Şəhidlik zirvəsi
"Füzulidə Yazılan Qəhrəmanlıq: Gülbar Heydərovanın Şəhidlik Zirvəsi
Azərbaycan xalqının tarixində qəhrəmanlıq salnaməsi yazan yüzlərlə igid övladımız var. Bu igidlərdən biri də 1-ci Qarabağ müharibəsində şücaət göstərərək Vətən uğrunda canından keçən cəsur döyüşçü, şəhid Gülbar Heydərovadır. O, yalnız silah tutan bir əsgər deyil, həm də fədakarlığı, mərdliyi, vətənə bağlılığı ilə yadda qalan bir şəxsiyyət idi. Onun həyatı və döyüş yolu bu gün də qürurla xatırlanır və gələcək nəsillər üçün bir nümunə, örnəkdir.
Həyat yolu və formalaşması
Gülbar Heydər qızı Heydərova 1965-ci il martın 1-də Füzuli rayonunun Qaraməmmədli kəndində, fəhlə ailəsində dünyaya göz açmışdır. Üç qardaşın tək bacısı idi. Uşaqlıqdan zəhmətə alışmış, ailəsinə bağlı, qayğıkeş və güclü xarakterli bir insan kimi böyümüşdür. Qonşu Zərgər kəndində 8 illik məktəbi bitirdikdən sonra Bakıdakı Neft-Kimya Texnikumuna daxil olmuşdur. Təhsilini başa vurduqdan sonra doğma yurduna qayıtmışdır.
O, əvvəlcə doluya qarşı hərbiləşdirilmiş mühafizə dəstəsində çalışmış, qısa müddət zamanı, rabitə rəisi vəzifəsinə yüksəlmişdir.
Cəbhəyə gedən yol
Qarabağ müharibəsi başlayanda Gülbar Heydərova tərəddüd etmədən könüllü olaraq Füzulidə yaradılan özünümüdafiə batalyonuna qoşulmuşdur. Ailəsinin etirazına baxmayaraq, o bu qərarından dönməmişdi. Xüsusilə, Xocalı faciəsindən sonra onun qəlbində Vətənə xidmət etmək hissi daha da güclənmişdi. “Mən bu yolu seçmişəm, yolumdan dönməyəcəyəm”- deyərək cəbhəyə yollanmışdı.
Gülbar qardaşı Kərimlə birgə eyni cəbhədə vuruşmuşdur.
Döyüş yolu və qəhrəmanlığı
Gülbar Heydərova Füzuli rayonunun ən ağır döyüş bölgələrində-Gövşad, Qacar, Veysəlli, Divanalılar, Xırmanca, Məlikcan, Zərgər, Axullu, Dördlər, Üçbulaq kəndləri uğrunda gedən döyüşlərin fəal iştirakçısı olmuşdur. O, həm ön xətt döyüşçüsü, həm də peşəkar rabitəçi kimi fəaliyyət göstərirdi.
Zabit Rasim İbrahimovun təqdimatı ilə 20 nəfərlik rabitə xidmətinin rəisi vəzifəsi ona həvalə edilmişdi. Leytenant rütbəsi daşıyan Gülbar döyüşlər zamanı düşmən mövqelərinin koordinatlarını dəqiqliklə müəyyən edir, bu məlumatları topçu bölmələrə ötürərək düşmənə ciddi zərbələr endirilməsinə nail olurdu.
1993-cü ilin aprel ayında strateji əhəmiyyətli Məngələnata yüksəkliyi uğrunda gedən döyüşlərdə onun qəhrəmanlığı xüsusilə seçilmişdir. Gülbar həyatını riskə ataraq düşmənə ən yaxın mövqeyə qədər irəliləmiş, orada kəşfiyyat apararaq topçulara dəqiq koordinatlar vermişdir. Onun bu addımı nəticəsində düşmən qüvvələri darmadağın edilmişdir.
Gülbar Heydərovanın dəqiq və peşəkar fəaliyyəti düşmənə böyük itkilər verdiyi üçün ermənilər onun başına pul mükafatı təyin etmişdilər. Onu diri və ya ölü ələ keçirənə mükafat vəd olunsa da, düşmən bu niyyətinə nail ola bilməmişdir.
O, yalnız döyüşən bir əsgər deyildi. Eyni zamanda onlarla yaralı silahdaşını güclü atəş altında döyüş meydanından çıxararaq hospitala çatdırmış, bir çox insanın həyatını xilas etmişdir.
Döyüş yoldaşları onun cəsarətindən ilham alır, onun yanında özlərini daha güvənli hiss edirdilər.
