik ki, dövlət fermerə, kənd təsərrüfatı istehsalçısına potensial vergi ödəyicisi kimi baxmır. Aidiyyəti qurumlara da müzakirələr zamanı tövsiyə olundu ki, ictimaiyyətə, xüsusilə də aqrar ictimaiyyətə, kənd əhalisinə bu məsələlər ciddi şəkildə izah olunmalıdır, maarifləndirmə aparılmalıdır. Çünki dövlətin aqrar sahədə siyasəti ilə bağlı yanlış təsəvvür yaranmamalıdır. Dövlət fermerlərin, kənd təsərrüfatı istehsalçılarının yanındadır. Dövlət kənd təsərrüfatına bütün istiqamətlər üzrə dəstək göstərir. Ümumi 1.5 milyard manatla yanaşı, təkcə suvarma suyu ilə bağlı kənd təsərrüfatı istehsalçılarına maya dəyərindən təxminən 30 dəfə aşağı tariflə suvarma suyu satılmaqdadır. Biz bunu əgər ümumi qiymətləndirmiş olsaq, təkcə suvarma suyuna görə təxminən dövlət 300 milyon manata yaxın dövlət dəstəyi ayırmaqdadır. O cümlədən, təkcə kənd təsərrüfatı üzrə vergi güzəştlərinin məbləği 580 milyon manat təşkil edir. Yəni, bu həmin məbləğ qalmaqdadır və belə olan halda 580 milyon manat vergi güzəştini dövlət tətbiq edirsə, 12-13 milyon manat təbii ki, fermerdən bir vergi gözləntisinin olması heç də ondan xəbər vermir ki, biz fermerlər hesabına büdcə daxilolmalarını təmin edirik. Onu da bildirmək istərdim ki, bu gözlənilən məbləğ ümumilikdə kənd təsərrüfatı üzrə vergi güzəştlərinin cəmi 2 faizini təşkil edir.

O zaman sual yaranır ki, bəs nə üçün biz artıq kənd təsərrüfatında yeni vergi rejimini tətbiq edirik? Bunun başlıca səbəblərindən biri bundan ibarətdir ki, artıq kənd təsərrüfatında vergi həm də uçotla əlaqələndirilmiş olur. Kənd təsərrüfatında vergi məsələlərinin uçotla əlaqələndirilməsi həm də ona imkan verəcək ki, dövlət hər bir kəndliyə, fermerə, kənd təsərrüfatı istehsalçısına yönəltdiyi dəstəyi qiymətləndirmiş olsun, kənd təsərrüfatına dövlət dəstəyini daha səmərəli təşkil eləmiş olsun, aqrar siyasət səmərəli həyata keçirilsin, həm də çox mühüm məsələlərdən biri ondan ibarətdir ki, dövlət tərtib etdiyi ərzaq balansını daha real əsaslarla, şərtlərlə tərtib etmiş olsun. Ona görə ki, burada əsas məsələlərdən biri ərzaq məhsulları ilə ölkənin özünü təmin etmə göstəricilərinin dəqiq hesablanmasıdır. Vergi məsələlərinin uçotla əlaqələndirilməsi hesab edirik ki, bu dövlət tərəfindən bir tərəfdən həm kənd təsərrüfatına dəstəyin səmərəli təşkilinə imkan verəcək, həm də bütövlükdə hesab edirik ki, həm vergi inzibatçılığını təkmilləşdirəcək, həm də bu kənd təsərrüfatında yeni bir mərhələnin başlanğıcı olacaq".