Ağdamda Eldar Bağırov anıldı: Qaraağacıdan REPORTAJ
Bu gün Azərbaycan SSR Ali Sovetinin 1990–1991-ci illərdə deputatı olmuş Eldar Teymur oğlu Bağırovun müəmmalı, sirlər dolu ölümündən 35 il ötür.
31 oktyabr 1991-ci ildə Bakıda – Ali Sovetin iclasından qayıdarkən bacısı yaşadığı evin qarşısında odlu silahdan açılan atəşlə qətlə yetirilən E. Bağırovun Ağdamda anım mərasimi keçirilib. Mərasimdə el qəhrəmanının əqidədaşları, silahdaşları, dostları və ailə üzvləri iştirak edib. Mərasim E.Bagirovun dəfn olduğu məşhur Qaraağacı qəbiristanlıgında başladı və bütün şəhidlərin xatirəsinə sayğı olaraq 1 dəqiqəlik sükutdan sonra davam etdi.
Şəhidlərin, eləcə də, xalqının igid oğlu Eldar bəyin ruhuna dualar oxuyan silahdaşı, Qarabağ veteranı Hacı Əhməd Xudiyev çıxış edərək bildirdi ki, 1988-89- cu illərin o təlatümlü günlərində Azərbaycanın “xalqların həbsxanası” olan SSRİ buxovundan xilas olması üçün Eldarov Bağırov əsl qəhrəmanlıq göstərib:"Eldar nə o dövrün kabusu olan KQB - dən, nə də öz ölümündən zərrəcə qorxmayıb. Bilirsiniz, Eldarın sözündə , səsində, elə bir sehr vardı ki, hər kəs onun göstərdiyi yolu seçməyi özünə borc bilirdi. Çünki ağdamlılar uşaqlıqdan onu tanıyırdı və uzun illər xarakterindəki dəyişməz olan bütövlüyə, kişiliyə, mərdliyə, təəssübkeşliyə inanırdılar. O dövrün gənclərindəki bu inam Eldar Bağırovu 35 yaşındaykən böyük bir hərəkata başçılıq etməyi - böyük bir məsuliyyəti onun boynuna qoydu. Hadisəyə ağıllı, təmkinli münasibəti, zamanında, anında hərəkətə keçməsi, insanları yaxından tanıması və düzgün qiymətləndirməsi onu təşkilatçı kimi püxtələşdirmişdi.
Beləliklə, Azərbaycandan sovet rejiminin, “KQB” kabusunun əllərini kəsmək üçün özünə təhlükəyə salmaqdan da çəkinmirdi. 1988-89-cu illərdə Azərbaycan Xalq Cəbhəsinin Ağdamda özəyini yaradanda o dövrün gəncləri yekdilliklə onun yanında oldu, necə deyərlər, başına yığışdı. AXC sədri seçiləndən sonra regionda, xüsusən , Dağlıq Qarabağda ermənilər tərəfindən incidilən ilk qarabağlılara arxa- kömək oldu. Yanına gələn hər kəsə bacardığı köməyi göstərirdi. Eldar Bağırovun Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinin ərzaq və silah-sursatla təmin edilməsində böyük rolu vardı. Bir sözlə, sovet hokumətinin çökduyu Qarabağda yerli və qərəzli sovet üsul idarəsində azərbaycanlılara qarşı neqativ hallar, sərt munasibətlər çox vaxt onun və başına yığdığı, özü kimi inandığı əqidədaşlarının köməkliyi ilə aradan qalxırdı. Həmin dövrdə Eldar bəy sözün həqiqi mənasında xalqın güvən yeri idi. Bizi bu gün bir yerə yığan ona olan böyük ehtiramımızın təsdiqidir. Mövlana Cəlaləddin Ruminin bir kəlamı var, deyir ki, biz dostlarımızı nə qəlbimizlə, nə də fəhmimizlə (ağlımızla) sevirik. Çünki qəlb dura bilər, ağıl unuda bilər:”Biz dostlarımızı ruhumuzla sevirik. Çünki ruh nə durar, nə unudar”.
Əziz qardaşımız Eldar, biz sizi ruhumuzla sevirik!”
