11 Avqust 2023 09:00
2034
LAYİHƏ

DÜNYANI SİLKƏLƏYƏN QƏLƏBƏ

Ermənilər uzun müddət elə bilirdilər ki, Azərbaycanın torpaqlarını işğal altında saxlayacaqlar. Daha doğrusu, ermənilər və onların havadarları belə düşünürdülər. Düşünməyə də bəzən haqları vardı. Çünki ən azından 30 ildən çox idi ki, işğal etdikləri Azərbaycan torpaqlarında at oynadırdılar. Onların «dayıları» olan Fransa, Rusiya, ATƏTdeyirdi ki, qorxmayın, heç kim sizi burdan çıxara bilməz. Hər şey bizdən asılıdır. Biz də sizin tərəfinizdəyik. Bax beləcə, havadarlar və ermənilər düz 30 il bizim torpaqlarımızda at oynatdılar. Varımızı, dövlətimizi, evimizi, eşiyimizi, meşəmizi, sərvətimizi talayıb apardılar. Və düşünürdülər ki, hələ uzun müddət də talayacaqlar, kef eləyəcəklər və varlanacaqlar.

Amma sən saydığını say, gör Azərbaycan nə deyir. Azərbaycansa Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründən ordu quruculuğunu daha da möhkəmləndirir, dünyanın ən yeni hərbi texnologiyasını ölkəyə gətirirdi. Və prezident İlham Əliyevin hakimiyyəti dövründə birmənalı demək olar ki, Azərbaycan ordusu təpədən-dırnağa yenidən silahlandı, hərbi hissələrimiz NATO standartlarına uyğun quruldu, zabitlərimiz və digər yüksək çinli hərbçilərimiz Türkiyədə çox böyük təcrübə topladı. Üstəlik də Azərbaycan öz hərbi arsenalını daha da möhkəmləndirdi, gücləndirdi. Başqa sözlə demiş olsaq , dünyanın ən müasir döyüş silahlarını alaraq hərbi hissələrimizdə çox yüksək döyüş qabiliyyəti formalaşdırdı. Paralel olaraq ölkə prezidenti İlham Əliyev beynəlxalq təşkilatların kürsülərindən çıxış edərək ermənilərin işğalçı siyasətini bütün dünyaya bəyan etdi. Hətta beynəlxalq təşkilatların işğal altında olan torpaqlarımızın azad olunması uğrunda çox zəif fəaliyyət göstərməyini onların diqqətinə çatdırdı. Təbii ki, cənab prezidentin bu cür möhtəşəm çıxışları dünya ictimaiyyətinə əsl həqiqətin çatdırılmasında önəmli əhəmiyyət kəsb elədi. Üstəlik də Azərbaycanın haqq işini və ədalətli mübarizəsini Türkiyə, Pakistan və İsrail dəstəklədi.

Aydındır ki, beynəlxalq dəstək olmadan Qarabağın işğal altında olan ərazilərini azad etmək mümkün deyildi. Çünki ermənilər tez-tez atəşkəsi pozur, yeni ərazilər işğal etmək haqqında fikirlər səsləndirir və hətta Bakıya qədər gəlib çıxacaqlarını bildirirdilər. Onların hücumlarının qarşısını almaq üçün Azərbaycan ordusu 2020-ci il sentyabrın 27-də əks hücuma keçmək məcburiyyəti qarşısında qaldı. Belə ki sentyabrın 27-nə qədər Füzuli, Ağdam, Tərtər, Ağcabədi istiqamətində ermənilər atəşkəsi pozaraq hücumlar edir və döyüş mövqelərimizi ələ keçirmək istəyirdilər.

