18 Oktyabr 2025 13:46
79
İQTİSADİYYAT

“Neft ucuzlaşır, qızıl bahalaşır: Trampın vəd etdiyi “sülh” bazarlara necə təsir edə bilər? 

“Son günlərdə dünya bazarlarında neft qiymətləri enməkdə davam edir. Oktyabrın 17-nə olan məlumata görə, Brent markalı neftin bir barreli təxminən 61 dollar civarında ticarət olunur. Bu, son iki-üç gün ərzində təxminən 8–10 faizlik azalma deməkdir. Ucuzlaşmanın əsas səbəbləri bazarda təchizat narahatlıqlarının azalması və qlobal tələbin zəifləməsidir. Bunun əksinə olaraq, qızılın qiyməti isə sürətlə bahalaşır. Hazırda bir unsiya qızıl 4 300 dolları keçib. “HSBC” və “JPMorgan” kimi beynəlxalq maliyyə qurumları bildirirlər ki, investorlar geosiyasi risklərin artdığı bir dövrdə sərmayələrini təhlükəsiz liman sayılan qızıla yönəldirlər”. 

Adalet.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Razi Abasbəyli deyib.

O bildirib ki, son günlərdə Fələstin–İsrail münaqişəsində barış yönümlü bəzi diplomatik siqnalların və ABŞ-da Donald Trampın seçki kampaniyası çərçivəsində “nefti ucuzlaşdıracağı” barədə verdiyi vədlərin də bazarda psixoloji təsiri hiss olunur: 

“Lakin “Bank of America”nın araşdırmasına görə, Trampın seçilməsindən sonra Rusiya–Ukrayna müharibəsinin dayandırılması və Moskva neftinə sanksiyaların yumşaldılması halında, Brent neftinin qiyməti 5–10 dollar arası ucuzlaşa bilər. Bunun səbəbi – Rusiya neftinin daha geniş şəkildə bazara çıxması və təklifin artması olardı. Digər tərəfdən, “Standard Chartered”, “Wood Mackenzie” və “JPMorgan” kimi nüfuzlu analitik mərkəzlər xəbərdarlıq edirlər ki, bu cür siyasi açıqlamalar adətən qısa müddətli bazar reaksiyalarına səbəb olur. Onların fikrincə, real və uzunmüddətli qiymət dəyişiklikləri yalnız OPEC+ qərarları, qlobal iqtisadi artım tempi və enerji tələbi kimi fundamental amillərlə bağlıdır. Beləliklə, Trampın potensial “sülh planı” və ya siyasi bəyanatları neft qiymətlərində qısamüddətli azalma yaratsa da, davamlı ucuzlaşma üçün real təchizat artımı və iqtisadi sabitlik zəruridir”.

Vasif ƏLİHÜSEYN