27 Yanvar 2025 14:48
854
SİYASƏT

Əliyevin proqnozu özünü doğrultdu: USAID və Oxfam America- dan Trampa etiraz

Azərbaycan Prezidentinin proqnozu gerçək oldu.

Xəbər verdiyimiz kimi, ABŞ beynəlxalq yardım proqramları üçün maliyyəni dondurur
Bildirilir ki, Donald Tramp administrasiyası beynəlxalq yardım proqramlarının demək olar ki, tamamilə dondurulduğunu elan edib. 
Yeni memorandumda ABŞ dövlət katibi Marko Rubio bütün yüksək vəzifəli məmurlara “qanunla icazə verilən maksimum dərəcədə xarici yardımla bağlı yeni öhdəliklərin qəbul edilməməsini” təmin etməyi tapşırıb. 
Memoranduma əsasən, müvəqqəti dondurma ən azı üç ay fəaliyyət göstərəcək. İlk 85 gündə Rubio beynəlxalq yardım proqramlarını davam etdirmək, dəyişdirmək və ya tamamilə dayandırmaq barədə qərar verməlidir.  
ABŞ dünyanın ən böyük yardım təminatçısıdır. 2023-cü maliyyə ilində o, 72 milyard dollar yardım göstərib.

  
Adalet.az xəbər verir ki, humanitar təşkilatlar bu qərara dərhal reaksiya verib və bu qərarın qlobal qeyri-sabitliyə töhfə verə biləcəyindən və minlərlə insanın həyatını təhlükə altına sala biləcəyindən narahatlığını bildirib. Beləki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) keçmiş rəsmisi Ceremi Konindik açıqlamasında deyib ki, "Bu, dəlilikdir":“Bu, insanları öldürəcək. Demək istəyirəm ki, o qeyddə yazıldığı kimi həyata keçirilsə, çox insan öləcək”.  
Oxfam America-nın rəhbəri Abi Maksman bu qərarı şərh edib: “Xarici inkişaf yardımını kəsməklə Tramp administrasiyası böhran içində olan icmaları və onların gələcək taleyini təhdid edir”. 
Yardım proqramlarının müvəqqəti dayandırılması ABŞ-dan ən çox hərbi yardım alan ölkələr olan İsrail və Misirə şamil edilmir. 
Ukrayna üçün belə bir istisna memorandumda qeyd olunmayıb.

 Qeyd edək ki, ötən ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyev ölkədə qrantla qidalananların və qrant verənlərin özlərini ağa kimi apardıqları dövrü olduğunu, lakin bunun qarşısının alındığını bəyan etmişdi.
Dövlət başçısı vurğulayıb ki,yardım asılılıq yaratmamalıdır:“Ona görə də Bayden administrasiyası tarixdə, o cümlədən nə ilə yadda qalacaq? Bir çox məsələ, amma o cümlədən bir göstərici ilə. Bu, yaxadan asılmaqdır. Biz sizə kömək etmək istəyirik. Biz isə deyirik: sağ olun, ehtiyac yoxdur. Onlar təkid edirlər. Bax, onların USAID adlı strukturu var. Yardım etmək istəyir, amma nədənsə bizə lazım olan məsələdə deyil. Zənnimcə, Tramp onu qadağan edə bilər. Mən düşündüyümü deyirəm, o, ümumiyyətlə, sıradan çıxa bilər. Bax, onlar təkidlə kömək etmək istəyirlər. Amma biz, necə deyərlər, yetkin insanlarıq, hər şeyi başa düşürük"- deyə vurğulamışdı.

Yəqin ki, xatırlayırsınız, 2024-cü ilin sentyabrında ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ermənistana maliyyə yardımının həcmini iki dəfədən çox - 120 milyon dollardan 250 milyon dollara qədər artıracağını elan etmişdi. 

Əntiqə Rəşid