“Azyaşlı uşaqların reklam məqsədilə istifadə olunması psixoloji risklər yarada bilər...”
Son zamanlar azyaşlı qız uşaqlarının ətir mağazalarına reklam çarxlarına cəlb edilərək, yaşlarına uyğun olmayan rəqsləri cəmiyyət tərəfindən qınaqla qarşılanıb.
Mövzuyla bağlı Adalet.az-a danışan psixoloq Zeynəb Əyyubova bildirdi ki, reklam və satış məqsədilə azyaşlı uşaqların xüsusən qızların sosial mediada və müxtəlif reklam çəkilişlərində istifadə olunması ilə bağlı videoların o da şahididir:
Psixoloqun sözlərinə görə, bu yaş dövrü uşağın şəxsiyyətinin formalaşmağa başladığı, özünü və ətraf dünyanı tanıdığı həssas mərhələlərdən biridir:
“Bu yaşda uşaq reklamın və kommersiya məqsədlərinin nə olduğunu tam dərk etmir. Onun üçün əsas motivasiya böyüklərin diqqətini qazanmaq, tərif almaq və bəyənilməkdir. Buna görə də uşağın belə fəaliyyətlərdə iştiraka razılığı əslində şüurlu və yetkin qərar hesab olunmur. Azyaşlı uşaqların reklam və satış məqsədilə tez-tez istifadə olunması bir sıra psixoloji risklər yarada bilər. Uşaq zamanla öz dəyərini diqqət, bəyənilmə və görünüş üzərindən ölçməyə başlaya bilər. Bu isə gələcəkdə özünə inamın zəifləməsinə, özünü başqaları ilə davamlı müqayisə etməyə və xarici qiymətləndirmədən asılı olmağa səbəb ola bilər”.
Z.Əyyubova deyib ki, digər tərəfdən, erkən yaşda diqqət mərkəzində olmaq uşağın üzərinə yaşına uyğun olmayan gözləntilər və məsuliyyət də qoya bilər:
“Uşaq “bəyənilməli olmaq”, “gözəl görünmək” və ya “hamını razı salmaq” kimi düşüncələrlə böyüyə bilər. Bu isə gələcəkdə narahatlıq, özünə qarşı tənqid, emosional gərginlik və sosial münasibətlərdə çətinliklər yarada bilər. Bəzi hallarda isə uşaq özünü daha çox bir “görünüş obyekti” kimi qəbul etməyə başlayır. Bu da yeniyetməlik və gənclik dövründə bədən obrazı ilə bağlı narazılıq, aşağı özünə dəyər hissi və psixoloji həssaslıq yarada bilən amillərdən biri ola bilər. Unutmaq olmaz ki, bu yaş dövründə uşağın ən vacib ehtiyacları sərbəst oyun, təhlükəsiz mühit, emosional sabitlik və sağlam inkişafdır. Uşaqların reklam və sosial mediada iştirakı məsələsində çox diqqətli olmaq və ilk növbədə onların psixoloji rifahını düşünmək vacibdir. Uşaqlar heç vaxt kommersiya maraqları naminə istifadə olunan alətə çevrilməməlidir”.
Vasif ƏLİHÜSEYN


Bakı -°C

