14 Iyul 2023 09:00
2531
LAYİHƏ

El-elə sığsa da...

Dünyada Vətəndən, eldən, obadan, yurddan şirin şey yoxdur. Düzdür, ana da, ata da, övlad da şirindir. Amma vallah, Vətən, yurd olmayanda onların şirinliyi də hiss olunmur. Deməli, Vətənin, yurdun yerini heç nə verə bilməz.

Füzuli rayonun 1993-cü ilin avqustun 23-də işğal olunanda 120 minə yaxın Füzuli sakini öz yurd-yuvasından didərgin düşdü. Erməni işğalçıları Füzuli şəhərini, Horadiz qəsəbəsini və kəndləri yandırıb külə döndərdi. İnsanlar o yurddan, o eldən gözü yaşlı çıxdılar və hara gedəcəklərini bilmirdilər. Amma nə yaxşı ki, həmin anlarda, həmin məqamlarda dövlət onlara arxa durdu, o insanları məcburi köçkün kimi 60-dan çox rayonda yerləşdirdi.

Əlbəttə, “çətin günlərin ömrü o qədər də uzaq olmur” – deyirlər. Amma bu ömür çox uzaq oldu və illər keçdikcə müxtəlif rayonlarda məskunlaşmış Füzuli sakinlərinin ürəyində dərd-qübar bağladı. Dərdə dözməyənlər dünyalarını dəyişdilər, dözənlər isə birtəhər bu günə gəlib çatdılar. Ən çox da Füzuli qaçqınları İmişli, Saatlı, Sabirabad rayonlarında məskunlaşmışdılar. İnsan naminə deyək, onlarda bu elə pənah gətirmiş füzulilərə qucaq açdılar, isti münasibət bəslədilər. Çünki Füzuli camaatı da 1941-45-ci illər Böyük Vətən Müharibəsində bu camaata arxa durmuşdu, taxılla, çörəklə kömək eləmişdi. Hər iki tarixi hadisəni nə füzulilər, nə də Sabirabad, İmişli, Saatlı sakinləri yaddan çıxarmışdılar. Çünki hər iki tərəf kəsdiyi duz-çörəyə hörmətlə yanaşmışdılar.

Füzuli rayonunun Horadiz şəhəri və 22 yaşayış məntəqəsi erməni işğalından azad olundu və qısa müddətdə həmin yaşayış yerində tikinti-abadlıq işləri görüldü. Başqa sözlə demiş olsaq, ermənilərin yandırdıqları, daşı-daş üstə qoymadığı şəhər və kəndlər yenidən tikildi. Onlardan biri də son 15 ildə tikilmiş Qayıdış qəsəbəsidir. O qəsəbə ki, qısa zaman kəsiyində dövlətin və Prezident İlham Əliyevin köməkliyi nəticəsində inşa edildi. Həmin qəsəbədə ən müasir infrastruktur; mənzillər, sosial obyektlər, xəstəxanalar, məktəblər, uşaq bağçaları tikildi. Bununla yanaşı, qəsəbədə abadlıq işləri də görüldü. Bir-birindən gözəl parklar, xiyabanlar salındı. Eyni zamanda qəsəbənin bütün küçələrində, yerlərində müxtəlif ağaclar, güllər və bəzək kolları əkildi. İnsanlar qəsəbəyə qayıdandan sonra yeni həyatlarını görüb çox sevindilər ki, onlar ağır və məşəqqətli həyatdan xilas olub, işıqlı bir dünyaya addım atdılar. Əlbəttə, məcburi kökçünlük dövrünün ağrı-acısını yaşayan minlərlə insan yeni mənzillərində özlərini daha rahat hiss etdilər.

Biz Qayıdışda olarkən orda yaşayan və işləyən bir neçə sakinlə görüşdük. Azər Əhməd oğlu Məmmədov öz övladları, nəvələri ilə bu qəsəbədə yaşayır. Deyir ki, oğul, bura gələndə heç də hər şey indiki kimi gözəl deyildi. Düzdür, evlər, sosial obyektlər hamısı vardı. Amma indiki ağaclar və yaşıllıqlar belə böyük deyildi. 10-15 ildə qəsəbəmiz cənnətə çevrildi. Üstəlik də, burada əksəriyyətimiz işlə təmin olunduq. Özüm təqaüdçü olsam da, övladlarım və nəvələrim işləyir. Hələ bizə əkib-becərmək üçün xeyli torpaq sahəsi də veriblər. Həmin sahədə biz bostan-tərəvəz məhsulları əkib, il-boyu tərəvəzə olan ehtiyacımızı ödəyirik. Burada yetəşən kartofun, badımcanın, pomidorun və qarpız-yemişin özgə bir dadı var. Oğlumun biri həm də mal-qara saxlayır. Bizim ətə, toyuq-cücəyə ehtiyacımız yoxdur. Çünki qapımızda mal-qoyunumuz, toyuq-cücəmiz var. Heç ilboyu yumurtaya da pul vermirik. Ona görə ki, qapımızda toyuq-cücəmiz var. Bu günümüzə şükür edirik. Deyirik, ötən günlər getsin bir də geri dönməsin!