Şəhid atası, müharibə veteranı Hacı Əkbər Rüstəmov isə onun vətənpərvər olmasını , eyni zamanda soydaşlarını öz doğması kimi sevdiyini bəhs etdi: “1990- ci il idi. İranda güclü zəlzələ baş vermişdi və yüzlərlə soydaşımız həlak olmuş, evləri dağılmış, ağır məhrumiyyətlərə düçar olmuşdu. Eldarın təşəbbüsü ilə həmin vaxt doğma qardaşlarımıza yaxından maddi və mənəvi kömək etmək üçün səfərbər olduq. Elliklə yığışıb Cənubi Azərbaycandakı qardaşlarımıza yardım topladıq və başda Eldar olmaqla bir neçə nəfərlə onu öz əllərimizlə ünvanına çatdırdıq. Orada gördüm ki, Eldar çox kədərlidir, heç “qaş - qabağı açılmır”. Dedim, Eldar nə olub, niyə bu qədər bikefsən! Arzuladığın kimi, qardaşlarımıza yardım gətirdik, evlərə çatdırdıq , kömək olduq... Kədərlənməli artıq heç nə yoxdur! Üzümə xeyli baxdı , baxdı... Sonra dedi ki, Əkbər, görəsən bizim 3 rəngli bayrağımız burada, qardaşlarımızın yaşadığı bu ərazilərdə nə zaman dalğalanacaq? Biz o günləri görə biləcəyikmi?
Doğrusu, həmişə onu pozitiv görmüşdüm, heç bir hadisəyə bədbin nəzərlərlə baxmadıgına şahid idim. İndi onu kədərli görəndən və bu söhbətindən sonra anladım ki, Eldarın dərdi tək sovet Azərbaycanını yox , İran Azərbaycanını da müstəqil görməkdir! Vurulduğu o günə qədər Eldar əqidəsinə sadiq qaldı. Öləcəyini bilsə də, girdiyi müqəddəs yoldan dönmədi. Elə buna görə də düşünürəm ki, ona " Milli Qəhrəman" adı verilməlidir".
Qəhrəmanımızın əqidədaşı olmuş el arasında "Karate Şahbaz" kimi tanınan məşqçi, Qarabağ qazisi Şahbaz İbrahimov Eldar Bağırov haqqında bir maraqlı nüansı da tədbir iştirakçılarının diqqətinə çatdırdı: " İrana yardım aparan dəstənin içərisində mən də vardım. Bilirsiniz ki, o vaxt "Bütöv Azərbaycan" ideologiyası Azərbaycan xalqının gündəmində ən mühüm yer tuturdu. Ən çox da bu ideologiyaya İrandan tərs münasibət sərgilənirdi və biz İrana çatanda o münasibətin şahidi olduq. Təsəvvür edin , İrana çatmışıq, fəlakət bölgəsindəyik, amma əlisilahlı İran hərbçiləri başımızın üstünü kəsdirib. Bizi bacı - qardaşlarımıza yaxınlaşmağa , onlara təsəlli verməyə imkan vermirdilər. İranın bölgə üzrə rəsmiləri günorta bizi yeməyə dəvət etdilər. Süfrədə də başımızın üstündə əlisilahlılar dayanmışdı. Bu hal Eldarı sıxdığı onun tutulmuş qaşqabağından bəlli idi. Bizə dedi ki, heç kim qarşısındakı yeməyə - çaya əl uzatmasın. Hamımız onun dediyini etdik. İran rəsmiləri bizi bir neçə dəfə yeməyimizi soyutmamagı təklif etsə də heç kim süfrəyə əl uzatmırdı. Sonra rəsmilərdən biri bu vəziyyətin səbəbini soruşdu. Eldar bəy dedi ki, bizim gözümüz qarşısında qardaşlarımız, bacılarımız acı çəkir, ağlayır, sızlayır, bizim bu mənzərəyə ürəyimiz yanır. Amma siz imkan vermirsiniz ki, biz onlara təsəlli verək, onlarin göz yaşını silək. Biz necə çörək yeyək, o çörək bizim boğazımızdan kecərmi? Eldar bəyin bu sözündən sonra rəsmilər bir- birinə baxdılar və nə yaxşı ki, Eldar bəyin fikirlərini haqlı hesab etdilər. Söz verdilər ki, qardaşlarımızla görüş olacaq. Biz süfrədən qalxan kimi getdik qardaşlarımızın yanına, onlarla