adalet.az header logo
  • Bakı -°C
13 Noyabr 2025 12:19
54
ƏDƏBİYYAT
A- A+

ELM VƏ TƏHSİL YOLUNDA QADIN GÜCÜ

Hər bir xalqın gələcəyi onun təhsilə və elmə olan münasibətilə ölçülür. Təhsildə və elmdə qadınların rolu isə bu mənada xüsusilə fərqlənir. “Təhsil millətin gələcəyidir”, - deyən Ulu öndər Heydər Əliyev Azərbaycanda digər sahələr kimi təhsil sahəsinə də mühüm önəm verirdi.  

      Dahi şəxsiyyət Heydər Əliyev xüsusilə vurğulayırdı ki, təhsil nə sənayedir, nə kənd təsərrüfatıdır, nə də ticarət. Bu, cəmiyyətin xüsusi intellektual cəhətini əks etdirən sahədir. Heydər Əliyevin təhsil siyasəti onun siyasi kursunun layiqli davamçısı Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

     Azərbaycanda təhsil və elm sahəsində son illər görülən işlər, onun qanunvericiliklə təkmilləşdirilməsi bu sahənin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu deməyə əsas verir. Sözsüz ki, elmə aparan yol təhsildən keçir. Bu istiqamətdə Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu mühüm işlər görür, səmərəli layihələr həyata keçirir.

    Tələbəsi olduğum Azərbaycan Dövlər Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar kollec elm və təhsil istiqamətində bir sıra uğurlu addımlara imza atır. Bu addımlarda qadınların payı və əhəmiyyəti diqqət çəkir. Kollecin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərmin Qaralovanın rəhbərliyi ilə kollecdə müəllim və tələbələr üçün əlverişli imkanlar yaradılıb. Bu imkanlar bizi daha peşəkar və məsuliyyətli olmağa səsləyir.

    Humanitar kollecdə təhsil alan tələbələr ümidlidir. Bu ümidin adı gələcəkdir. Çünki hər bir tələbənin gələcəklə bağlı arzuları var. Müəllimlərimiz bizim elmi, mədəni dünyagörüşümüzün artırılması, Vətənə, millətə sədaqətli vətəndaş kimi formalaşmağımıza dəstək olurlar. Təhsil aldığım kollecdə qadınların elmi və mədəni gücü, əməyi və bacarığı yeni uğurlara doğru bizi ruhlandırır.

   Humanitar kollecdə həm elmi, həm də mədəni mühit kifayət qədər əlverişlidir. Bu mühiti formalaşdıran və onun inkişafına təkan verən kollec rəhbərliyi, müəllimlər və tələbələr Azərbaycan təhsilinin öncüllərdindən hesab olunur. Hər dərs tarixə və mədəniyyətə yeni baxış, yeni yanaşma kimi başa düşülür. Zəngin kitabxanası və peşəkar kollektivi ilə təhsilimizin inkişafına öz töhfəsini verən Humanitar kollecin tələbəsi olmaq sevindirici bir haldır. Kollecdə tədris olunan fənnlər kadr hazırlığı və hər bir tələbənin potensialının aşkarlanması üçün zəruridir. Bu zəruriyyət həm də yeni elmi biliklərin əldə olunmasına imkan yaradır.

    Bildiyimiz kimi gender siyasəti həyatın müxtəlif sahələrində qadın və kişilərin bərabərliyini özündə ehtiva edir. Ölkəmizdə gender tendensiyasının başlanmasının tarixi çox əvvələ gedir. Bu, özünü ilk növbədə XIX əsrin ortalarından başlayaraq qadınların savadlanması, sonra onların ictimai həyata xeyriyyəçi kimi qatılması ilə göstərib. Bütün müsəlman dünyasında qızlar üçün ilk dünyəvi məktəb 123 il əvvəl məhz Bakıda yaradılıb. Bu məktəbi açan Azərbaycanın xeyriyyəçi və maarifpərvər sahibkarları, ziyalılar başa düşürdülər ki, qızların təhsil alması çox vacibdir. Təhsilli qadın təhsilli millət, təhsilli nəsil deməkdir.

