EL GÜCÜ, SEL GÜCÜ
Dünyada çox müharibələr olub və bu müharibələrin ədalətlisi də olub, ədalətsizi də. Müharibələrdə ən çox qazanan gözəgörünməyən quvvələr və onlarla bir yerdə iştirak edən insanlardır. Gözə görünən isə ev-eşiyi dağılan, oğlu-uşağı, doğması ölən kimsəsiz və yazıq adamlardı. Təbii ki, müharibələr həmişə bəşəriyyətə fəlakət gətirib. Üstəlik də bir yandan xəstəlik, aclıq və sonu görünməyən ölüm. Bunlar tarixin bütün anlarında yaşanıb.
Amma Azərbaycanın 2020-ci il sentyabrın 27-də başladığı İkinci Qarabağ savaşı tamamilə başqa bir müharibədir. Çünki Azərbaycanın 20 faiz ərazisi erməni işğalçıları tərəfindən ələ keçirilmiş və 30 ildən çox o torpaqları əsarət altında saxlayırdılar. Bununla yanaşı, Birləşmiş Millətlər Təşkilatının Azərbaycanın torpaqlarının ermənilər tərəfindən işğal olunması barəsində dörd qətnaməsi mövcud idi. Və bu qətnaməyə əsasən ermənilər qeydsiz-şərtsiz həmin əraziləri tərk etməli, boşaltmalı və Azərbaycana təhvil verməli idilər. Çox təəssüf ki, 30 il keçməyinə baxmayaraq, ermənilər bu addımı atmırdılar. Bu bir yana qalsın, üstəlik həm də onlar işğal edilmiş ərazimizdən və Ermənistanın öz ərazisindən yaşayış məntəqələrimizi, şəhərlərimizi, qəsəbələrimizi ağır artilleriyadan və iriçaplı silahlardan fasiləsiz atəşə tuturdular.
Təbii ki, bu atəşkəsin pozulması demək idi, üstəlik də ərazilərimizin və yaşayış məntəqələrimizin zərər görməsinə dəlalət edirdi. Ona görə də Ali Baş Komandan, prezident İlham Əliyev 2020-ci il sentyabrın 27-də ordumuza əks hücuma keçmək barədə əmr verdi. Aydındır ki, ordumuz da bu əmri çoxdan gözləyirdi. Amma ermənilər onu gözləmirdilər ki, Azərbaycan Ordusu qısa zaman kəsiyində çox möhtəşəm hücuma keçəcək və bir neçə günün içində işğal altında olan ərazilərimizin xeyli hissəsini azad edəcəkdir. Çünki onların çox güclü «Ohanyan səddi» deyilən müdafiə xətti vardı. Və bu müdafiə xəttini keçmək çox çətin idi. Həmin müdafiə xətti minalanmış, böyük kanallar qazılıb su doldurulmuş və tikanlı məftillərlə mühafizə edilmişdir. Bununla yanaşı, bütün yüksəkliklər erməni silahlı qüvvələrinin əlində idi. Yəni onlar bizim ordunun bütün hərəkətlərini izləyə bilirdilər.
Füzulidə Lələtəpə yüksəkliyi və Cəbrayıldakı bir neçə yüksəklik onlara çox böyük imkan verirdi ki, hücumumuzun qarşısını ən azından ala bilməsələr də, ləngitsinlər. Amma sentyabrın 27-də Azərbaycan Ordusunun ildırım sürətli hücumu demək olar ki, erməniləri çaş-baş salmışdı. Kim deyir ki, erməni ordusu zəif və qorxaq idi, bu bir o qədər inandırıcı deyildi. Ən azından ona görə ki, biz o qədər də zəif düşmənlə deyil, təpədən-dırnağa silahlanmış erməni ordusu ilə döyüşürdük. Sadəcə olaraq, Azərbaycan Ordusu onlardan qat-qat güclü idi. Qat-qat güclü olduğuna görə də sentyabrın 27-dən 30-nə qədər Füzulinin və Cəbrayılın 10-a yaxın kəndi erməni işğalından tam təmizləndi. Bu döyüşlər zamanı minalanmış yolları və yerləri təmizləyən istehkamçılarımızın çox böyük xidmətləri var idi. Çünki onlar zamanında minalanmış əraziləri və yolları təmizləməsəydi həm ağır texnikalarımız, həm də əsgərlərimiz həmin minalara düşə bilərdi. Heç şübhəsiz ermənilər öz mövqelərini gücləndirmək üçün bütün mövcud imkanlardan istifadə etmişdi. Üstəlik də onların havadarları olan Qərb ölkələri, xüsusən də Fransa erməniləri arxayın edirdilər ki, narahat olmayın, bir neçə gündən sonra müharibəni dayandıracağıq. Onların ağlı 2016-cı ilin aprel döyüşlərinə getmişdi. Onda müxtəlif təzyiqlərlə və vədlərlə o döyüşləri saxlatdırmağa nail oldular. Amma İkinci Qarabağ savaşının başladığı sentyabr ayında heç bir qüvvə Azərbaycan Ordusunun hücumunun qarşısını ləngidə bilmədi. Hətta ölkə prezidenti İlham Əliyevə nə qədər təzyiqlər, təsirlər olsa belə heç birinə əhəmiyyət vermədən dedi ki, bizim hücumumuzun qarşısını heç bir qüvvə ala bilməz.