görüşdük, söhbətləşdik. Əslində onlara ən böyük yardım elə bu mənəvi dəstək idi. Bu dəstək də Eldar bəyin ağlı, cəsarəti sayəsində baş tutdu". Qarabağ qazisi Əli Əsədov tədbir iştirakçılarını Eldar Bağırovun 3 rəngli Azərbaycan bayrağına olan yanğısından , sevgisindən danışarkən hər kəsi təsirləndirdi:”Külli - Qarabağda sovet hökumətinin , necə deyərlər, "qılıncının dalı - qabağı kəsən vaxtı" Azərbaycan Demokratik Respublikasının adını çəkmək ya zindanla, ya ölümlə cəzalandırılırdı. Belə bir dönəmdə Bağırov ilk dəfə ADR-dən bizə yadigar qalmış, amma 70 il sovet hökuməti tərəfindən qətiyyətlə qadağan edilmiş üçrəngli Azərbaycan bayrağını 1988- ci ildə Ağdamın Xındırıstan kəndində, sovetliyin binasının üstünə sancıb. Təsəvvü edin ki, imperiyanın güclü olduğu bir vaxtda bu necə bir təhlükə idi... Məhz Eldarın bu hökmündən, bu hərəkətindən sonra hamımız anlayırdıq ki, "KQB" diqqətini onun üzərinə çəmləyəcək! Dəfələrlə onun həyatına təhlükəli zəmin yaranıb, amma sonda mənfur qüvvələrin hədəfində yayına bilmədi.
Yeri gəlmişkən, bir nüansı xatırladım. Deməli, Eldar bəyin bacısı rəhmətlik Almaz xanımın mediaya aciqlamısdi ki, 20 noyabrda Qarakənd faciəsindən – vertolyot vurulmamışdan əvvəl biz bacılarımla getdik İsmət Qayıbovla görüşməyə. Çünki parlamentdə İsmət Qayıbov qardaşımın ölümü ilə bağlı demişdi ki, nəsil davasıdır. Biz də dedik ki, niyə elə demisiniz? Axı bu nəsil davası deyildi. Dedi, araşdıracağıq. Elə bizim yanımızdan keçib getdilər vertolyota. Həmin gün də vertolyot vuruldu. Ondan sonra başlandı ordu təşkil olunmağa. Ondan əvvəl də yığılmışdı, əslində. Şirin Mirzəyev, Eldar özü çoxlu cəbhəçi uşaq yığmışdılar. Ümumiyyətlə, Qarabağda döyüşənlərin 90 faizi cəbhəçi idi. Eldarı, döyüşü, vətəni sevən igidlər Bakıdan, rayonlardan gəlmişdi" .
Bir Ağdamlı olaraq mən də düşünürəm ki, bu heç də nəsil davası, şəxsi intiriqa məsələsi deyil. Çünki qarşı tərəf də yurdunu sevən adam idi və yurdu xatirinə Eldar bəyə güllə atmazdı. Eldar bəyi aradan götürənlər əslində Azərbaycanın müstəqilliyini istəməyən, onun azadlığını həzm etməyən qüvvələr təşkil etdi".
O dövrdə Ağdam AXC idarə heyətinin üzvü olmuş, Qarabag qazisi Akif Nağıyevin el qəhrəmanı haqqında fikirlərini bütün tədbir iştirakçıları təsdiq etdi; " Eldar bəyə " Milli Qəhrəman" adı verilməsə də, mən inanıram ki, nə vaxtsa onun fəaliyyəti dərindən araşdırılacaq və əsl qiymətini alacaq. Amma o ad ona verilməsə belə artıq xalqımız onu " xalqın qəhrəmanı" elan edib. Bilirsiniz, Babəkin , Cavanşirin, Qaçaq Nəbinin, Qaçaq Süleymanın dövründə də "Milli Qəhrəman " rəsmi titulu olmayıb. Tarixə baxın, 836- ci ildə edam edilən Babək bu gün də xalqın iftixar hissi ilə yad etdiyi qəhrəman kimi yaddaşlardadır. Yəni, o edamdan təxminən 1200 il keçib, amma Babək heç vaxt unudulmayıb! Mən yenə də qəti əminliklə bildirirəm ki, illər, qərinələr, əsrlər keçəcək, amma Eldar Bağırovun, eləcə də onun qardaşı Allahverdi Bağırovun xalqımızın yolunda çəkdiyi əziyyətləri, gördüyü işləri, bu yolda canını qurban verməsini xalqımız unutmayacaq!”
