adalet.az header logo
  • Bakı -°C
08 Iyun 2026 10:25
70
SİYASƏT
A- A+

“Əslində dövlət idarəçiliyinin keyfiyyəti də məhz budur...”

“Ölkə prezidenti il ərzində yüzlərlə fərman və sərəncam imzalayır. Açıqlamalara görə, 2003-2023-cü illərdə Azərbaycan Prezidentinin 6 mindən çox fərman və 14 mindən artıq sərəncam imzaladığı bildirilib. Təbii ki, bu sənədlərin hər birinin ideyası, məzmunu və texniki əsaslandırılması birbaşa prezident tərəfindən sıfırdan hazırlanıb təqdim edilmir. Dövlət idarəetməsinin mahiyyəti də məhz burada ortaya çıxır”.

Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. 

Onun sözlərinə görə, bəzi məsələlər üzrə siyasi iradə və birbaşa göstəriş ölkə başçısından gəlir:

“Amma çox böyük hissə üzrə təşəbbüslər aidiyyəti qurumlar tərəfindən hazırlanır, əsaslandırılır, razılaşdırılır və təqdim edilir. (Son günlər dövlət qərarlarının təşəbbüs və məsuliyyət mexanizmi ətrafında gedən müzakirə bu məqama ayrıca toxunmağı zəruri edir.) Son mərhələdə isə hüquqi qərar mexanizmi işə düşür və sənəd imzalanır.Yəni dövlət idarəçiliyində "son imza kimindirsə, təşəbbüsü də o göstərməlidir" düşüncəsi doğru deyil”.

E.Əmirov bildirib ki, dövlət idarəetməsində bir məsələni düzgün anlamaq vacibdir:

“Milli Məclis, Nazirlər Kabineti, mərkəzi icra hakimiyyəti orqanları, yerli icra hakimiyyətləri, dövlət agentlikləri, komitələr, xidmətlər, tənzimləyici qurumlar və digər institusional strukturlar yalnız qərarın icraçısı deyil, eyni zamanda təşəbbüs formalaşdıran, problem qaldıran, əsaslandırma hazırlayan və təklif verən institusional mexanizmlərdir. Əslində dövlət idarəçiliyinin keyfiyyəti də məhz budur. Problem yalnız o zaman gündəmə gəlməməlidir ki, məsələ artıq sosial narazılıq mərhələsinə çatsın və ya televiziyalarda müzakirə olunsun. Dövlət institutlarının funksiyalarından biri də cəmiyyətin ehtiyaclarını əvvəlcədən görmək, təhlil etmək və aidiyyəti üzrə təşəbbüslərlə çıxış etməkdir.Üstəlik bu təşəbbüslər "mütləq şəkildə ictimailəşdirilməlidir" kimi fikir də doğru deyil. Hər məsələ efirdən, sosial şəbəkədən və ya populist açıqlamalardan keçmədən də peşəkar əsaslandırma ilə aidiyyəti üzrə təqdim edilə bilər. Bu həm mümkündür, həm də institusional məsuliyyətin bir hissəsidir.Əlqərəz, dövlət idarəçiliyində “bu məsələ bizlik deyil” yanaşması sadəcə passiv müdafiə mövqeyidir. Halbuki effektiv idarəetmə sistemi məsuliyyəti ötürən deyil, təşəbbüs göstərən institutlar üzərində qurulur”.

Vasif ƏLİHÜSEYN