21 Iyul 2023 09:00
2421
LAYİHƏ

DÜNYANIN ƏN GÖZƏL YERİ

Mənə görə dünyanın çox gözəl yerləri, yurdları, ocaqları, obaları var. Və həmin yurd yerlərini də o ünvanlarda yaşayan insanlar daha çox sevirlər. Ən azından ona görə ki, o adamlar bu yurdda anadan olub, böyüyüb, təhsil alıb və əli çörəyə çatıb. Əlbəttə, insanın anadan olduğu yer hər şeydən daha əziz və daha doğmadır. Bir də ki, həmin yerlər gözəl, abad olanda insanlara daha çox zövq verir.

Bayaq dedik axı, dünyanın gözəl yerləri çoxdur və saymaqla qurtaran deyil. Mənə görə də dünyanın ən gözəl yerlərindən biri Füzuli rayonudur. Çünki mən bu bölgədə anadan olmuşam, orada böyümüşəm və gəlib bugünkü yaş həddinə çatmışam. Aydındır ki, bütün bunlara görə uca Tanrıya, bir də bu Vətənimə borcluyam. Tanrının və Vətənin borcunu qaytarmaq isə o qədər asan deyil. Hələ dünyada heç kəs nə Allahın, nə də Vətənin borcunu tamamilə qaytara bilməyib. Şəhidlər istisna olmaqla, bir kimsə deyə bilməz ki, biz Vətənə çox şey eləmişik. Vətənə ən çox xidmət edən, onun uğrunda canından, qanından keçən şəhidlərimizdir. Allah onları öz dərgahında saxlasın!

…O yerdəki abadlıq var, o yerdəki quruculuq işləri həyata keçirilir, o yerdəki hər yan gül-çiçəyə bürünür, deməli o məkanda sözün həqiqi mənasında millət və xalq üçün möhtəşəm işlər görülür. Bu gün iftixarla deyə bilərik ki, ölkəmizin bütün bölgələrində gözəl, abadlıq, quruculuq işləri həyata keçirilir. Bu da təsadüfi deyildir. Çünki Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründən başlayaraq, Prezident İlham Əliyevin gerçəkləşdirdiyi möhtəşəm abadlıq işləri demək olar ki, ölkəmizin hər yerində hiss olunur. Hiss olunur ki, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramının həyata keçirilməsində xidmətləri əvəzsizdir. Əlbəttə, əgər dövlət küllü miqdarda vəsait ayırmasa, regionlarda bu qədər möhtəşəm işlər görülə bilməz. Üstəlik də işğaldan azad olunmuş rayonlarımızda bu gün sözün həqiqi mənasında XXI əsrin ən böyük tikinti işləri görülür.

Bu mənada Füzuli rayonunda da çox böyük abadlıq, quruuluq və tikinti-quraşdırma işləri həyata keçirilib. Hələ 1994-cü ilin yanvarında Füzulinin işğal altında olan 22 kəndi və Horadiz şəhəri erməni faşistlərindən azad olunandan sonra burada ilk quruculuq-bərpa işlərinə start verildi. Heç kimin ağlına gəlməzdi ki, daşı-daş üstə qalmayan, yandırılıb külə döndərilən Horadiz şəhəri və eləcə də digər 22 yaşayış məntəqəsi beş-altı ildən sonra yenidən tikiləcək, abalaşacaq və gözəlləşəcəkdir.