Şəhidlik zirvəsi
Gülbar Heydərova 1993-cü il iyulun 24-də qardaşı Kərimlə birlikdə yaralıları daşıyarkən “UAZ” markalı avtomobildə hərəkət edərkən qarşılarına düşən mərminin partlaması nəticəsində ağır yaralanmışdır. O, boğaz nahiyəsindən aldığı qəlpə yarası səbəbindən həyatını xilas etmək mümkün olmamışdır.
Qardaşı Kərimin qollarında son dəfə Füzulinin səmasına baxaraq gözlərini əbədi yummuşdur.
Onun şəhidliyi ailəsi üçün böyük faciə olmuşdur. Anası bu itkiyə dözə bilməmiş, qısa müddət sonra vəfat etmişdir. Gülbarın yoxluğu ailənin həyatında dərin iz buraxmışdır. Xatirəsi və təltif olunması,Gülbar Heydərova ölümündən sonra Azərbaycan Respublikası prezidenti İlham Əliyevin 859 nömrəli 24 iyun 2005-ci il tarixli sərəncamına əsasən “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmuşdur. O, Bakıda Şəhidlər xiyabanında dəfn edilmişdir.
Gülbarın anası bu dünyadan Gülbarın həsrəti ilə köçdü. O, istəyirdi Gülbara “Milli Qəhrəman” adı verilsin, lakin buna nail ola bilmədi. Hər zaman deyirdi, “Gülbarın haqqını vermədilər”.
Gülbarın sağlığında göstərdiyi misilsiz igidlikləri nəzərə alan komandirləri ona “Milli Qəhrəman” adının verilməsi üçün yuxarı instansiyalara təqdimat göndərmişdi. Təəssüf ki, həmin təqdimat Müdafiə Nazirliyində it-bata düşdü.
Onun adı bu gün də böyük hörmətlə yad edilir. Adına bulaq kompleksi yaradılmış, haqqında məqalələr yazılmış, televiziya proqramları hazırlanmışdır. Hər il onun məzarı ziyarət olunur, insanlar onun ruhuna ehtiram göstərirlər.
Ailəsi onun adını yaşatmaq üçün qardaşı qızına Gülbar adını verirlər.
Bu gün Gülbar bu adı layiqincə daşıyır və hər zaman fəxr hissi duyur ki, nə yaxşı ki, mənim belə qəhrəman bibim olub. Bu məqaləni qələmə alan, onun adını daşıyan Gülbardı..bu mənim üçün böyük qürur və eyni zamanda ağır məsuliyyətdir. Mən hər zaman çalışacağam ki, Gülbar adının daşıdığı gücə, mərdliyə və vətən sevgisinə layiq olum. Gülbar adı sadəcə bir ad deyil eyni zamanda Heydərovlar ailəsinə mirasdır.
Artıq, ruhun rahatlıq tapsın qəhrəman bibim.. Çünki torpaqlarımız düşmən tapdağından azad edildi.. Bu gün biz əzəli torpaqlarımızın əbədi sakinləriyik.
Bu məqaləni yazarkən onu yalnız oxuduqlarımla deyil, ailəmdən eşitdiklərimlə, xatirələrdə yaşayan Gülbarla tanıdım. Üzünü heç vaxt görmədiyim, lakin qəlbimin dərinliklərində sonsuz sevgim olan Şəhidim...
Baharın ilk günündə doğuldun sən. Buna görə də ismin Gülbar oldu. Gülün bar verməsi, çiçəklənməsi. Həyatın heç zaman gül-çiçək açmasa da, sən hər zaman bizim qəlbimizdə çiçəkləndin..
Deyirlər, Gülbar çox mehriban, amma bir o qədər də güclü idi. Hər kəsə dayaq olur, qorxmadan irəli gedirdi. Mən də çalışıram ki, bu adı sadəcə daşımaqla kifayətlənməyim, ona layiq olum. o, bu ada cəsarət, fədakarlıq və vətən sevgisi yazdı.
Bu gün mən onun adını daşıyıram və hər dəfə bu adla çağırılanda bir daha xatırlayıram ki, bu sadəcə bir ad deyil… bu, bir qəhrəmanın yadigarıdır.
Qəhrəmanlar unudulmur- Gülbar da yaşayır.
Onun keçdiyi yol qürurumuz, xatirəsi əbədidir.
Heydərova Gülbar Rəftar qızı
Abşeron rayon Əfqan Qadaşov adına Pirəkəşkül kənd tam orta ümümi təhsil məktəbin məzunu


Bakı -°C

