18 Mart 2023 10:33
1621
MÜSAHİBƏ

“Əlibaba Məmmədov mənə dedi ki, gəl bizimlə işlə, sənə evdə verərik...”- MÜSAHİBƏ

Cəlilabadın Göytəpə qəsəbəsində qocaman bir tarzən var, adı Həbulla müəllimdir-Mehtiyev Həbulla İzzət oğlu. Yolumuzu Həbulla müəllimin yaşadığı ünvana saldıq və tar sənətimizin yaşadılması üçün öz ömrünü bu sənətə fəda edən bu insanın həyat yoluyla maraqlandıq. 

Bizi yaşadığı ünvanda Həbulla müəllim özü qarşıladı. Tar, saz və müxtəlif alətlər düzəltdiyi emalatxanasına baş çəkdik. Həbulla müəllim deyir ki, 1936-cı ildə anadan olub. Onun atasıgil inqilabdan qabaq İrandan Azəraycana gəlib. İkinci Dünya Müharibəsində Həbulla müəllimin atası müharibəyə gedib və qayıtmayıb. Bir yaş yarımlıq körpə olan Həbulla bacılarıyla birlikdə anasının himayəsində böyüyüb.

Beləliklə, Həbulla müəllimin Adalet.az-a müsahibəsini təqdim edirik: 

- Həbulla müəllim, deyirlər ki, çox məşhur muğam ifaçılarını müşaiyət etmisiniz?

- Düzdü. Sabir Mirzəyev, İslam Rzayev, Yaqub Məmmədov,  Əlibaba Məmmədov, Ağaxan Ağayev, Qəndab Quliyeva, Sədulla Rzayev, Yusif Məmmədov, Əzim Məmmədov kimi muğam ifaçılarını müşaiyət etmişəm.  

- Bəs tar sənətinə necə öyrəndiniz?

- Mən bir yaş yarımlıq körpə olanda atamı itirmişəm. Yurdumuz İranın Ərdəbil şəhərində qalıb. Atam-anam Ərdəbildən Göytəpəyə köçüblər. Atam İkinci Dünya Müharibəsində həlak olandan sonra anam bizi böyütdü. Elə uşaqlıqdan tar sənətinə həvəsim var idi. Anam deyərdi ki, “atanız molla olub və çömçəyə sim bağlayıb çalırdı”. Anam “Dəşti”ni oxuyanda biz dörd bacı və bir qardaş acından ağlayardıq. Mən də ilk əvvəl zurna ifa etdim. Sonra qaval və ardıyca istədim kamança ifa edim, amma alınmadı. 

Əmim oğlanları yaxşı yaşayırdılar. Onlarda bir sınıq tar var idi və dedim ki, onu mənə verin də. Həyətlərində yer göstərib dedilər ki, bu ərazini bellə şumla sənə tarı verək. Mən də razılaşdım. Həmin ərazini belləyib tarı aldım. Sonradan sözlərinə dönük çıxdılar, verdikləri tarı geri istədilər. Mən də acığımdan tarı doğrayıb samovarda yandırdım. Ondan sonra tətildə gedib tikintidə fəhlə işlədim. Üç ay fəhləlik edəndən sonra 80 manat pul qazandım. O pulla özümə tar və pal-paltar aldım. 

- Tar sənətini öyrənmək üçün müəllim yanına getdiniz?

- Başlanğıcda xeyr. Özüm hər ifaçıdan bir mahnı öyrəndim. Daha sonra tarı öyrənmək üçün bu işin üstünə ciddi düşdüm. Özümə müəllimlər tutdum. İsgəndər müəllim kömək etdi. Ardınca, Abuzər Şovqatovla tanış olduq və o məni toyalara apardı. Bununla da mənim fəaliyyətim başladı. Bir müddət sonra məni Peşə məktəbinə müəllim işinə dəvət etdilər. Orda həm tərbiyəçi, həm də özfəaliyyət dərnəyinin rəhbəri oldum. Bundan sonra məni Masallı Muğam məktəbinə musiqi müəllimi işləməyə dəvət etdilər. Yeddi il orda işlədim və bu sənətlə pul qazanıb özümə maşın aldım, ailə qurdum. 

 - Deyirsiniz ki, İranda da toylara getmisiniz...

- İranın yolu açılanda 90-cı illərdə ordakı qohumlar bizə gəldilər. Onlar məni İrana dəvət etdi və hər yay toylara getdim. Bununla da iyirmi il İranda işlədim. Çox yaxşı pul qazanırdım. Anamı, bacılarımı dolandırırdım. Anam nə istəyirdi alırdım, çünki çox kasıbçılıq çəkmişdik. Yetmiş dörd il bu sənətdə olmuşam, toylara getmişəm. 

- Nə vaxtdan artıq toylara getmirsiniz?

- Təxminən dörd il olar ki, toylara getmirəm. Bunu özüm istəmədim. Artıq yaş keçib, toylarda tay-tuşlarım yoxdu. Əlibaba Məmmədov dəfələrlə məni Bakıda dəvət etdi ki, birlikdə işləyək, sənə ev də verək, amma getmədim. 

- Tar aləti sizin üçün nədir?

- Tar elə bir alətdir ki, millətin, xalqın içində adı namusla çəkilir. Onun haqqında şöhrətlə danışırıq. Musiqi aləti, musiqi özü insanın qürur mənbəyidir, hünəridir, əxlaqıdır, mənəviyyatıdır. Mən atasız böyümüşəm, amma nə uğurum olubsa, hamısı o tarın hesabına olub. 

- Heç bu sənətə görə sizə güzəştə gediblər, hansısa probleminizi həll etdirə bilmisiniz?

- Əlbəttə. Sərgidə ifa edəndə Cəlilabadın keçmiş icra başçısı Əziz Əzizov mənə dedi ki, “barmaqlarına qurban olum”. Dedim ki, Əziz müəllim, məni qəbul elə də, bir xahişim var. Məni qəbul etdi və torpağımın sənəti işi var idi, onu həll etdirdi. Rayonda polislərimiz həmişə mənə hörmət ediblər, heç vaxt maşınımı saxlamayıblar. Çox tanınmış adamlarla bir yerdə oturub yeyib-içmişəm. Tarın hesabına Ulu Öndər Heydər Əliyevin mühafizəçisi üç gün evimdə qonaq olub və oğlumun problemini də həll edib. Məni bu ucalıqlara qaldıran tar olub. 

- İndi tar düzəldirsiniz və bəs bu sənəti necə öyrəndiniz?

- Tar düzəltməyi Ərdəbildə Əkbər Ciddi adlı ustadan öyrəndim. Ona kömək edirdim və elə öyrənirdim. O, mənə iki tar bağışladı. Belə qərara gəldim ki, tar düzəldim və daha toylara getməyim. Artıq əvvəli vaxt deyil. 

Vasif Əlihüseyn
Fotolar müəllifindir.