"Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat

"Azərbaycanda 10 il qabaq qəbul edilmiş elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb. Dövlət büdcəsində elm xərclərinin payı 0,5 %, təhsil xərclərinin payı isə 3,5 % təşkil edir".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.
Onun sözlərinə görə, strategiyada hədəf qoyulmuşdu ki, 2020-ci ilə qədər elmə ayrılan vəsait ÜDM-in 5-6 %-nə çatdırılsın, indi isə bu göstərici təxminən 2 dəfə aşağıdır:
"Eyni zamanda təhsil sahəsində çalışanların əməkhaqlarının ölkə üzrə orta maaşdan çox olması hədəflənirdi ki, hazırda bu göstərici də aşağıdır. Deməli, strategiyada qarşıya qoyulan hədəflər icra edilməyib".
Milli Məclis sədrinin birinci müavini, deputat Əli Əhmədov bildirib ki, həmkarı Əli Məsimlinin büdcənin icrası ilə bağlı səsləndirdiyi bir sıra təkliflərlə bağlı fikir mübadiləsi aparmaq olar: "Bir rəqəmi ola bilsin diqqətsizlik üzündən səhv səsləndirdi. Bu da Azərbaycanda büdcədən təhsilə ayrılan vəsaitlə əlaqədardır. Əli müəllim büdcənin 3,5 %-nin təhsilə ayrıldığını dedi. Ancaq bilirsiz ki, büdcənin 4,4 milyard manatı və ya 12 %-i təhsilə ayrılır. Sadəcə diqqətsizlik olmasın deyə, bunu bildirmək istədim".
Deputat Əli Məsimli cavab olaraq qeyd edib ki, büdcənin xərclərinin 13 %-ə yaxını təhsilə yönəldilib: "Mənim səsləndirdiyim 3,5 % büdcənin ÜDM-yə nisbəti məsələsidir. Ola bilər ki, bu texniki məsələdir. Büdcənin xərclərinin 0,5 %-i elmə yönəldilir, 13 %-ə qədəri təhsilə yönəldilir. Büdcədən elmə yönəldilən vəsait ÜDM-nin 0,16 %-i, təhsilə yönəldilən vəsait isə ÜDM-nin 3,5 %-i qədərdir. Bundan başqa, Azərbaycan elmə yönəldilən vəsitlərə görə, dünyanın 126 ölkəsi arasında 121-ci yeri tuturuq. Təhsilə ödənilən vəsaitə görə isə dünyanın 100 ölkəsi arasında 97-ci yeri tuturuq. Bu səbəbdən xərclərin artırılması istiqamətində proqramda göstərilən hədəflərə təhsildə 6-7 %-ə, elmdə isə ÜDM-nin 1 %-nə çatdırılması istiqamətində tədbirlər görülməlidir. Bunun magistral yolu cəmiyyət həyatının bütün sahələrində islahatlardan, o cümlədən, elm və təhsil sahəsində islahatlardan keçir".