O dövrdə Ağdam AXC idarə heyətinin üzvü olmuş, Qarabag qazisi Akif Nağıyevin el qəhrəmanı haqqında fikirlərini isə bütün tədbir iştirakçıları təsdiq etdi; " Eldar bəyə " Milli Qəhrəman" adı verilməsə də, mən inanıram ki, nə vaxtsa onun fəaliyyəti dərindən araşdırılacaq və əsl qiymətini alacaq. Amma o ad ona verilməsə belə artıq xalqımız onu " xalqın qəhrəmanı" elan edib. Bilirsiniz, Babəkin , Cavanşirin, Qaçaq Nəbinin, Qaçaq Süleymanın dövründə də" Milli Qəhrəman " rəsmi titulu olmayıb. Tarixə baxın, 836- ci ildə edam edilən Babək bu gün də xalqın iftixar hissi ilə yad etdiyi qəhrəman kimi yaddaşlardadır. Yəni, o edamdan təxminən 1200 il keçib , amma Babək heç vaxt unudulmayıb! Mən yenə də qəti əminliklə bildirirəm ki, illər, qərinələr, əsrlər keçəcək, amma Eldar Bağırovun, eləcə də onun qardaşı Allahverdi Bağırovun xalqımızın yolunda çəkdiyi əziyyətləri, gördüyü işləri, bu yolda canını qurban verməsini xalqımız unutmayacaq!”
Tanınmış jurnalist, Qarabağ qazisi Rəy Kərimoğlu daha həssas bir məsələni gündəmə gətirdi. O əvvəlcə bildirdi ki, bu gün əqidədaşlarının Eldar Bağırov kimi bir igidi xatırlamasını ürəkdən alqışlayır:"Amma bir nüans var. Hər kəs bu dünyaya bir gün əlvida deyəcək. Biz Qarabağ qaziləri də bir gün bu dünyada olmayacağıq! Odur ki, bu xalqa növbəti bir xidməti Eldar Bağırovun silahdaşları, elə Eldar Bağırov xatirinə onu xalqa, eyni zamanda gəncliyə yaxından tanıtmalıdırlar. Onların iştirakı ilə film çəkilməli və orada Eldar bəyin fəaliyyəti eyni zamanda, dostlarının əməyi - işi işıqlandırılmalıdır".
Tədbir iştirakçılarından həkim Malik İsmayılov, AXC idarə heyətinin üzvü Qərib İsmayılov, Birinci Qarabağ müharibəsi veteranı, həkim Şahin Quliyev, Vaqif İlyasoğlu, Fəxrəddin Rəcəbov, Alış müəllim, Aydın bəy, Bakir bəy və başqaları Eldar Bağırovla bağlı xatirələrini bölüşərək , onun əsl qəhrəman olduğunu vurğuladılar. Tədbirin sonunda Eldar Bağırovun bacısı Raisə xanım, həyat yoldaşı Solmaz xanım, yaxın qohumu Ceyhun bəy, Minayə Ələsgərova, Rəhman Quliyev bütün tədbir iştirakçılarına təşəkkür edərək, çətin günlərində onları tək qoymadıqları üçün ziyarətciləri doğma qardaşları kimi özlərinə əziz bildiklərini söylədilər.
Tədbir Ağdam Şəhidlər xiyabanında Azərbaycanın Milli Qəhrəmanı, Eldar Bağırovun qardaşı Allahverdi Bağırovun məzarının ziyarəti ilə başa çatdı!
Əntiqə Rəşid
Digər Xəbərlər
31 Oktyabr 2026 16:48
Zəfər Günü bulvarda konsert olacaq
31 Oktyabr 2026 15:41
Tiflisə gedənlərə şad xəbər: Biletlərin qiyməti...
31 Oktyabr 2026 15:22
Bakıdan Moskvaya gəmi ilə kruiz turu başlayacaq
31 Oktyabr 2026 12:40
FHN zavodda təlim keçirdi - VİDEO
30 Oktyabr 2026 21:05
Yeni nazir müavini kimdir? - DOSYE
30 Oktyabr 2026 20:30
Sahil Babayevə yeni müavin təyin edildi - FOTO
30 Oktyabr 2026 19:22
YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirilib
30 Oktyabr 2026 17:55


Bakı -°C