Artıq sentyabrın 27-i səhər saatlarından Azərbaycan ordusunun möhtəşəm hücumu başladı. Füzuli və Cəbrayıl istiqamətində döyüş təyyarələrindən tutmuş ağır texnikaya qədər ordumuz çox sürətli hücuma keçdi. Ermənilərin 30 il bəh-bəhlə təriflədiyi və müdafiə xətlərinin yara bilməməklə bağlı mifləri elə həmin gün alt-üst oldu. «Ohanyan səddi» deyilən səddi Azərbaycan əsgəri, Azərbaycan ordusu və Azərbaycan tankları bir nesə saat ərzində vurub darmadağın elədi. İlk gündən başlayaraq Azərbaycan əsgəri aslan kimi döyüşdü. Və hər bir əsgər buna çalışırdı ki, işğal altında olan torpaqlarımızın hər qarışı uğrunda canından keçsin və təki bayrağımızı öz qanı tökülən yerə sancsın. Sentyabrın 27-dən 30-na qədər qısa zaman kəsiyində Füzulinin 5 kəndi və Cəbrayılın 4 yaşayış məntəqəsi erməni işğalçılarından azad olundu və həmin yerlərə Azərbaycan bayrağı sancıldı.

İlk günlərin qələbəsi Azərbaycan ordusunu və Azərbaycan əsgərini daha da ruhlandırdı. Artıq hər gün, hər saat, hər dəqiqə bir yaşayış məntəqəsi işğaldan azad olunurdu. Azərbaycan ordusunun qarşısına erməni ordusunun heç bir qüvvəsi saxlaya bilmirdi. Bunu görən qorxaq və aciz Ermənistan ordusunun əsgərləri silahları və ağır texnikanı ataraq qaçırdılar. Onlar qaçırdı, Azərbaycan ordusu isə qovurdu. Əks hücumlar nəticəsində Cəbrayıl şəhəri azad olundu… Hadrut alındı… Füzuli alındı… Zəngilan alındı. Və beləcə bu qələbənin 44 günlük sorağı dünyaya yayıldı. Sonra ermənilər məcbur olub möhtəşəm qələbəmizi həzm edərək Ağdamı, Laçını, Kəlbəcəri boşaltdılar. Elə-belə boşaltmadılar ey, çünki Azərbaycan ordusu Laçın yolunu ələ keçirəndən sonra ermənilər mühasirəyə düşdü. Və mühasirədə 35 min erməni əsgəri qalmışdı. Bunu Paşinyan da deyir ki, mən ya 10 noyabr Bəyannaməsinə qol çəkməliydim, ya da o 35 min əsgər əsir götürülməliydi. Bax, ermənilərin qorxaqlığı, acizliyi burda da üzə çıxdı. Çünki onlar havadarları olmadan döyüşə bilmirlər. Və gözləyirlər ki, kimsə gəlib onların əvəzindən vuruşmalıdırlar. Onlar rusları gözləyirdilər, ruslar da gəlmədilər. Ona görə də timsah kimi göz yaşı tökərək dabanlarına tüpürüb qaçdılar.

Azərbaycanın 44 günlük möhtəşəm qələbəsi bu gün dünyanın bir çox ölkələri tərəfindən daha dərindən araşdırılır, öyrənilir və dəqiqləşdirilir. Çünki dünya tarixində belə qısa müharibələr çox az olub, üstəlik də bu qısa müddətdə Azərbaycan 30 ildə görüləcək işləri həyata keçirib. Dünya hərb tarixinə Azərbaycanın 44 günlük möhtəşəm döyüşü qızıl hərflə həkk olunub. Və bu günün özündə də bu döyüşdəki hərbi sirləri və döyüş taktikasını başqa ölkələr də öyrənməyə çalışır. Amma çətin ki, başqa ölkələr 44 gündə Azərbaycan kimi müzəffər qələbə qazansın və yeni bir tarix yazsın. Çünki bu dövrdə Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyev və Azərbaycan ordusu elə bir tarix yazdı ki, onu heç bir başqa ölkə təkrarlaya bilməz. Ən azından ona görə ki, 44 gündə 10 milyonluq Azərbaycan xalqı bir yumruq kimi Prezident İlham Əliyevin və Azərbaycan ordusunun ətrafında birləşdi!

Faiq QİSMƏTOĞLU 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.