     Müsəlman Şərqində qadınların hüquqlarının tanındığı, onlara seçki hüququnun verildiyi ilk ölkə də məhz Azərbaycandır və biz bununla qürur duyuruq. Qadınsız heç bir cəmiyyəti, sosial təsisatı təsəvvür etmək mümkün deyil. Çünki qadın ailənin möhkəmliyini qoruyan, yeni nəsil böyüdən, tərbiyə edəndir. Qadın, ana, xanım – triadasının fəlsəfəsi bu rolun mahiyyətini açır. O da faktdır ki, uğurlu insanların həyatında bir savadlı xanım, ana mütləq vardır.

     Qızların təhsil alması cəmiyyətdə gender bərabərliyinin, qadınların iqtisadi iştirakçılığının təmin olunması və ölkənin bütün sahələrdə inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Milyonçu, mesenat, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyevin dediyi kimi, bir oğlana təhsil verməklə təhsilli bir insan, bir qıza təhsil verməklə təhsilli bir ailə qazanmış oluruq. Məhz bu düşüncənin fərqində olan H.Z.Tağıyev müsəlman Şərqində ilk qızlar məktəbini tikdirərək onların təhsil almasına yaratdığı imkanlarla əslində bir neçə nəslin təhsil almasına şərait yaratmışdı.

   Elmin müxtəlif sahələrində qadınların iştirakı özünəməxsus cəhətlərlə səciyyəlinir. Belə ki, qadın cəmiyyətin güzgüsü və sabahıdır. Təhsilli qadın, təhsilli gələcək deməkdir. Bu baxımdan cəmiyyətimiz üçün qadınların təhsil alması və müxtəlif sahələrdə fəaliyyət göstərməsi vacib amillərdən biridir.

   Humanitar kollecdə həm elmi, həm də mədəni mühit kifayət qədər əlverişlidir. Bu mühiti formalaşdıran və onun inkişafına təkan verən kollec rəhbərliyi, müəllimlər və tələbələr Azərbaycan təhsilinin öncüllərdindən hesab olunur.

   Tarixə ekskurs etsək, görərik ki, Azərbaycan qadını tarixin və cəmiyyətin inkişafının müxtəlif mərhələlərində fəal iştirak ediblər. Bu mənada adını tarixə yazdıran Azərbaycan qadınlarından bir neçəsinin adını çəkmək kifayətdir. Əhəminilər sülaləsinin qəddar hökmdarı Kiri məğlub edən, Türk dünyasının xanım hökmdarı Tomris xatun, şahları mat qoyan, gözəlliyi, istedadı, şeirləri ilə dillərdə dastan olan Məhsəti Gəncəvi, Atabəylər dövlətinin birinci xanımı, müdrik və uzaqgörən Möminə xatun, adı Azərbaycanın dövlətçilik tarixinə ilk xanım diplomat kimi düşmüş Sara xatun, xeyriyyəçi xanım, Təzəpir məscidini tikdirən Nabat Aşurbəyova, dövrünün məşhur şairlərindən olan Fatma xanım Kəminə (Aşıq Pəri), tarixçi alim Sara Aşurbəyli, ilk maarifçi qadınlardan biri, Bakıda ilk qız məktəbinin rəhbəri Hənifə Məlikova, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva. Bu siyahını  uzatmaq da olar. Əsas odur ki, adını tarixə yazdıran bu qadınlar fəth etdikləri zirvələrə ancaq elm və təhsilin, yüksək dünyagörüşünün sayəsində çıxa biliblər.

    Bu gün Azərbaycan təhsilinin inkişafında xidmətləri olan fədakar qadınlar dövlət və cəmiyyət tərəfindən rəğbətlə qarşılanır və yüksək qiymətləndirirlir. Bu rəğbətin və qiymətin dəyəri yoxdur.

 

Türkan Cəfərli

ADMİU-nin nəznində Humanitar kollecin I kurs tələbəsi