adalet.az header logo
  • Bakı -°C
01 Iyun 2026 11:10
48
GÜNDƏM
A- A+

“Adam siyasi prosesləri məzhəbinə görə dəyərləndirir...”

“Dindar adlandırılan zümrə yaxud din xadimi, ilahiyyatçı ünvanı ilə fəaliyyətdə olanların çoxu obyektiv, ədalətli, qərəzsiz ola bilmirlər. Heç olmaq da istəmirlər. Hərə bir məzhəbin ətəyindən tutub, gözünü də yumub sağı-solu daşlaya-daşlaya gedir”.

Adalet.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib. 

Onun sözlərinə görə, acı da olsa reallıqdır ki, məzhəblər var, ilahi tələblərin əksinə olaraq müsəlmanlar bölünüb, parçalanıb və nəticədə bir-birini qırıblar:

“Lakin bu ənənə davam etdirilməli ənənə deyil. Hər kəs inanc və ibadətdə özünə uyğun bildiyi məzhəbə əməl edir, etsin. Lakin haqq olaraq yalnız özünü görüb başqalarını nahaq görməsi təhlükəlidir, tolerantlığımıza ziddir. Bu gün məzhəbçilik, başqasını nahaq görən dini təəssübkeşlik artıq ictimai - siyasi arenada da özünü göstərir. Adam siyasi prosesləri məzhəbinə görə dəyərləndirir. Yaxud tarixə məzhəb eynəyi ilə baxır”. 

İlahiyyatçı deyib ki, sosial şəbəkələrdə, efirlərdə çoxsaylı "tarixçilər, politoloqlar, sosioloqlar, aparıcılar..." görürük ki, açıq - aşkar məzhəbçilik edirlər:

“Dindarlar arasında məzhəbçilik müəyyən qədər anlaşılandır ki, bunların işi-peşəsi tarixən sünni-şiə mübahisəsi olub. Lakin ictimai fəaliyyəti olan şəxslərin, televiziya, sayt rəhbərinin, sosioloq, politoloq tarixçi ünvanı ilə cəmiyyətə nələrisə təlqin etmək fürsəti olanların dini savadı, təhsili, obyektiv baxış bucağı olmadan kor-koranə şəkildə, sadəcə dədə-baba qaydasında məzhəbçilik nifaqı aşılaması qəbuledilməzdir və təhlükəlidir. Həmin zümrənin əlindəki geniş resurslar, imkanlar birbaşa və dolayı yolla məzhəbçilik təbliğatı ilə cəmiyyətin, xalqın milli birliyini, vəhdətini, həmrəyliyini pozmağa, nifaq salmağa yönəldilib.Adam guya sosioloqdur, öz məzhəbini aşılayır auditoriyaya. Adam guya psixoloqdur, məzhəb aşılayır. Adam guya tarixçidir, əslində tarixi şəxsiyyətlərin orbazı üzərindən təriqətçilik nifaqı aşılayır. Adam guya siyasətçidir, qeyri məzhəbdən olanları hədəfə alır. Adam guya jurnalistdir, araşdırmalarında, fəaliyyətində ancaq öz məzhəbindən olanlara yol verir. Məzhəbçi olmayanlara qapı bağlayır... Bu tendensiya ona yol aça bilər ki, belələri rəsmi dövlət məmurlariyyətinə qalxar və vətəndaşları qəbul edərkən, xidmət edərkən məzhəb fərqinə görə müəyyən edərlər. Özü də bu cür adamlar elə deyil ki, illərlə ömrünü dini, məzhəbləri araşdırmağa sərf edib obyektiv yolu tapıblar. Xeyr. Ənənəvi olaraq...İstəmirəm bu ictimai şəxsləri adları ilə açıqlayam. Amma belə getsə açıqlayacam və getdikləri yolun, tutduqları mövqeyin xalq, dövlət üçün nə qədər təhlükəli olduğunu izah edəcəm. Hətta bəziləri məzhəbçiliyi, dini zəmində nifaqı tənqid edən şəxslərə qarşı trol ordusu da səfərbər etmək gücündədir. Yanlış yolda olduqlarını bilən və ifşa etmək potensialına sahib olan adamları hədəfə gətirmək, baykot etdirmək resurslarına da sahibdirlər”.

Vasif ƏLİHÜSEYN