Əlbəttə, bu işləri birdən-birə həll etmək elə də asan deyildi. Bayaq dediyimiz kimi, milyonlarla vəsait lazım idi. Ölkənin çətin və ağır vəziyyətində bu vəsaiti dövlət rəhbəri həmin regiona ayırdı və böyük abadlıq işlərinə başlanıldı. Yollar yenidən çəkildi, yəni dağılmış və məhv olmuş yollar asfaltlandı, yaşayış məntəqələrinə su, qaz, işıq xətti çəkildi. Bir sözlə, ermənilərin daşı-daş üstə qoymadığı kəndlərdə və Horadiz şəhərində yeni infrastruktur quruldu. Rayonun Böyük Bəhmənli, Aşağı Yağlıvənd, Kərimbəyli, Babi, Araytılı, Molla Məhərrəmli və eləcə də digər kəndlərində yenidən bərpa işləri başlandı. Yandırılmış və dağıdılmış yaşayış binaları, sosial obyektlər, xəstəxanalar, uşaq bağçaları yenidən tikildi. Təbii ki, bu tikinti işlərində dövlətlə yanaşı, Füzuli camaatı da yaxından iştirak edirdi. Aydındır ki, Horadiz şəhəri status alandan sonra burada daha böyük tikinti işləri görüldü. Bir-birindən gözəl yaşayış binaları, sosial obyektlər, xəstəxanalar, uşaq bağçaları yenidən tikildi, yollara asfalt örtük döşəndi, səkilər, xiyabanlar öz əvvəlki görkəmindən də yaxşı tikildi. Şəhərə gələndə isə bu möhtəşəm bir iş oldu. Belə ki, Horadiz şəhərinin mərkəzində böyük bir sahəni əhatə edən yerdə Heydər Əliyev parkı inşa edildi. Mən tam səmimiyyətilə deyə bilərəm ki, bu park respublikamızın ən gözəl parklarından sayıla bilər. Parkda tikinti işləri ilə yanaşı, çox böyük yaşıllıq və abalıq işləri də həyata keçirilib. Hara baxırsan güllər, çiçəklər, ağaclar və yaşıllıqlardır. Bununla yanaşı, Bayraq meydanında da heç yerdə oxşarı olmayan qeyri-adi işlər görülüb. Bir sözlə, Horadiz şəhərində son 15 ildə yüz mindən çox küknar, çinar və digər ağac və bəzək kolları əkilib.

Onu da qeyd edək ki, Füzuli yenə yeganə rayonlardandır ki, işğıldan azad olunandan sonra bütün kəndlərin yollarının sağında və solunda çinar ağacları əkilib. Elə bir kənd yoxdu ki, onun girəcəyindən sona qədər bu ağaclar əkilməsin. İndi hansı kəndə gedirsən, 12-13 il bundan əvvəl əkilmiş çinar ağaclarını görürsən. O çinar ağacları o kəndlərə, o yaşayış məntəqələrinə qeyri-adi bir gözəllik gətirir. Yayın istisində heç harada sərinlənmək mümkün olmayanda o çinar ağaclarının kölgəsində dincəlməyin özgə ləzzəti var. Mən buna çox vaxt Allahın təbii kondisioneri də deyirəm. Çünki hansı çinar ağacının kölgəsində əyləşirsənsə, bu sərinliyi hiss eləyirsən və duyursan!

Böyük Bəhmənli kəndi Füzulinin ən iri yaşayış məntəqələrindəndir. Həmin kənd də 1993-cü ilin avqustun 23-də erməni işğalçıları tərəfindən zəbt edilmişdir. Amma bu işğalçılıq uzun müddət davam edə bilmədi. 1994-cü ilin yanvarın əvvəlində Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu 22 yaşayış məntəqəsi ilə yanaşı, sonuncu işğal olunmuş Böyük Bəhmənli kənədini də ermənilərdən təmizlədi. Ermənilər burada az qalmasına baxmayaraq, 100-ə yaxın evləri yandırmışdılar. Sözümüzün canı ondan ibarətdir ki, qısa müddətdə bu kənddə dağılmış infrastruktur, yaşayış binaları, məktəblər və xəstəxana yenidən tikildi. Kəndin dörd tərəfini birləşdirən yola asfalt örtük döşəndi. Üstəlik də Sovet dövründə heç bu kənddə təbii qaz yox idi. Yaşayış məntəqəsinə təbii qaz da çəkildi. Və bir neçə artezian quyusu qazıldı. Bütün bunlar kənd camaatını bu elə, bu yurda daha da ürəkdən bağladı. Onlar dövlətin, Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin qayğısını hiss elədi. Dövlətin köməkliyi ilə insanlar yavaş-yavaş öz işlərini qurdular, dirçəldilər və ayayğa qalxdılar. İndi demək olar ki, kənddə camaatın dolanışığıı çox yüksək səviyyədədir. Əksər adamların qapısında 1-2 maşın var. Bunun da hamısını halal zəhmətlə qazanıblar.

Ona görə də Füzuli camaatı, o cümlədən bəhmənlilər ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici və daxili siyasəti bəyənir, ona dəstək olurlar. Çünki bu siyasət nəticəsində füzulilər öz doğma yurduna qayıtmış, həyatlarını yenidən qurmağı bacarmışlar. Təbii ki, bu uğurlar insanların ümidlərini daha da artırır və sabaha böyük istəklə baxırlar!

 

Faiq QİSMƏTOĞLU 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.