adalet.az header logo
  • Bakı -°C
02 Aprel 2026 11:32
69
İQTİSADİYYAT
A- A+

Üçünün bir məqsədlə birləşməsi nəyisə dəyişə biləcəkmi? - İqtisadçı

“Yaxın Şərqdə davam edən müharibənin ağır iqtisadi təsirinin azaldılması üçün Beynəlxalq Enerji Agentliyi (BEA), Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) arasında koordinasiya mexanizminin yaradılması barədə açıqlama verilib. Düzdür, bu addım beynəlxalq ictimaiyyətə bir qədər ümid verə bilər. Lakin məsələyə daha geniş makroiqtisadi kontekstdə baxaraq bu qurumların real imkanlarının haraya qədər uzandığını da düzgün qiymətləndirmək lazımdır”. 

Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. 

Onun sözlərinə görə, BVF təxminən 1 trilyon dollara yaxın kredit potensialı olan əsas institutlardan biridir:

“Fond valyuta böhranı yaşayan ölkələrə maliyyəçdəstəyi verir, tövsiyələr hazırlayır, bəzi hallarda isə struktur islahatları üçün proqramlar təqdim edir. Yəni BVF enerji bazarlarında baş verən geosiyasi riskləri və ya müharibələrin yaratdığı iqtisadi şokları birbaşa aradan qaldıra bilən mexanizmə malik deyil.Dünya Bankı Qrupu isə daha çox uzunmüddətli inkişaf layihələrinin maliyyələşdirilməsi ilə tanınır. Bankın illik maliyyələşdirmə imkanları 10 milyardlarla dollar səviyyəsindədir və əsas diqqət infrastruktur, enerji, kənd təsərrüfatı və sosial layihələrin dəstəklənməsinə yönəlir. Bu institut müharibə və ya iqtisadi böhran nəticəsində zərər görmüş ölkələrin bərpasında mühüm rol oynaya bilər, lakin qlobal enerji qiymətlərinə və ya ticarət axınlarına birbaşa təsir göstərən alətlərə malik deyil.Beynəlxalq Enerji Agentliyi isə daha çox analitik və koordinasiya platforması kimi fəaliyyət göstərir. Agentlik qlobal enerji bazarlarını təhlil edir, enerji təhlükəsizliyi ilə bağlı məlumat və proqnozlar hazırlayır, ölkələr arasında siyasət koordinasiyasını təşviq edir. Onun təsiri daha çox məlumat, strateji təhlil və siyasət tövsiyələri üzərindən formalaşır. İndi qlobal iqtisadiyyatın ölçüsünə baxaq”. 

O, bildirib ki, dünya iqtisadiyyatının ümumi həcmi təxminən 100 trilyon dollardan artıqdır:

“Bu miqyasla müqayisədə BVF, DB və BEA kimi qurumların maliyyə və institusional imkanları xeyli məhdud görünür. Birincisi, bu təşkilatlar bütün resurslarını eyni vaxtda və tam şəkildə səfərbər edə bilən qurumlar deyil. Onların maliyyə imkanları üzv ölkələrin töhfələri, kvotalar və müxtəlif maliyyə mexanizmləri ilə formalaşır və bu resurslar paralel olaraq bir çox ölkə və layihə üzrə bölüşdürülür.İkincisi, bu institutların qəbul etdiyi qərarlar əksər hallarda tövsiyə və maliyyə dəstəyi xarakteri daşıyır. Onlar iqtisadi koordinasiyanı gücləndirə, böhranların təsirini qismən yumşalda və bəzi ölkələrə maliyyə dəstəyi təqdim edə bilirlər. Lakin qlobal miqyasda enerji qiymətlərinin formalaşması, ticarət axınlarının dəyişməsi və ya müharibələrin iqtisadi nəticələrinin müəyyənləşməsi kimi proseslər təkcə maliyyə alətləri ilə həll olunan məsələlər deyil. Bu qərarların mühüm hissəsi siyasi, təhlükəsizlik və hərbi faktorlarla müəyyən olunur və əsas söz sahibi yenə də böyük iqtisadi və geosiyasi gücə malik ayrı-ayrı dövlətlərdir, qurumlar yox. Əlqərəz, planetin böyük güclərindən birinin və ya bir neçəsinin verdiyi qərar və atdığı addım 10 beynəlxalq təşkilatın verdiyi qərardan daha təsirli və dağıdıcıdır. Odur ki, Yaxın Şərqdəki münaqişənin mənfi təsirlərinin aradan qaldırılmasını hansısa beynəlxalq təşkilatdan və təşkilatlardan gözləmək sadəlövhlükdür”.

Vasif ƏLİHÜSEYN