adalet.az header logo
  • Bakı -°C
01 Iyun 2026 11:10
248
GÜNDƏM
A- A+

Tək-tək siqaret satanlarla bağlı ciddi tədbir görülməlidir - Ekspert

“ABŞ-də böyüklər arasında siqaret çəkmə səviyyəsi tarixi minimuma enib. Belə ki, ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) tərəfindən aparılan sorğunun nəticələrinə görə, 2025-ci ildə yetkin amerikalıların yalnız doqquz faizi özünü siqaret çəkən kimi təqdim edib.

Məsələylə bağlı Adalet.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, illər öncə Azərbaycanda tütün və tütün məmulatları haqqında qanun qəbul edilib və sonra siqaretin məhdudlaşdırılması barədə bu qanunda dəyişikliklər aparılıb.

O, deyib ki, lakin buna baxmayaraq o əhəmiyyətli məhdudiyyətlər yerinə yetirilmir:

“Məsələn, qanunda siqaretlərin tək-tək satışı qadağandır. Amma biz görürük ki, siqaret satılır. Təhsil və sağlamlıq müəssisələrinin yaxınlığında siqaret satışı qadağan olsa da, buna qətiyyət riayət edən yoxdur, siqaret satırlar. Reklam haqqında qanunda tütün məmulatlarının reklamı qadağandır, lakin mağazalara girəndə bizi ilk olaraq siqaret stendləri qarşılayır. Sanki reklam haqqında qanunda bir boşluq qoyurlar. Siqaretlər açıq şəkildə satılır. Ən azından Rusiya təcrübəsini həyata keçirmək lazımdır, satılan siqaretlərin üstü örtülməlidir, 18 yaşa qədər satışı qadağan olunmalıdır”.

Ekspert deyib ki, o xarici səfərləri zamanı siqaret satışına xüsusi diqqət edir:

“Məsələn Filippində mağazalarda qətiyyən siqaret satılmır. İspaniyada, Taylandda böyük məhdudiyyət var. Amma Çində siqaret bizdəki kimi açıq şəkildə satılır. Müşahidələrim göstərir ki, Türkiyədə insanların böyük faizi, xüsusən də qadınlar siqaret çəkir. Türkiyə təcrübəsi bütün sahələrdə olduğu kimi, Azərbaycana da daxil olur”. 

Onun sözlərinə görə, bütün bunlar azmış kimi 6 il öncə Şəkidə bir fabrik işə başlayıb və ən təhlükəli filtirsiz siqaretlər istehsal edir:

“Bu siqaretlər isə ölkənin hər bir yerinə yayılıb. Son tütün məhdudlaşdırılmasına dair qadağa elektron siqaretlərin qadağası oldu. Bu isə çox yaxşı haldır. İllər boyu Azad İstehlakçılar Birliyi çalışırdı ki, elektron siqaretlər siqaretlərdən də çox zərərlidir. Elektron siqaret dünyada yeganə məhsuldur ki, birmənalı şəkildə bu zərərli hesab olunur. Azərbaycanda elektron siqaretlər qadağan olunsa da, qızdırılan tütün məmulatlarına qadağa yoxdur.Tütünün bütün növlərinin zərərli olduğunu bildiririk. Təşkilat olaraq 30 il ərzində 3 filtirsiz siqaret istehsal edən müəssisənin bağlanmasına nail olmuşuq. Şəkidə isə “Marxal” və “Karvan” adlı filtirsiz siqaretlərin istehsalı davam edir. Bu isə anormal bir vəziyyətdir”. 

Vasif ƏLİHÜSEYN