Belə də oldu. Artıq Cəbrayıl rayonu erməni işğalından azad edilmişdi. Bu o demək idi ki, Cəbrayıl şəhərinin işğaldan azad olunması Azərbaycan Ordusunun ən böyük, möhtəşəm qələbəsi idi. Qələbənin ardı isə günbəgün gəlirdi. Yəni Cəbrayıldan sonra Hadrut şəhəri erməni işğalından azad edildi. Hadrut hərbi və strateji cəhətdən çox əhəmiyyətli idi. Çünki bu şəhərin götürülməsi Füzuli şəhəri istiqamətində döyüşün sürətlənməsinə və onun tezliklə azad olunmasına şərait yaradırdı. Füzuli şəhərində ən böyük yüksəkliklərdən biri olan Məngələnata yüksəkliyində ermənilər mövqe tutmuşdular. Əgər Dədəli, İşıqlı istiqamətindən Füzuli şəhərinə hücum olsaydı itkilərimiz daha çox ola bilərdi. Amma Azərbaycan Ordusunun generalları çox yüksək peşəkarlıqla, taktiki gediş elədilər və Hadrut istiqamətindən Füzuli şəhərinin azad olunmasına başladılar.
Aydındır ki, Füzulinin azad olunması da siyasi və hərbi cəhətdən Azərbaycan Ordusunda çox yüksək bir ruh yaratdı. Çünki Azərbaycan Ordusunun əsgərləri hər şəhər, hər kənd, hər qəsəbə uğrunda əsl qəhrəman kimi döyüşürdülər. Onlar ölümdən qorxmurdular. Ona görə qorxmurdular ki, ayaqlarının altındakı torpaq, udduqları hava, içdikləri su Vətən idi. Elə bu torpaq, bu hava, bu su da onlara güc verirdi. Düşmənin nə ağır silahından, nə artilleriya mərmisindən, nə də digər odlu silahlarından əsgərlərimiz çəkinmirdi. Ancaq düşməni məhv etmək və torpaqlarımızı azad etmək haqqında düşünürdülər.
Və 44 gündən sonra bu böyük arzuya da Azərbaycan xalqı, Azərbaycan əsgəri çata bildi. Qubadlı azad olundu, Zəngilan azad olundu, Şuşa azad olundu. Və noyabrın 10-da ermənilərin təslim olması barədə üçtərəfli Bəyannamə imzalandı. Bəyannaməyə əsasən göstərilən vaxt ərzində erməni qoşunu Ağdamdan, Kəlbəcərdən və Laçından çıxmalı idi. Və həmin vaxt da tamam olanda ermənilər o əraziləri tərk etdilər. Ancaq yenə erməniliklərini göstərdilər, yəni o rayonları tərk edərkən yaşayış evlərini, sosial obyektləri, hətta meşələri belə yandırmaqdan çəkinmədilər.
Azərbaycanda isə çox möştəşəm bir qələbənin sevinci yaşanırdı. Ərazi bütövlüyümüz əsasən təmin olunmuş, xalqımız öz dədə-baba torpaqlarına qovuşmuşdu. Bax, el gücü, sel gücü budur!
Emil Faiqoğlu
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.