Qayıdış qəsəbəsinin yolları, küçələri bu insanlar üçün çox əzizdir. Ən azından ona görə ki, hər səhər açılanda bu yolla, bu cığırla iş dalınca gedir və öz qayğıları ilə məşğul olurlar. Əlbəttə, Vətənin hər cığırı, hər yolu, hər izi müqəddəsdir. Buranın dərdi də şirindir, qəmi də! Çünki camaat deyir ki, məcburi köçkünlük dövrü yaşayanda, rəhmətə gedənlərimizi dəfn edəndə canımızı qoymağa yer tapmırdıq. Bilmirdik, onu harda dəfn edək, dərdimizi çəkək, yoxsa bu qəriblikdə gəlib-gedən qonaqlarımızı qarşılayaq. Adamı yandıran o idi ki, rəhmətə gedən yaşlı qohumlarımızın çoxu “Füzuli” deyə-deyə dünyasını dəyişdi. Amma indi şükürlər olsun ki, öz yurdumuz, öz elimiz, öz Vətənimizdəyik. Rəhmətə gedənimiz olan kimi hamı bir yerə yığışıb, məsələni çox asanlıqla həll edir və çiynimizə də ağır yük düşmür. Çünki dövlət burda bizə hər cür şərait yaradıb. Başqa sözlə demiş olsaq, hamı bir-birinə arxadır, söykəkdir. Sanki arxamızı uca bir dağa dirəmişik, bu dağ bizim yurd yerimiz, Vətənimiz və Qayıdış qəsəbəmizdir!

80 yaşlı Nəsib Cəmil oğlu Həsənov deyir ki, oğul, doğma torpağa, Vətənə qayıdandan sonra xəstəliyim də yüngülləşib, ağrım-acım azalıb. Həmişə deyirdim ki, Allah mənə öz Vətənimdə ölümü qismət eləsin. Amma Allah mənə öz Vətənimdə yaşamağı qismət eləyib. İnşallah, ölməyi də mənə nəsib eləyər! Biz İmişlidə məskunlaşmışdıq. Camaatda can deyib, can eşidirdi. Onların yaxşılıqlarını ömrümüzün sonuna qədər yaddan çıxarmarıq. Amma ataların bir sözü var: “El-elə sığar, ev-evə sığmaz”. Əlbəttə, onlar bizə nə lazımdı edirdi, ancaq öz evimizin yerini heç nə verə bilməz. Qəsəbəmizdə şükür Allaha, hamı yaxşı dolanır, hətta yaxşı adamlar dolanışığın yolunu daha asan tapırlar. Məsələn, bizim bir qonşumuz var – Yaqub Şirinov. Çox fərasətli və bacarıqlı oğlandır. Haramı düzündə torpaq götürüb orada əkin-biçinlə məşğuldur. Hər il xeyli taxıl, kartof, qarpız-yemiş becərir. Satdığını satır, satmadığını da ehtiyacı olan adamlara paylayır. Yaqub ötən il mənə bir kisə kartof, bir kisə də soğan pay verdi. Allah saxlamış, həm də ticarətlə məşğuldur. Mağaza və köşklər işlədir və nə qədər adama iş yeri açıb.

Qayıdış qəsəbəsi, sözün həqiqi mənasında bu gün füzulilərin ən çox məskunlaşdığı və yaşadığı məntəqələrdən sayılır və burada yaşayan insanlar rahat, firavan həyatları üçün Ulu Öndər Heydər Əliyevə və Prezident İlham Əliyevə minnətdarlıq edirlər. Onlar deyirlər ki, biz Qayıdışa gələndən sonra Vətənin necə müqəddəs olduğunu bir daha yəqin etdik, göydə Allaha, yerdə Prezidentə şükür edirik! Deməli, Vətən sözün həqiqi mənasında şirindir və onun qədrini bilməliyik!

Faiq QİSMƏTOĞLU 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.